Məhkəmə qərarları › İş №3(062)-1007/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1007/2025

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1007/2025 07.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məsimov Fərid Eldar oğlunun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 Saylı X1 nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 Saylı X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 Saylı X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün xx.xx.2025-ci il tarixdə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə fiziki şəxs Şəxs tərəfindən D=530 mm-lik magistral su borusundan D=32 mm-lik boru ilə su xəttinə qanunsuz qoşulması faktı aşkar edilmiş, Şəxs tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 Saylı X1 nümayəndəsi Nümayəndə protokolu müdafiə edərək göstərdi ki, keçirirlən nəzarət tədbirləri zamanı Tovuz rayonu İbrahimhacılı kəndində mövcud olan bağ sahəsində X9 Sistemlərinin İstismarı İdarəsinin balansında olan əhalini içməli su ilə təmin edən D=530 mm magistral su borusuna D=32 mm-lik plastik boru vasitəsi ilə qanunsuz qoşulma faktı aşkar edilmişdir. Şəxs yaşadığı ünvana 11 dekabr 2025-ci il tarixdə bildiriş göndərilmiş, 9 Saylı X3 dəvət edilmişdir. Lakin Şəxs inzibati araşdırmada iştirak etməmiş və araşdırma onun iştirakı olmadan aparılmışdır. Həmin ərazidə foto şəkillər çəkilmiş, eyni zamanda qoşulma faktı video görüntü ilə qeydə alınmışdır. Nəticədə Şəxs tərəfindən törədilmiş inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 262.3-cü maddəsi ilə inzibati məsuliyyət yaratdığından barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il aktdan görünür ki, inzibati araşdırmanın nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin, “Su təchizatı və tullantı suları” haqqında Qanunun 67-ci maddəsinin tələbləri pozulmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, fiziki şəxs Şəxs tərəfindən Tovuz rayonu İbrahimhacılı kəndində mövcud olan bağ sahəsində X9 Sistemlərinin İstismarı İdarəsinin balansında olan əhalini içməli su ilə təmin edən D=530 mm magistral su borusuna D=32 mm-lik plastik boru vasitəsi ilə qanunsuz qoşulma faktı aşkar edilmiş, Şəxs tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.1-ci maddəsinə əsasən, inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. 262.3-cü maddəsinə görə, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. “Su təchizatı və tullantı suları haqqında” qanunun: 67-ci maddəsinin birinci hissəsinə görə, bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. 72-ci maddəsinə görə, bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X6”nın: 3.1-ci bəndinə görə su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə tərtib edilmiş protokolu iş materialları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, Şəxs qeyd olunan maddə üzrə inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, foto şəkillər və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tərəfindən Tovuz rayonu İbrahimhacılı kəndində mövcud olan bağ sahəsində X9 Sistemlərinin İstismarı İdarəsinin balansında olan əhalini içməli su ilə təmin edən D=530 mm magistral su borusuna D=32 mm-lik plastik boru vasitəsi ilə qanunsuz qoşulma faktı aşkar edilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinin tələbləri pozulmuşdur. Göründüyü kimi, qanun su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmanı qadağan edərək, buna görə inzibati məsuliyyət nəzərdə tutsa da, Tovuz rayonu İbrahimhacılı kəndində mövcud olan bağ sahəsinə fiziki şəxs Şəxs 32 mm boru vasitəsilə su təchizatına qanunsuz qoşularaq suyun talanması nəticəsində az miqdarda ziyan vurmaqla hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl törətmişdir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş fiziki şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18.5, 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək fiziki şəxs qismində 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar