Məhkəmə qərarları › İş №3(061)-589/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-589/2025

23.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-589/2025 23.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X6 katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Tərtər şəhəri, N.Nərimanov küçəsi, ev 16-da yaşayan Şəxs barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində Tərtər şəhəri, Bazarın qarşısı deyilən yerdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində daxil olmuş DİN-nin 102 məlumatı əsasında digər polis əməkdaşı Cəmil Zamanlı ilə birlikdə Tərtər rayon bazarının qarşısında yerləşən məişət evinin qarşısına getmiş, orada şəxsiyyəti sonradan məlum olan Şəxs sərxoş halda X4 ilə mübahisə edərək nalayiq ifadələr işlətdiyini görmüşdür. Dəfələrlə nizam-intizama dəvət etsələr də, Şəxs onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də onu məcburi şəkildə Tərtər rayon polis şöbəsinə gətirmişlər. İzahatı alındıqdan sonra barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs protokolla tanış olmuş, heç bir qeyd vermədən həmin protokolu imzalamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs qismində dindirilən Şəxs izahatında bildirmişdir ki, Tərtər şəhəri, Bazarın qarşısı deyilən yerdə Məişət Evinin binasında yerləşən çayxananı işlədir. xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində Məsudə adlı şəxsin həmin çayxananın qarşısında stol qoyub ayaqqabı təmiri ilə məşğul olan şəxsə köməklik etdiyini görüb onlara yaxınlaşaraq işlətdiyi çayxananın qarşısında fəaliyyət göstərməmələrini bildirdikdə aralarında mübahisə olmuş və mübahisə zamanı Məsudəni söyüb təhqir etmişdir. Məsudənin şikayəti əsasında polis əməkdaşları hadisə yerinə gələrək onu nizam-intizama dəvət etmişlər. Lakin, o, həmin vaxt polis əməkdaşlarına əhəmiyyət verməmiş və mübahisəni davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onu Tərtər rayon Polis Şöbəsinə dəvət etmişlər. O, Tərtər rayon Polis Şöbəsinə getməkdən imtina etmiş və polis əməkdaşları ilə aqressiv şəkildə davranmışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də onların qanuni tələbinə tabe olmamışdır. Ona görə də məcburi şəkildə Tərtər rayon Polis Şöbəsinə gətirilərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində daxil olmuş DİN-nin 102 məlumatı əsasında digər polis əməkdaşı Mirmehrab Əlizadə ilə birlikdə Tərtər rayon bazarının qarşısında yerləşən məişət evinin qarşısına getmiş, orada şəxsiyyəti sonradan məlum olan Şəxs sərxoş halda X4 ilə mübahisə edərək nalayiq ifadələr işlətdiyini görmüşdür. Dəfələrlə nizam-intizama dəvət etsələr də, Şəxs onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də onu məcburi şəkildə Tərtər rayon polis şöbəsinə gətirmişlər. İzahatı alındıqdan sonra barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında bildirmişdir ki, xadimə işləyir. xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində Tərtər şəhəri, Bazarın qarşısı deyilən yerdə Məişət Evinin binasında yerləşən çayxananın qabağında işini görərkən Şəxs sərxoş halda onunla mübahisə edərək təhqir etmişdir. Bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və az sonra polis əməkdaşları hadisə yerinə gələrək Şəxs Tərtər rayon Polis Şöbəsinə aparmışlar. İşdə olan Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində Tərtər şəhəri, Bazarın qarşısı deyilən yerdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. O, həmin protokolla razılaşaraq heç bir qeyd vermədən həmin protokolu imzalamışdır. Onun əməli Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan “inzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:11-də tutulmuşdur. İşdə olan “inzibati xəta haqqında iş üzrə” 3(061)-568/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətə inzibati həbs olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, inzibati xəta törətmiş şəxsin və şahidin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində Tərtər şəhəri, Bazarın qarşısı deyilən yerdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, Şəxs əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə töfsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə iilə tövsif edir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs peşimanlı hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi, onun il ərzində eyni əmələ görə inzibati tənbeh tədbirinə məruz qalmasına baxmayaraq eyni xətanı təkrar törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş materallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Şəxs ona istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilən özünün izahatı ilə yanaşı, şahidin zahatı və barəsində tərtib edilən inzibati xəta haqqında protokol və işin digər materiallarının məcmusu ilə tam sübuta yetirilmişdir. Ona görə də Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs yuxarıda qeyd edilən qanuna zidd əməllərini nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə inzibati həbs etmənin əvvəli məsələsini müzakirə edərək hesab edir ki, Şəxs inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokola əsasən xx.xx.2025-ci il tarixdə saat 20:11-də tutulduğundan inzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il saat 20:11dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 12 (on iki) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli inzibati qaydada tutulduğu xx.xx.2025-ci il tarixdən saat 20:11-dən hesablansın. Qərarın icrası Tərtər rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. HAKİM: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar