Məhkəmə qərarları › İş №3(061)-793/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-793/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-793/2025 20.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X3 katibliyi, Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Tərtər rayon Səhləbad kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Tərtər rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiallara Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 20 noyabr 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10510/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X6 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat, cəmi 308 manat məbləğində alimentin tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir. İcra sənədi Tərtər rayon icra şöbəsinə daxil olmuş və müvafiq olaraq xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədinin könüllü icrası ilə bağlı borcluya xəbərdarlıq göndərilmiş, lakin borclu icra sənədinin icrasını təmin etməmişdir. Borclunun hal hazırda 16848 manat aliment borcu yaranmışdır. Tələb edilsə də, borclu icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Borclu icra sənədinin icrası ilə bağlı ödənişlərdən boyun qaçırır. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də borclu barəsində xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Ona görə də məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs bildirmişdir ki, heç yerdə işləmir, on ilə yaxındır ki, kirayədə yaşayır. İmkanı olduğu qədər aliment ödənişlərini edir. Buna baxmayaraq hazırda 16848 manat aliment borcu yaranmışdır. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10510/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, Şəxs xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X6 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat, cəmi 308 manat məbləğində alimentin tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir. İşdə olan “icraata başlama haqqında” xx.xx.2019-cu il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10510/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi əsasında Tərtər rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli bildirişin təsdiq olunmuş surətindən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs borcun könüllü ödənişi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə barəsində qanuna müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan “borclunun axtarışı haqqında” xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli qərarların təsdiq olunmuş surətindən görünür ki, borclu Şəxs icra məmurunun çağrışlarına gəlmədiyi üçün barəsində axtarış elan olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10510/2018 saylı, xx.xx.2018-ci il tarixli icra ssənədi üzrə icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmurunun tərəfindən müəyyən edilmiş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatlarından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10510/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 10510/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsi ilə əlaqədar icra məmrunun qanuni tələblərinin yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130, 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə «həbs» inzibati tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından həbsə alınsın, həbsin əvvəli 20 noyabr 2025-ci il tarixdən saat 15:57-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tahir Qubadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar