Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1008/2024 19.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ24709969 saylı elektron qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X2 xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək barəsində qəbul edilmiş EQ24709969 saylı elektron qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə dövlət qeydiyyat nömrəsi ** AC *** olan nəqliyyat vasitəsi ilə M-1 65.1 km Xızı rayonu Giləzi kəndi istiqamətində hərəkətdə olarkən barəsində EQ24520026 nömrəli protokolla qeyd olunmuş 600 AZN məbləğində cərimə tətbiq edilmişdir. X3 Məcəlləsinin 353.2-ci maddəsi ilə cərimə olunduğu göstərilmişdir. İdarə etdiyi maşının yükləndiyi çəki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 07 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi haqqında Qaydalar”nın “Qoşqulu avtoqatarlar üçün” 3.2.ci maddəsinə, yəni “nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi ikioxlu yük avtomobili üçoxlu qoşqu ilə -42 ton” tələbinə tam uyğundur. Yükün çəkisinə dair çekdə, “AZƏRAVTOYOL”un 5 nömrəli çınqıl zavodunda tərəziyə çıxarılan yükün çəkisi normalara tam uyğundur. Həmin çekləri sübut olaraq şikayət ərizəsinə əlavə etmişdir. Həmin tərəzi çekində çəki 40180 kq yük göstərir. Odur ki, barəsində tərtib edilmiş qərar əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmağına baxmayaraq X2 və qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, şikayətdə aidiyyəti üzrə göndərilmə barədə qərardad da mübahisələndirilsə belə, şikayətin məzmunundan aydın olur ki, şəxs cərimə edilməsi barədə qərardan narazıdır. Odur ki, araşdırma xx.xx.2024-cü il tarixli, EQ 24709969 nömrəli elektron qərarın ləğvi üzrə aparılır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş EQ 24520026 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X2 inzibati məsuliyyətə ona görə cəlb edilmişdir ki, o, idarə etdiyi avtomobillə Xızı rayonu Giləzi kəndi istiqamətində hərəkətdə olarkən icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə normanı aşmışdır. Şikayət vermiş şəxsin yükün normadan artıq olmamasına dair dəlillərinə məhkəmə qiymət verərək onu qeyd edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 47-ci bəndində gəstərilmişdir ki, icazə verilən maksimum kütlə - istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş, nəqliyyat vasitəsinin sürücü, sərnişin və yüklə birlikdə yol verilən kütləsinin yuxarı həddidir. Şikayət vermiş şəxsin avtomobilinin maksimum icazə verilən kütləsi 40000 kq olmasına baxmayaraq, 40180 kq-lıq faktiki kütlə ilə hərəkətdə olmuşdur. Göründüyü kimi istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş, nəqliyyat vasitəsinin sürücü, sərnişin və yüklə birlikdə yol verilən kütləsinin yuxarı həddi 40.000 kq-dır. Bundan başqa da məhkəmə şikayət vermiş şəxsin nəzərinə onu da çatdırır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin İ-İİ hissələrində göstərilmişdir ki, daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir. İİİ. Yükün daşınmasına: 1) adamları təhlükəyə məruz qoymaması, şəxsi və ya digər əmlaka zərər vurmaması; 2) sürücünün ətrafı görməsini məhdudlaşdırmaması, nəqliyyat vasitəsinin davamlılığını pozmaması və idarə olunmasını çətinləşdirməməsi; 3) yükün yerlə sürünməməsi və yola düşməməsi; 4) yükün xarici işıq siqnallarının və işıqqaytarıcıların, qeydiyyat və tanınma nişanlarının üstünü tutmaması, habelə əl ilə verilən siqnalların qəbul edilməsinə mane olmaması; 5) səs salmaması, toz qaldırmaması, yolu və ətraf mühiti çirkləndirməməsi şərti ilə yol verilir. İV. Yükün vəziyyəti və yerləşdirilməsi göstərilən tələblərə cavab vermədikdə, sürücü sadalanan daşıma qaydalarının pozulmasını aradan qaldırmaq üçün tədbirlər görməli və ya hərəkəti dayandırmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 07 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi haqqında Qaydalar”nın “Yəhərli avtoqatarlar üçün” 3.1.ci maddəsinə, yəni “nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi ikioxlu və üçoxlu yəhərli yük avtomobili 40 ton” təşkil edir. İş materiallarına əlavə edilən sənədlərdən görünür ki, X1 istifadəsində olan ** AC *** dövlət qeydiyyat nişanlı DAF 1** XF *** yük avtomaşınının tipi yəhərli dartıcıdır. Beləliklə şikayətçinin qeyd etdiyi dəlillər qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarın qanuniliyini şikayət həddində yoxlasa da, həmin qərarın İXM-nin tələblərinə uyğun şəkildə qəbul edilib-edilməməsinin də yoxlanılmasını zəruri hesab edir. Belə ki, şikayətin dəlillərindən asılı olmayaraq İXM-nin tələblərinə zidd şəkildə qəbul edilmiş qərarın onsuz da hüquqi qüvvəsi olmayacqdır. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən Məcəllənin 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, göründüyü kimi bu iş üzrə inzibati xəta xüsusi texniki vasitənin köməkliyi ilə qeydə alınmışdır. İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Qeyd edilən Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.3-cü maddəsinə görə inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. Göründüyü kimi qərar qəbul edilərkən İXM-nin yuxarıda göstərilən tələblərinə əməl edilmiş və qərar İXM-nin tələblərinə uyğun şəkildə qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. Buna görə də X1 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 24709969 nömrəli elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-1008/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1008/2024
19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver