Məhkəmə qərarları › İş №3(061)-871/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-871/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-871/2025 08.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X11 oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqlnda icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Tərtər şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 06-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində Tərtər şəhəri, Babək küçəsində polisin qanuni tələbinə tabe olmamaqda təqsirləndirilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokol baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahatında bildirmişdir ki, Tərtər RPŞ-nin PPXB-nin polis nəfəri X9 rayonu ərazisində xidmətdə olan zaman Şəxs polisə müqavimətlə saxlayıb Tərtər rayon Polis Şöbəsinə gətirərək Şöbənin rəhbərliyinə raportla müraciət edərək, barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Həmin raport əsasında Şəxs barəsində xx.xx.2025ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs qismində dindirilən Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, Tərtər şəhəri ərazisində yerləşən, atasına məxsus “Aristokrat” çay evini əvvəllər özü işlətmişdir. xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində həmin obyektə baş çəkməyə gedərkən keçmiş işçisi olan Şəhanə adlı qadının obyektin qarşısında sərxoş halda səs-küy saldığını görmüşdür. Onu sakitləşdirmək istəmişdir. Lakin Şəhanə sərxoş olduğundan sakitləşməmişdir. Bu səbəbdən qonşular tərəfindən DİN 102 xidmətinə məlumat verilmiş və məlumat əsasında post patrul xidmətinin əməkdaşları həmin yerə yaxınlaşaraq polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, da polisin tələbinə tabesizlik göstərmədən post patrul maşınına əyləşərək polislərlə birlikdə Tərtər rayon Polis Şöbəsinə getmişdir. Orada izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolla razılaşmadığı üçün imzalamamışdır. Bir daha məhkəmənin diqqətinə çatdırır ki, polisə heç bir tabesizlik göstərməmişdir. “Aristokrat” çay evinin özünə məxsus təhlükəsizlik kamerası vardır. Hadisənin gedişatı kameraya düşmüşdür. Videogörüntünü məhkəməyə təqdim edə bilər. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında bildirmişdir ki, Tərtər RPŞnin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 22:20 radələrinddə polis nəfəri Ayburan Novruzovla birlikdə Tərtər şəhəri ərazisində xidmətdə olan zaman rabitə vasitəsilə daxil olan məlumata əsasən Tərtər şəhəri ərazisində yerləşən “Aristokrat” çay evinin qarşısına getmiş və orada Samirlə biri qadın arasında mübahisə olduğunu görmüşlər. Onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra izahatlarının alınması üçün Tərtər rayon Polis Şöbəsinə dəvət etdikdə onlar Şöbəyə getməkdən imtina etmişlər. Buna baxmayaraq onları Tərtər rayon Polis Şöbəsinə aparmışlar. Şəxsiyyəti sonradan məlum olan qadın - Şəhanə sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında bildirmişdir ki, Tərtər RPŞnin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 22:20 radələrinddə polis nəfəri Yasən Məmmədovla birlikdə Tərtər şəhəri ərazisində xidmətdə olan zaman rabitə vasitəsilə daxil olan məlumata əsasən Tərtər şəhəri ərazisində yerləşən “Aristokrat” çay evinin qarşısına getmiş və orada Samirlə biri qadın arasında mübahisə olduğunu görmüşlər. Onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra izahatlarının alınması üçün iki dəfə Tərtər rayon Polis Şöbəsinə dəvət etdikdə onlar Şöbəyə getməkdən imtina etmişlər. Üçüncü dəfə dedikdə onlar maşına əyləşdilər və bundan sonra onları Tərtər rayon Polis Şöbəsinə gətirmişlər. Şəxsiyyəti sonradan məlum olan qadın - Şəhanə sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında bildirmişdir ki, xx.xx.2025cil tarixdə saat 22:15 radələrində qardaşgildən gələrkən Samirə məxsus olan “Aristokrat” çay evinin qarşısında sərxoş halda bir qadının səs-küy saldığını görüb Samirə zəng etmişdir. Samir gəldikdən sonra qadını sakitləşdirmək istəmiş və hhəmin vaxt post patrul xidmətinin əməkdaşları ora yaxınlaşmışdır. Qadın sərxoş vəziyyətdə olsa da, Samir içkili olmamışdır. Polis əməkdaşları Samiri polis şöbəsinə dəvət etdikdə, o, heç bir müqavimət göstərmədən post patrul avtomobilinə əyləşərək Polis Şöbəsinə getmişdir. Samir polisə qarşı heç bir müqavimət və tabesizlik göstərməmişdir. İşdə olan Tərtər Rayon Məhkəməsinin 3(061)-745/2025 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarının təsdiq olunmuş surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törətməkdə təqsirli bilinmiş və barəsində 08 gün müddətinə həbs inzibati tənbehi tətbiq edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Şəxs tərəfindən məhkəmə iclasında təqdim olunmuş DİSK-ə baxış zamanı müəyyən olunmuşdur ki, o, heç kimlə mübahisə etmir, aralaşaqraq kənarda tək dayanmışdır, bir müddət sonra hadisə yerinə PPX-nin avtomobili (sayrışan işıqlar görünür) və polislər gəlir, polislər Şəxs yaxınlaşır və o, heç bir müqavimət göstərmədən sakit tərzdə polisin yanına düşərək polislə bərabər sayrışan işıqlar gələn tərəfə gedir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə baxışı zamanı proses iştirakçılarının izahatlarından müəyyən olundu ki, barəsində inzibati xəta haqqındla icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində Tərtər şəhəri, Babək küçəsində polisin qanuni tələbinə tabe olmamaqda təqsirləndirilərək, barəsində yuxarıda sözügedən xx.xx.2025-ci il tarixli, MN ******* inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs məhkəmə iclasında verdiyi izahatında ona istinad olunan inzibati xətanın törətməsini inkar etmiş, həmçinin hadisənin bilavasitə şahidi olan X4 məhkəmə iclasında verdiyi izahatında Şəxs polis əməkdaşlarına tabesizlik göstərmədiyini birmənalı şəkildə bildirmişdir. Habelə məhkəmə araşdırması zamanı tədqiq edilən hadisənin təfərrütını özündə əks etdirən “Aristokrat” çay evinin təhlükəsizlik kamerasında qeydə alınan videogörüntüdən müəyyən olunmuşdur ki, Şəxs hadisə yerində heç kimlə mübahisə etmir, o, digər şəxslərdən aralaşaqraq kənarda tək dayanmışdır, bir müddət sonra hadisə yerinə PPX-nin avtomobili (sayrışan işıqlar görünür) və polislər gəlir, polislər Şəxs yaxınlaşır və o, heç bir müqavimət göstərmədən, etiraz etmədən sakit tərzdə polisin yanına düşərək polislə bərabər sayrışan işıqlar gələn tərəfə gedir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlara əsasən barəsində inzibati xəta haqqındla icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində Tərtər şəhəri, Babək küçəsində polisin qanuni tələbinə tabesizlik göstərməsi müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şühbələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. İşin yuxarıda müəyyən olunmuş hallarından göründüüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsinin olması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin İ-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ-ci hissəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1, 53.1.1-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda adı çəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs hərəkətlərində inzibati xəta hadisəsi olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114.1.4, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(061-871/2025 saylı işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar