Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-622/2025 14.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiallara Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi xx.xx.2025-cİ il tarixli, № 00900-00287/25 saylı inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC və inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə lazımı qaydada məlumat verilsə də, onların nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə Şəxs MMC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Yevlax Gömrük Postunun əməkdaşı X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3-33-1600/019/003084 nömrəli Raportdan görünür ki, 27 BBJ 853 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə idxal edilmiş “Günəbaxan tumu”na dair Şəxs MMC Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada malları gömrük ərazisinə gətirməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin təqdim edilmədiyi barədə X3 məlumat verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli 3-33-1600/2-001013/2025 saylı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli 3-33-1600/019/003084 nömrəli Raport əsasında aparılan araşdırma ilə bağlı Şəxs MMC-nin nümayəndəsinin xx.xx.2025-ci il tarixdə saat 11:00-da X3 gəlməsini tələb edilmişdir. İşdə olan poçt göndərişlərinə dair reyestrdən görünür ki, Şəxs MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli 3-33-1600/2-001013/2025 saylı məktub xx.xx.2025-ci il tarixdə poçta təqdim olunmuşdur. (Həmin məktubun Şəxs MMC-yə çatmasına dair sübut iş materiallarına əlavə edilməmişdir). İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli № 00900-00287/25 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardaddan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icaraata başlanılaraq inzibati araşdırılma aparılmışdır. (İş materiallarından görünür ki, barəsində inzibati xətaya dair icraat aparılmış Şəxs MMC-nin aparılmış icraatda iştirakı təmin edilməmişddir). İşdə olan xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, həmin tarixdə “Qırmızı Körpü” gömrük postundan keçməklə Şəxs MMC-nin ümvanına 27BBJ855/27BBJ853 nömrə nişanlı nəqliyyat vasitəsilə daşınaraq gələn “Boz rəngli ağ zolaqlı günəbaxan tumu” yükünə dair gömrük bəyənnaməsi tərtib edilmişdir. İşdə olan Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı R.Abdsalamov tərəfindən tərtib edilmiş xx.xx.2025-cİ il tarixli, № 00900-00287/25 inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə “Qırmızı Körpü” gömrük postundan keçməklə Şəxs MMC-nin ümvanına 27BBJ855/27BBJ853 nömrə nişanlı nəqliyyat vasitəsilə daşınaraq gələn “Boz rəngli ağ zolaqlı günəbaxan tumu” yükünə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsi elektron formada tərtib edilib göndərilmədiyi aşkar olunmuşdur. Şəxs MMC-nin əməli Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan Şəxs MMC-nin direktoru C.Məlikli tərəfindən xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə məhkəməyə elektron qaydada göndərilən etiraz ərizələrindən görünür ki, yuxarıda sözügedən mallara dair qısa idxal bəyannaməsi tərəflərindən qanunvericiliyə uyğun olaraq elektron qaydada təqdim olunmuşdur. Həmin vaxt nasazlıla bağlı yaranmış texniki xətaya dair onlara elektron sistem tərəfindən hər hansı bildiriş gəlməmiş, nə də ekranda bu barədə məlumat əks olunmuşdur. Bu səbəbdən də, tərəflərindən hər hansı səhlənkarlığa və ya qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər, həmin Məcəllənin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Göstərilənlər nəzərə alınmaqla hesab edir ki, barələrində inzibati xəta tərkibi mövcud deyildir və bu səbəbdən inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan Tərtər Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə xx.xx.2025-ci il tarixli məktub ünvanlanaraq iş materiallarına əlavə etdikləri xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsinin onlara vaxtında çatdırılmamasına dair sübutları məhkəməyə təqdim etmələri və nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmələri xahiş olunsa da, nə sörğya cavab verilməmiş, nə də ki nümayəndəəri məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilən iş materiallarından müəyyən olundu ki, xx.xx.2025-ci il tarixdə “Qırmızı Körpü” gömrük postundan keçməklə Şəxs MMC-nin ümvanına 27BBJ855/27BBJ853 nömrə nişanlı nəqliyyat vasitəsilə daşınaraq gələn “Boz rəngli ağ zolaqlı günəbaxan tumu” yükünə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin elektron formada tərtib edilib göndərilmədiyi əsası ilə Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı R.Abdsalamov tərəfindən Şəxs MMC barəsində xx.xx.2025-cİ il tarixli, № 00900-00287/25 inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin inzibati xəta haqqında protokol baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə prosesinin gedişində Şəxs MMC-nin direktoru C.Məlikli xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə məhkəməyə elektron qaydada göndərilən etiraz ərizələri göndərərək yuxarıda sözügedən mallara dair qısa idxal bəyannaməsinin tərəflərindən qanunvericiliyə uyğun olaraq elektron qaydada vaxtında təqdim olunduğunu, bəyannamənin çatmamasına dair elektron sistem tərəfindən hər hansı bildirişin gəlmədiyi və ya ekranda bu barədə məlumatın əks olunmadığını, onlar tərəfindən hər hansı səhlənkarlığa və ya qanun pozuntusuna yol verilmədiyini və hərəkətlərində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs MMC barəssində inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesinin gedişində Tərtər Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə xx.xx.2025-ci il tarixli məktub ünvanlanaraq iş materiallarına əlavə etdikləri xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsinin onlara vaxtında çatdırılmamasına dair sübutları məhkəməyə təqdim etmələri və nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmələri xahiş olunsa da, onlar tərəfindən nə sörğya cavab verilməmiş, nə də ki, nümayəndəərinin məhkəmə iclasında iştirak təmin edilməmişdir.. Məhkəmə tədqiq edilən iş materiallarına məcmu halında qiymət verərək qeyd etməyi lazım bilir ki, Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı R.Abdsalamov tərəfindən xx.xx.2025-cİ il tarixli, № 00900-00287/25 inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin iştirakı təmin edilməmiş, Şəxs MMC-nin nümayəndəsi sözügedən inzibati xəta haqqında protokolu imzalamamış, məhkəmə prosesinin gedişində isə yazılı etirazını göndərərək sözügedən inzibati xəta haqqında protokolla razılaşmamışdır. Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək və s. hüquqları vardır. Həmin Məcəllənin 61.3-cü maddəsinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Yuxarıda müəyyən olunduğu kimi Gəncə Gömrük İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun məzmunundan xx.xx.2025-ci il tarixli 3-33-1600/019/003084 nömrəli Raport əsasında aparılan araşdırma ilə bağlı Şəxs MMC-nin nümayəndəsinin xx.xx.2025-ci il tarixdə saat 11:00-da X3 gəlməli olması göstərilsə də, həmin məktubun sonuncuya çatmasına dair hər hansı bir sübut (xəbərnaməli poçt qəbzi) təqdim olunmuş materiala əsasən müəyyən olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sözügedən inzibati xəta haqqında araşdırma aparılarkən və sözügedən inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan hüquqları və nəticə etibarı ilə müdafiə hququ pozilmuşdur. Müdafiə hüquqlarının pozulması ilə tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni hesab edilə bilməz. Bundan başqa məhkəmə yuxarıda şərh edilənlərə əsasən həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin İ-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işüzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qaydada olaraq “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edəni üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslışübhələr yaratmayan” sübut standartlarını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. (Avşar Türkiyəyə qarşı” işüzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı№25657/94 § 282) İnsan Hüquqlarıüzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” işüzrə 06 mart 2008ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslışübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda adı çəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin hərəkətində inzibati xəta tərkibinin olması sübut olunmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114.1.4, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(061)-622/2025 saylı işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №3(061)-622/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-622/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver