Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1015/2023 04.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1976-cı il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, subay, Tovuz rayonu Dönük Qırıqlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2604/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 12 noyabr 2013-cü ildə anadan olmuş Nətavan, 01 avqust 2016-cı ildə anadan olmuş Aylin və 10 mart 2019-cu ildə anadan olmuş Həmid adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat alimentin Şəxs alınaraq X1 verilməsi qət edilməsinə baxmayaraq Şəxs icra sənədi üzrə borcunu icra məmurunun müəyyən etdiyi müddətdə yerinə yetirməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2604/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 12 noyabr 2013-cü ildə anadan olmuş Nətavan, 01 avqust 2016-cı ildə anadan olmuş Aylin və 10 mart 2019-cu ildə anadan olmuş Həmid adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat alimentin Şəxs alınaraq X1 verilməsi qət olunmuşdur. Şəxs borcunun ödənilməsi tələb olunmasına baxmayaraq o icra vərəqəsini tam icra etməmişdir. Belə ki, Şəxs hər ay aliment borcundan ödəmə etsə də öhdəliyini tam yerinə yetirmir. Hər ay müxtəlif vaxtlarda 50 manat, 100 manat, 150 manat kimi ödəmələr etməklə ödəmə çeklərini təqdim edir. Təyin olunmuş alimentlə müqayisədə edilən ödəmələr azlıq təşkil etdiyindən borc yığılaraq 3520 manat təşkil edir. Şəxs icra sənədinin tam şəkildə icrasından üzrsüz səbəblərdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Ona görə də onun barəsində inzbati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, maddi imkanı aşağı olduğu üçün aliment borcunu tam ödəyə bilməmişdir. Hər ay ödəniş edir. Sadəcə yığılmış borcu alimenti az ödədiyi üçün yaranmışdır. Hər ay müxtəlif miqdarlarda ödəniş edir. Sonuncu dəfə 150 manat ödəniş etmişdir. Borcun yığılması hər ay alimentin miqdarından az ödəniş etməsi səbəbindən yaranmışdır. Hər ay 150-200 manat ödəniş edə bilər. Başqa cür maddi imkanı yoxdur. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası daxilində inzibati qaydada tənbeh olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Şəxs borcundan hər ay ödəmə etməsinə baxmayaraq onun hər ay ödənişi məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş miqdardan azlıq təşkil edir. Ona görə də borc yığılaraq 3520 manat təşkil edir. Bu hal onu deməyə əsas verir ki, Şəxs öhdəliyini tam icra etməməklə qətnamənin icrasından qərəzli yayınır. Məhkəmə Şəxs şəxsiyyətini, yuxarıda qeyd olunan məsuliyyətini yüngülləşdirən halı və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada həbs olunmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 04 dekabr 2023-cü il tarixdən saat 17:15-dən hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-1015/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1015/2023
04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver