Məhkəmə qərarları › İş №3(061)-355/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-355/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-355/2025 27.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X2 oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallara Tərtər Rayon Məhkəməsinin binasında 27 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2025-ci il tarixli, MN№ ******* saylı inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil izahatında bildirmişdir ki, doğrudur Şəxs 2019-2022-ci illərdə ayrı-ayrı vətəndaşlara müəyyən faiz müqabilində borca pul vermişdir. Lakin, bu fəaliyyət nəticəsində, o, gəlir əldə edə bilməmiş, əksinə zərər etmişdir. Bu səbəbdən fəaliyyətini dayandırmışdır. Nəin ki, gəlir əldə etmək, heç borc verdiyi əsas nəbləğləri geri ala bilmədiyi üçün ayrı-ayrı məhkəmələrdə iddia qaldırararaq verdiyi borcun qaytarılmasına dair qəətnamələr çıxarılmasına məcbur olmuşdur. Şəxs barəsində cinayət araşdırması aparılmış, əməlində cinayət tərkibi olmadığı üçün başlanmış cinayət işinin icraatına xitam verilmişdir. Hazırda Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə, yəni qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 47823,56 manat məbləğində gəlir əldə etmədə təqsirləndirilir. Həmin məbləğ vergi orqanı mütəxəssisinin xx.xx.2025-ci il tarixli mütəxəsssi rəyi əsasında hesablanmışdır. Hesab edir ki, vergi orqanının mütəxəssisi tərəfindən həyata keçirilmiş hesablaşma düzgün olmamaqla yanaşı, həm də Vergi Məcəlləsinin 36.1-ci maddəsinə uyğun deyildir. Bu barədə iş üzrə məhkəmənin qərarı ilə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3777 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyində də, yəni Vergi Məcəlləsində mütəxəssis tərəfindən vergilərin hesablanmasının nəzərdə tutulmaması və xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə Şəxs hesablanmış məbləğin qanunvericiliyin tələblərinə uyğun olmaması xüsusi qeyd edilmişdir. Bundan başqa həmin məhkəmə-mühasibatlıq ekspertizasının 9/3777 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən Şəxs barəsində inzibati xətaya dair icraatın başlanmasına əsas olmuş xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək iddia olunan qanunsuz sahibkarlıq fəaliyyəti ilə əlaqədar nə qədər gəlirin əldə edilməsinin müəyyən edilməsi mümkün olmamışdır. Şəxs təqsirləndiirildiyi Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin sanksiyasında isə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) məbləğinin dəqiq şəkildə müəyyən edilməsi mütləqdir. Hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilməz və onun barəsində olan hazırkı inzibati xataya dair işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, vəkilinin izahatı ilə razıdır və məhkəmədən barəsində olan inzibati xataya dair işin icraatına xitam verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 Saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 izahatında bildirmişdir ki, Şəxs qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 47823,56 manat məbləğində gəlir əldə etməsi barədə tərtib edilmiş mütəxəssis rəyi tamamilə doğrudur. Buna baxmayaraq iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatətin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxır. İşdə olan Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqqiqat idarəsinin 1-ci şöbəsinin müstəntiqi Zaur Köçəriyev tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 192-ci maddəsi ilə cinayət araşdırması aparılmış, əməlində cinayət tərkibi olmadığı üçün başlanmış cinayət işinin icraatına xitam verilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə tədbir görülməsi üçün toplanmış materialların 11 saylı Ərazi Vergilər Baş İdarəsinə gönndərilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Hüquq şöbəsinin rəisi Elnur Teymurov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN№ ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi Raqif Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, cinayət işinin materialları və Dövlət Vergi Xidmətinin baza məlumaatları əsasında araşdırma aparılarkən Şəxs 2021-2023-cü illər üzrə qanunsuz sahibkarlıq fəaliyyuəti nəticəsində əldə etdiyi gəlirin məbləğinin 47823,56 manat müəyyyən edilir və gəlirlərin illər üzrə əldə olunması vaxtı qeyri-müəyyən olduğundan sonuncu hesabat dövrü olan 2023-cü ilə aiddir. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 9/3777 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinin təsviri-əsaslandırıcı və nəticəvi hissəsindən görünür ki, Vergi Məcəlləsində (mad.36.1) mütəxəssis tərəfindən vergilərin hesablanması nəzərdə tutulmamışdır. Şəxs barəsində inzibati xətaya dair icraatın başlanmasına əsas olmuş xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək iddia olunan qanunsuz sahibkarlıq fəaliyyəti ilə əlaqədar nə qədər gəlirin əldə edilməsini müəyyən etməki mümkün olmadı. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə Şəxs hesablanmış gəir məbləğinin qanunvericiliyin tələblərinə uyğun olmaması müəyyən olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatlarından, tədqiq edilən iş materiallarından və məhkəmə prosesinin gedişində iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3777 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən müəyyən olundu ki, Şəxs 2019-2022-ci illərdə ayrı-ayrı vətəndaşlara müəyyən faiz müqabilində borca pul vermişdir. Lakin, bu fəaliyyət nəticəsində, o, gəlir əldə edə bilməmiş, əksinə zərər etmişdir. Bu səbəbdən 2023-cü ildən fəaliyyətini dayandırmışdır. O, borc verdiyi məbləğləri geri ala bilmədiyi üçün ayrıayrı məhkəmələrdə iddia qaldırararaq verdiyi borcun qaytarılmasına dair qətnamələr çıxarılmasına məcbur olmuşdur. Şəxs barəsində Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 192-ci maddəsi ilə cinayət araşdırması aparılmış, əməlində cinayət tərkibi olmadığı üçün başlanmış cinayət işinin icraatına xitam verilmiş və vergi müfəttişi Raqif Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə tədbir görülməsi üçün toplanmış materialların 11 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərar əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Hüquq şöbəsinin rəisi Elnur Teymurov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN№ ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3777 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən Vergi Məcəlləsində (mad.36.1) mütəxəssis tərəfindən vergilərin hesablanması nəzərdə tutulmadığı, Şəxs barəsində inzibati xətaya dair icraatın başlanmasına əsas olmuş xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək iddia olunan qanunsuz sahibkarlıq fəaliyyəti ilə əlaqədar nə qədər gəlirin əldə edilməsini müəyyən etməyin mümkün olmadığı, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə Şəxs hesablanmış gəir məbləğinin qanunvericiliyin tələblərinə uyğun olmaması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinə görə dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə təqsirkar şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Göründüyü kimi Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin sanksiyasına əsasən inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) məbləğinin dəqiq şəkildə müəyyən edilməsi mütləqdir. Lakin, məhkəmə araşdırması zamanı Şəxs barəsində inzibati xətaya dair icraatın başlanmasına əsas olmuş xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək iddia olunan qanunsuz sahibkarlıq fəaliyyəti ilə əlaqədar nə qədər gəlirin əldə edilməsi məhkəmə-mühasibatlıq ekspertizasının 9/3777 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən müəyyən etmək mümkün olmamışdır. Məhkəmə həmçinin qeyd etməyi lazım bilir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN№ ******* saylı inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş əsas sənəd olan xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi isə qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də həmin inzibati xəta haqqında protokol qanuni hesab edilə bilməz. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin İ-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işüzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qaydada olaraq “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edəni üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslışübhələr yaratmayan” sübut standartlarını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. (Avşar Türkiyəyə qarşı” işüzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı№25657/94 § 282) İnsan Hüquqlarıüzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” işüzrə 06 mart 2008ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslışübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda adı çəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs hərəkətində inzibati xəta tərkibinin olması sübut olunmadığından barəsində Azərbaycan Respublikası İXMnin 398-ci-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114.1.4, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(061)-355/2025 saylı işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar