Məhkəmə qərarları › İş №3(062)-1010/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1010/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1010/2025 25.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1986-ci il tarixdə Tovuz rayonu Qəribli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Tovuz rayonu, Qəribli kəndində qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz rayon icra və probasiya şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)-217/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən başlanmış icra işi üzrə 1700 manat aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X5 bildirmişdir ki, hazırda Tovuz Rayon Məhkəməsinin 2(062)-217/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 1700 manat məbləğində ödənilməmiş aliment borcu vardır və həmin borcun ödənilməsindən yayındığından inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, nikah pozulduqdan sonra uşağın biri faktiki olaraq onunla yaşamağa başlamışdır.Buna gör də təyin edilmiş alimentin yarısın ödəməli olduğunu zənn etmiş və aliment borcu yaranmışdır. Aliment borcunun yaranmasından nahmatı olmamış, icra məmur tərəfindən ona daha əvvəl xəbərdarlıq edilməmişdir. Borcunu tezliklə ödəyəcək. Qeyd edilənlərə əsasən, məhkəmədən barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)- 217/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2024-cü il tarixdən etibarən hər ay övladı üçün 50 manat olmaqla cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materiallarına baxış zamanı məlum olmuşdur ki, xx.xx.2025 ci il Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tovuz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən göndərilən bildirişın vətəndaşa çatdırılması barəsində heç bir məlumat yoxdur. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, borclunun əməlində qərəzli olaraq icra məmurunun qanuni göstərişinə tabe olmama əlaməti aşkar edilməmişdir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidirlər. İcra haqqında Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar