Məhkəmə qərarları › İş №3(061)-79/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-79/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-79/2025 24.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X5 qızının katibliyi, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 24 fevral 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs Tərtər SMSİİnin balansında olan Tərtər rayon Qarağacı kəndində yerləşən T-198 reper nömrəli subatezan quyusunun 18 metr cərəyandaşıyıcı kabelini kəsib oğurlamaqla xırda talamada təqsirləndirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Tərtər rayon Seydimli kəndində yaşayır. Heç bir yerdə işləmir. Maddi vəziyyəti çətin olduğundan X2 İdarəsinin balansında olan Tərtər rayon Qarağacı kəndində yerləşən subartezian quyusuna aid cərəyan kabellərini oğurlamaq qərarına gəlmişdir. 02 yanvar 2025-ci il tarixdə T-198 reper nömrəli subartezian quyusundan 18 metr uğunluğunda kabeli kəsərək oğurlamış və yandırıb misə çevirərək satmışdır. Hazırda əməlindən peşmandır. Zərərçəmiş hüquqi şəxsə dəymiş ziyanı ödəmişdir. Zərərçəmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Ona görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirmişdir ki, 02 yanvar 2025-ci il tarixdə X2 İdarəsinin balansında olan Tərtər rayon Qarağacı kəndində yerləşən T-198 reper nömrəli subartezian quyusuna aid 18 metr uzunluğunda cərəyandaşıyıcı kabeli kəsərək oğurlanmışdır. Bu barədə Tərtər rayon Polis Şöbəsinə müraciət edilmiş, aparılan araşdırma nəticəsində oğurluğu Tərtər rayonu Seydimli kənd sakini Şəxs tərəfindən edildiyi müəyyən edilmişdir. Lakin əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilərək, Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək əməli Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif edilmişdir.Şəxs atası tərəfindən VPP 25MM markalı, 18 metr cərəyandaşıyıcı kabel alınaraq Tərtər SMSİİ-yə təhvil verilməklə dəymiş ziyan ödənilmişdir. Ona görə də ona qarşı heç bir şikayət və tələbləri yoxdur. İşdə olan HK-1/13 nömrəli material üzrə Tərtər rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı Hüseyn Süleymanov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Tərtər rayon Qarağacı kəndində yerləşən subartezian quyusuna aid kabellərin kəsilib oğurlanması ilə əlaqədar aparılan araşdırma zamanı T-198 reper nömrəli subartezian quyusundan 18 metr elektrik naqilinin kəsilərək oğurlandığı müəyyən olunmuş, material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və naməlum şəxs və ya şəxslərin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğu üçün həmin şəxs və ya şəxslərin müəyyən edilib barələrində tədbir görülməsi üçün toplanmış materialın Tərtər rayon Polis Şöbəsinin İTB və ya CAB-a həvalə edilməsi qərara alınmışdır. İşdə olan Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Bayram İsrəfilov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Tərtər rayon Qarağacı kəndində yerləşən subartezian quyusuna aid kabellərin kəsilib oğurlanması ilə əlaqədar Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif edilmiş, Şəxs həmin protokolla tanış olmuş və protokolu imzalamışdır. İşdə olan zərərçəkmiş şəxs X2 İdarəsinin rəisi M.Zeynalov tərəfindən məhkəməyə ünvanlanmış 79 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Tərtər SMSSİ-nin balansında olan T-198 reper nömrəli subartezian quyusundan oğurlanmış 18 m cərəyan kabeli əvəzinə Şəxs atası tərəfində yenisi alınmış, alınmış kabellər T-198 reper nömrəli subartezian quyusuna quraşdırılmış və subartezian quyusu işlək vəziyyətə gətilimişdir. Ona görə də Şəxs qarşı şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin yuxarıda qeyd digər materialları ilə müəyyən olundu ki, Şəxs 02 yanvar 2025-ci il tarixdə Tərtər rayon Qapanlı kəndi ərazisində T-198 reper nömrəli subartezian quyusundan 18 metr uğunluğunda cərəyan kabelini kəsib oğurlamaqla xırda talama etmişdir. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı həmçinin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatından və zərərçəkmiş şəxs X2 İdarəsinin rəisi M.Zeynalov tərəfindən məhkəməyə ünvanlanmış 79 saylı, xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunmuşdur ki, Tərtər SMSİİ-in balansında olan T-198 reper nömrəli subartezian quyusundan 18 m cərəyan kabellərinin oğurlanması nəticəsində dəymiş zərərin ödənilməsi təmin olunmuşdur. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, Şəxs əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə töfsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə xəta törətmiş şəxslər yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, zərərçəkmiş hüquqi şəxs X7 Sistemləri İstismarı İdarəsinə dəymiş ziyan ödənildiyindən və zərərçəkmiş şəxsin Şəxs qarşı şikayət və tələbi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(061)-79/2025 saylı işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar