Məhkəmə qərarları › İş №3(062)-1011/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1011/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1011/2024 28.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məmmədov Samir Zöhrab oğlunun katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və tələbkar X1 iştirakları ilə, xx.xx.1994-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz rayon icra və probasiya şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-610/2024 saylı icra sənədi üzrə yaranmış 2880 manat borcunu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şəxs bildirdi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-610/2024 saylı icra sənədinə əsasən Şəxs hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat manat məbləğində alimentin alınıb X1 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Həmin qərar borclu tərəfindən rəsmi qaydada əldə edilmişdir. Hazırki vaxta kimi borclu tərəfindən icra sənədi üzrə ödəniş edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qətnamənin icrasından yayınmaq kimi niyyətinin olmadığını, sağlamlıq vəziyyəti imkan vermədiyi üçün fiziki işlə məşğul ola bilmədiyindən pul qazanmadığını, buna görə də aliment borcunu ödəmədiyini, bundan sonra borcun ödənilməsi üçün əlindən gələni edəcəyini bildirərək xəstəliyi ilə bağlı tibbi sənədlərin surətini məhkəməyə təqdim etmiş və qeyd edilənləri nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X2 borclu ilə qarşılıqlı razılığa gəldiklərini, borcunu ödəməsi üçün ona vaxt verdiyini bildirərək hazırkı işin icraatına xitam verilməsini xahiş etmiş və bu barədə məhkəməyə eyniməzmunlu ərizə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları əsasında məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar