Məhkəmə qərarları › İş №3(061)-656/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-656/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-656/2025 03.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs (tələbkar) X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Tərtər rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, tələbkar sənədsiz evə iddia edib. Evi öz atası tikmişdir və orada özü iki övladı ilə qalır. 20.000 manat pul verməyə imkanı yoxdur. Məhkəmə qətnaməsi əsasında borclu olduğu məbləğin ödəməməsinin səbəbi maddi imkanının olmamasıdır. Belə ki, həmin borc evlə bağlı olduğundan hazırda tələbkarın gəlib həmin evdə onunla heç bir işi olmaması şərtilə yaşamasına etirazı yoxdur. Əks təqdirdə həmin borcu gələcəkdə hissə-hissə yəni hər ay 40(qırx) manat olmaq şərtilə ödəyə bilər. Məhkəmə tərəfindən vaxt verilərsə belə ödəniş edə bilməyəcəkdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X3 izahatında bildirmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən birgə nikah dövründə tikilmiş evin tikintisi ilə əlaqədar çəkilmiş xərcə görə 20.000 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat pulun borclu Şəxs alınaraq ona verilməsi qət edilmişdir. Lakin, borclu ödənişi etmir. İcra sənədi üzrə borclu Şəxs hazırki məhkəmə iclasında onun başa düşdüyünə görə 20100 manat borc məbləğini onun gedib həmin evdə yaşaması ilə əvəzləşdirmək istəyir. Borclunun bu təklifinə qətiyən razı deyil, çünki dəfələrlə gedib həmin evdə yaşamaq istədiyini bildirəndə onu həmin evdən qovmuş və ondan şikayətlər etmişlər. Ona görə də məhkəmədən borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahatında bildirmişdir ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs evin tikintisi ilə əlaqədar çəkilmiş xərcə görə 20.000 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat pulun alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. İcra vərəqəsi Tərtər rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və həmin icra vərəqəsi əsasında icra işi başlanmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmiş və yazılı izahat verərək nə indi, nə də ki, gələcəkdə həmin məbləği ödəməyəcəyini bildirmişdir. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də borclu Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir və məhkəmədən onun törətdiyi inzibati xətaya görə məsuliyyətə cəlb edilməsini xahiş edir. İşdə olan 2(061)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahı dövründə tikilmiş, Tərtər rayonunun Yuxarı Sarıcalı kəndində yerləşən fərdi yaşayış evinin tikintisinə görə çəkilmiş 40.000 manat xərcin yarısının, yəni 20.000 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat pulun borclu Şəxs alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. İşdə olan “icraata başlama haqqında” xx.xx.2025-ci il tarixli qərarın təsdiq olunmuş surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında Tərtər rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli bildirişin təsdiq olunmuş surətindən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs borcun könüllü ödənişi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə barəsində qanuna müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs həmin protokolla tanış olaraq imzalamışdır. İşdə olan borclu Şəxs tərəfindən Tərtər rayon İcra və Probasiya Şöbəsində yazılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci tarixli yazılı izahatların təsdiq edilmiş surətlərindən görünür ki, o, 20.000 manat pulu ödəməyə imkanını olmadığından ödəniş etməmiş, sonuncu izahatında isə göstərmişdir ki, Həmin borcun əvəzində tələbkara həmin evdə yaşayış hüququnun verilməsini istəməsini qeyd etmişdir. İşdə olan Tərtər Rayon Məhkəməsinin 3(061)-463/2025 saylı, 03 iyul 2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Reüspublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500(beş yüz) manat məbləğində “cərimə” inzibati tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı icra məmurunun, zərərçəkmiş şəxsin (tələbkarın) və inzibati xəta törətmiş şəxsin izahatlarından, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs Tərtər Rayon Məhkəməsinin 2(061)- 16/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinbə görə: fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə pozuntunutörədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, Şəxs əməli icra məmuru tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə töfsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs himayəsində iki nəfər yerkinlik yaşına çatmayan uşaqlarının olmasını məsuliyyətinin yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarını və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Şəxs Tərtər Rayon Məhkəməsinin 2(061)- 16/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmrunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törədən şəxsin qadın olmasını, himayəsində iki nəfər yerkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs inzibati tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab etmir. Məhkəmə ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsini qanunauyğun olmaqla bərabər, həm də şəxsiyyətinə uyğun hesab edir. Ona görə də ona cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1000 (bir min) manat məbləğində “cərimə” inzibati tənbehi tətbiq edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar