Məhkəmə qərarları › İş №3(062)-1017/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1017/2025

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1017/2025 15.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi ilə Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında 28 oktyabr 2025-ci il tarixli 16/1-196620 saylı qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 28 oktyabr 2025-ci il tarixli 16/1-196620 saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində DİN-in mərkəzi informasiya sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ29938224 saylı inzibati xəta haqqında protokol üzrə xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında qərar çıxarılmış və İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 600 manat miqdarında cərimə edilmişdir. Onun idarə etdiyi avtomaşının yüklə birlikdə icazə verilmiş maksimum kütləsi 42 tondur. Onun barəsində cərimə tətbiq edilərkən isə yüklə birlikdə avtomaşının faktiki çəkisi 41620 kq olmuşdur. Eyni zamanda inzibati xəta Ucar rayonunda qeydə alınmış, bundan əvvəl Ağstafa rayonunda, bundan sonra isə Qaradağ rayonunda ona məxsus avtomaşın tərəzidən keçmiş və artıq yük qeydə alınmamışdır. Tələb etdikdə isə buna dair ona sənəd təqdim edilməmişdir. Yükə dair alıcı tərəfindən müvafiq sənəd verilmiş və yüklə birlikdə çəkinin 41620 kq olması təsdiq olunmuşdur. Şikayət ərzəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etdikdən sonra Məhkəmənin 10 sentyabr 2025-ci il tarixli qərarı ilə şikayət ətmin olunmuş və 14 avqust 2025-ci il tarixli qərar ləğv olunmuşdur. Bu barədə heç bir araşdırma olmamış və əsasız qərar qəbul olunmaqla çəkinin çox olması bildirilmişdir. Göründüyü kimi inzibati orqan tərəfindən lazımi araşdırma aparımamış və əsassız qərar qəbul edilmişdir. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət vermiş şəxsə və qərarından şikayət verilmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli, EQ29938224 saylı inzibati xəta haqqında qərardan görünür ki, X2 inzibati məsuliyyətə ona görə cəlb edilmişdir ki, o, idarə etdiyi avtomobillə hərəkətdə olarkən icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faizdən artıq aşmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(062)-641/2025 saylı qərarına əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli, EQ29938224 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 28 oktyabr 2025-ci il tarixli 16/1-196620 saylı qərarına əsasən, iş yenidən araşdırılmış və Qələndər Məmmədhəsənovun inzibati xətanın törədilməsində təqsiri olduğundan ona yenidən 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə şikayətin dəlillərini əsassız sayır. Belə ki, şikayətçi şirkətin tərəzisi ilə bağlı normativ göstəriciləri məhkəməyə təqdim edə bilməmişdir. Bu faktın özü “AYNA” tərəfindən yollarda quraşdırılmış elektron tərəzilərin standartlara uyğun olmasına işarə edən edən amillərdəndir. Bundan başqa da məhkəmə şikayət vermiş şəxsin nəzərinə onu da çatdırır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin İ-İİ hissələrində göstərilmişdir ki, daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir. İİİ. Yükün daşınmasına: 1) adamları təhlükəyə məruz qoymaması, şəxsi və ya digər əmlaka zərər vurmaması; 2) sürücünün ətrafı görməsini məhdudlaşdırmaması, nəqliyyat vasitəsinin davamlılığını pozmaması və idarə olunmasını çətinləşdirməməsi; 3) yükün yerlə sürünməməsi və yola düşməməsi; 4) yükün xarici işıq siqnallarının və işıqqaytarıcıların, qeydiyyat və tanınma nişanlarının üstünü tutmaması, habelə əl ilə verilən siqnalların qəbul edilməsinə mane olmaması; 5) səs salmaması, toz qaldırmaması, yolu və ətraf mühiti çirkləndirməməsi şərti ilə yol verilir. İV. Yükün vəziyyəti və yerləşdirilməsi göstərilən tələblərə cavab vermədikdə, sürücü sadalanan daşıma qaydalarının pozulmasını aradan qaldırmaq üçün tədbirlər görməli və ya hərəkəti dayandırmalıdır. X. Tezalışan, partlayış qorxusu olan, radioaktiv, güclü zəhərləyici maddələr və ya digər təhlükəli yüklər yalnız fərqləndirmə-tanınma nişanları olan xüsusi təchiz edilmiş nəqliyyat vasitələri ilə və xüsusi qaydalarda müəyyən edilmiş şərtlərlə daşınır. Beləliklə şikayətçinin qeyd etdiyi dəlillər qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarın qanuniliyini şikayət həddində yoxlasa da, həmin qərarın İXM-nin tələblərinə uyğun şəkildə qəbul edilib-edilməməsinin də yoxlanılmasını zəruri hesab edir. Belə ki, şikayətin dəlillərindən asılı olmayaraq İXM-nin tələblərinə zidd şəkildə qəbul edilmiş qərarın onsuz da hüquqi qüvvəsi olmayacaqdır. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən Məcəllənin 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, göründüyü kimi bu iş üzrə inzibati xəta xüsusi texniki vasitənin köməkliyi ilə qeydə alınmışdır. İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Qeyd edilən Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.3-cü maddəsinə görə inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. Göründüyü kimi qərar qəbul edilərkən İXM-nin yuxarıda göstərilən tələblərinə əməl edilmiş və qərar İXM-nin tələblərinə uyğun şəkildə qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. Buna görə də X1 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2 və 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1 və 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında 28 oktyabr 2025-ci il tarixli 16/1-196620 saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar