Məhkəmə qərarları › İş №3(062)-13/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-13/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-13/2025 06.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1990-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs və X2 müştərək qaydada 475,92 manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pulun alınıb X4 verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs və X2 müştərək qaydada 475,92 manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pulun alınıb X4 verilməsi qət olunmuşdur. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Borcdan ödəmə olmasına baxmayaraq borc pul hələ də tam verilməmişdir. Hazırda borcu 357 manat təşkil edir. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, borcundan ödəmələr edir. 100 manat 2024-cü ilin dekabr ayının sonunda ödəmişdir. Bundan sonra hər ay ödəmə etməklə borcunu bağlayacaq. X8 ilə razılaşaraq borcun ödənməsini tezliklə bağlayacaq. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X6 məhkəmə iclasında bildirdi ki, Şəxs ödəmə edir. Hazırda da onunla razılaşaraq aralarında yeni ödəmə qrafiki müəyyən etmişlər. Borc hazırda 357 manat təşkil edir. Ödəməni etdiyi üçün ondan şikayətçi deyil və məhkəmədən ədalətli qərar qəbul etməsini istəyir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, borclu borcundan mütəmadi olaraq ödənişlər etmişdir. Buradan da görünür ki, Şəxs qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırmır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar