Məhkəmə qərarları › İş №3(062)-1052/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1052/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1052/2024 25.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Tovuz rayonu Böyük Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Tovuz Rayon İHB-nin Böyük Qışlaq kənd İƏD üzrə nümayəndəsi işləyən, əlilliyi olmayan, Tovuz rayonu Böyük Qışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsi ilə Tovuz Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Tovuz Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs Tovuz Rayon İHB-nin Böyük Qışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsini icra edərkən Tovuz Rayon Prokurorluğunun təqdimatına qanunla nəzərdə tutulmuş müddətdə baxmamış və vaxtında cavab verməmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Tovuz Rayon İHB-nin 12 yanvar 2017-ci il tarixli 02 nömrəli əmri ilə Tovuz rayon Böyük Qışlaq inzibati ərazi dairəsinə nümayəndə vəzifəsinə təyin olunmuş və hazırda həmin vəzifəni icra edir. Tovuz Rayon Prokurorluğu tərəfindən verilmiş 02 iyul 2024-cü il tarixli 2-2-456/3-041719/2024 nömrəli təqdimatı 14 avqust 2024-cü il tarixdə "xxxx" MMC-nin Tovuz regional poçt filialının əməkdaşından şəxsən təhvil almışdır. Həmin təqdimat 18 avqust 2024-cü il tarixdə Tovuz Rayon İHB-nin Böyük Qışlaq kənd İƏD üzrə nümayəndəliyinin “daxil olan sənədlərin qeydiyyatı” kitabında qeydiyyata alınmışdır. Həmin təqdimata 05 noyabr 2024-cü il tarixdə baxılmış və eyni tarixli 5-79-14/2-22b/24 nömrəli məktubla Tovuz Rayon İHB-nin Böyük Qışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsini əvəz edən X1 tərəfindən Tovuz Rayon Prokurorluğuna cavab verilmişdir. Əslində onun inzibati xətanı törətmək niyyəti olmamışdır. Belə ki, o, birinci dəfədir ki, belə halla rastlaşmış, prosedur qaydanı bilmədiyindən səhvə yol verib təqdimata bir ay müddətində cavab verməmişdir. Hazırda törətdiyi inzibati xəta görə peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Tovuz Rayon Prokurorluğu məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasını təxirə salmaq haqqında məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3 və 61.5-ci maddələrinə əsaslanaraq hesab edir ki, inzibati xəta haqqında işə tərəflərin iştirakı olmadan da baxıla bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Tovuz Rayon İHB-nin Böyük Qışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsini icra edərkən Tovuz Rayon Prokurorluğunun təqdimatına qanunla nəzərdə tutulmuş müddətdə baxmamış və vaxtında cavab verməmişdir. Bununla da Azərbaycan Respublikasının İXM-nin 527-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsirli olması inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərar və qərara əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 221.2-ci maddəsinə əsasən, cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlər görülməsi haqqında müstəntiqin təqdimatına baxılması məcburidir, nəticəsi barədə bir ay müddətində müstəntiqə yazılı məlumat verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 527-ci maddəsinə əsasən, məhkəmənin xüsusi qərardadına (qərarına) və ya hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatına vəzifəli şəxs tərəfindən baxılmamasına, yaxud bunlarda göstərilmiş qanun pozuntularını aradan qaldırmaq üçün tədbirlər görülməməsinə, yaxud xüsusi qərardada (qərara) və ya təqdimata vaxtında cavab verilməməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması nəticəsində Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar