Məhkəmə qərarları › İş №3(061)-462/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-462/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-462/2025 22.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Maya Vahid qızının sədrliyi, Hacıyev Ramin Firidun oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə, X2 Cəbrayıl Rayon Polis şöbəsinin DYPX-nin mayoru Zaur Qurbanov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı və 20 iyun 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə, maşınının Cəbrayıl Rayon Polis şöbəsinin DYPX-nin duracagına aparılmasının qanunsuz hesab edilməsi, onu qanunsuz saxladığı və qanunsuz olaraq barəsində İXP tərtib etdiyi Cəbrayıl Rayon Polis şöbəsinin DYPX-nin mayoru Zaur Qurbanovun Azərbaycan Respublikası CM-nin 308-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Cəbrayıl Rayon Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı və 20 iyun 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında inzibati qərarların ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, maşınının Cəbrayıl Rayon Polis şöbəsinin DYPX-nin duracagına aparılmasının qanunsuz hesab edilməsi, onu qanunsuz saxladığı və qanunsuz olaraq barəsində İXP tərtib etdiyi Cəbrayıl Rayon Polis şöbəsinin DYPX-nin mayoru Zaur Qurbanovun Azərbaycan Respublikası CM-nin 308-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 19 iyun 2025-ci il tarixdə saat 16 radələrində özünə məxsus Mersedes Ateko xüsusi təyinatlı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobillə Cəbrayıl rayonu, Dostluq bulağının yanından keçərkən Cəbrayıl Rayon Polis şöbəsinin DYPX-nin mayoru Zaur Qurbanov ona saxla əmri vermişdir. O da saxla işarəsinə riayət edərək, avtomobilini yolun kənarına verib saxlamışdır. Cəbrayıl Rayon Polis şöbəsinin DYPX-nin mayoru Zaur Qurbanov ona yaxınlaşaraq sənədlərini istəmiş, o da öz növbəsində onun nə səbəbə saxlanıldığını soruşanda, Zaur Qurbanov ona sistemdə Atekonun portlu olmasının görsənmədiyini bildirmişdir. O da etiraz edərək texniki pasportunu göstərsə də, Zaur Qurbanov buna əhəmiyyət verməmiş, maşınını qanunsuz olaraq DYP xidmətinin duracagına aparılmasına göstəriş vermiş və dediyinə görə orada protokol tərtib etmişdir. O Zaur Qurbanov tərəfindən tərtib edilmiş protokola imza etməmiş, çünki həmin vaxtı protokolu görməmişdir. Bundan başqa Cəbrayıl Rayon Polis şöbəsinin DYPX-nin mayoru Zaur Qurbanov tərəfindən tərtib edilmiş 15 may 2025-ci il tarixli, inzibati xəta haqqında İXP ******* və 20 iyun 2025-ci il tarixli İXP ******* nömrəli protokolları tərtib edərkən protokollarda iş üzrə icraat aparılan şəxs kimi onun fərdi identifikasiya nömrəsi göstərilməmiş, onun izahatı qeyd edilməmiş, ona hüquq və vəzifələri izah edilməməklə və bu barədə protokolda müvafiq qeyd aparılmamaqla, protokolun surətini dərhal verməməklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kimi protokolu imzalamaqdan imtina etdiyi barədə protkolda müvafiq qeydlər aparmağa və izahatlar yazmağa və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etməyə, habelə protokolu imzalamaqdan imtina etməyinin səbəblərini göstərməyə imkan verməməklə, inzibati xəta haqqında protokolu inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra etməməklə İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati protokolu tərtib etmiş Daxili İşlər Nazirliyinin Cəbrayıl Rayon Polis şöbəsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında üzrlü səbəb göstərmədən nümayəndəsi iştirak etməmişdir. X1 məhkəmə iclasında şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, X4 İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 manat məbləğində cərimə edilmişdir. 20 iyun 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, X4 İXM-in 342.5 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməlidir. Çünki X1nun inzibati xəta törətməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, onun inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməkdən ibarətdir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsi Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarından ibarətdir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsi- 342.2. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması, yəni: 342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsindən ibarətdir. Məhkəmənin sorğusuna əsasən inzibai xətanın baş verdiyini əks etdirən foto və video görüntülər, həmçinin sənədlər tələb edilsə də, məhkəmənin sorğusuna cavab verilməmişdir. Sadalanan qanunvericilik normalarına əsasən işin faktiki hallarından göründüyü kimi X4 inzibati xəta hadisəsi törətməsini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, bununla da X4 tərəfindən hansı inzibati xətanın törədilməsi və inzibati xətanın törədilməsində onun təqsiri sübuta yetirilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Cəbrayıl Rayon Polis şöbəsinin DYPX-nin mayoru Zaur Qurbanov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı və 20 iyun 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilməlidir. İşin xüsusi ilə mühum əhəmiyyətli halı ondan ibarətdir ki, Azərbaycan Respublikası İXM-in 53-cü maddəsi başlanılmış inzibati icraata xitam vermənin əsaslarını sadalayarkən inzibati xəta hadisəsinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrinin zəruriliyini tələb etmiş, inzibati xəta xüsusi texniki vasitənin köməkliyi olmadan qeydə alındıqda isə ona xitam vermənin əsaslarını özündə ehtiva etmişdir. xx.xx.2025-ci il tarixli, TP ******* saylı və 20 iyun 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara nəzər yetirildikdə isə qərarda inzibatı xətanın xüsusi texniki vasitənin köməkliyi ilə müəyyən edildiyi qeyd edilsə də həmin xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer qeyd edilməmişdir. Azərbaycan Respublikası İXM- in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X4 tərəfindən inzibati xətanın törədilməsi və təqsiri sübuta yetirilmədiyindən onun barəsində Cəbrayıl Rayon Polis şöbəsinin DYPX-nin mayoru Zaur Qurbanov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı və 20 iyun 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilməli və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. X4 barəsində Cəbrayıl Rayon Polis şöbəsinin DYPX-nin mayoru Zaur Qurbanov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı və 20 iyun 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4, 342.5, 342.2.2-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Maya Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar