Məhkəmə qərarları › İş №3(062)-131/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-131/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-131/2025 24.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərardan X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və barəsində başlanmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati xəta Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Təhlil Altsistemi vasitəsi ilə aparılan təhlillər zamanı, yəni informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edi!mişdir. Belə olan halda barəsində real vaxt rejimində "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində elektron protokol tərtib edilməli olduğu halda, müəyyən müddət keçdikdən sonra əmək müfəttişinin özü tərəfindən adi qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola baxılacağı barədə bildiriş poçt vasitəsi ilə ona çatdırılmış və tərəfindən xx.xx.2025-ci il tarixdə qeyd olunan nöqsanlar aradan qaldırılmışdır. xx.xx.2025-ci il tarixdə isə yenə də qanunvericiliyin tələbi pozulmaqla barəsində elektron qaydada deyil, adi qaydada elektron qərar çıxarılmışdır. Bununla yanaşı protokola və qərara qoyulmuş tələblər yerinə yetirilməmiş, göstərilməli olan məlumatlar tam olaraq öz əksini tapmamışdır. Hesab edir ki, barəsində aparılmış inzibati icraat qanunsuz hesab edilməli, qərar ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Odur ki, şikayətin təmin edilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X3 bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafisəi Nazirlyinin Təhlil Altsistemi vasitəsilə aparılan təhlillər zamanı aşkar edilmiş məlumatlar əsasında X4 “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması aşkar edildiyindən onun barəsində İXM-nin 469.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Bundan sonra ona müvafiq qaydada bildiriş göndərilsə də o, işçilərin sığortalanması ilə bağlı şöbəyə hər hansı məlumat verməmiş və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 1500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin Təhlil Altsistemi vasitəsilə aparılan təhlillər zamanı aşkar edilmiş məlumatlar əsasında X7 tərəfindən İXM-nin 469.2-ci maddəsində göstərilən inzibati xətanın törədilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə İXM-nin 469.2-ci maddəsində göstərilmiş inzibati xətanın törədilməsində təqsirli hesab edilmiş və 1500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən, bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2ci, 477-1.1.2-ci, 477-1.1.4-cü və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın X7 tərəfindən törədilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin Təhlil Altsistemi vasitəsilə aparılan təhlillər zamanı aşkar edilmiş, lakin inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar real vaxt rejimində elektron formada tərtib edilməmiş və İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinin tələbləri pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 122, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar