Məhkəmə qərarları › İş №3(062)-1016/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1016/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1016/2023 05.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əlilliyi olmayan, deməsinə görə məhkumluğu olmayan, Tovuz rayonu Hacıhəsənli kəndində qeydiyyatda olan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli 2 (060)-4093/2021 saylı icra vərəqəsinə əsasən 14 mart 2020-ci ildə anadan olmuş Əli adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 180 manat alimentin və uşaq üç yaşına çatanadək ananın saxlanması üçün 50 manat Şəxs alınaraq X1 verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli 2 (060)-4093/2021 saylı icra vərəqəsinə əsasən 14 mart 2020-ci ildə anadan olmuş Əli adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 180 manat alimentin və uşaq üç yaşına çatanadək ananın saxlanması üçün 50 manat Şəxs alınaraq X1 verilməsi qət olunmuşdur. Həmin icra vərəqəsinin icrasından Şəxs üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Şəxs icra vərəqəsi üzrə borcundan hər ay ödəmələr etsə də alimenti tam ödəmədiyindən onun borcu hazırda 5627 manat təşkil edir. Hazırda uşaq üç yaşına çatdığı üçün 50 manat ödənilməli olan hissə dayanmışdır. Şəxs hər ay alimentdən əlavə yığılan borcu üçün pul ödəsə də ödənilən miqdar çox azlıq təşkil edir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, məhkəmə tərəfindən uşağı üçün müəyyən olunmuş aliment üzrə əvvəllər ödəniş edə bilmədiyi üçün borcu yığılmışdır. Hazırda hər ay ödəmə edir. Alimentdən əlavə olaraq borcundan hər ay ödəmə edir. 09 oktyabr 2023-cü il tarixdə 250 manat, 30 noyabr 2023-cü il tarixdə 200 manat pul ödəmişdir. Hazırda fərdi əməklə məşğul olur. Yaxın müddət ərzində aliment ilə yanaşı borcundan da ödəmə edəcəkdir. Borcunu ödəməkdən yayınmaq fikri yoxdur. Ona görə də hesab edir ki, qətnamənin icrasından qərəzli boyun qaçırmır. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, borclu qətnamənin icrasından boyun qaçırmır. 5627 manat borcu nikahın pozulması ilə əlaqədar işə baxarkən məhkəmənin getdiyi müddət ərzində yığılması ilə bağlı olmuşdur. Şəxs hər ay alimentdən yuxarı məbləğdə ödəniş etməklə borcunu ödəmək niyyətini nümayiş etdirir. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzbati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar