Məhkəmə qərarları › İş №3(062)-136/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-136/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-136/2024 14.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin qida təhlükəsizliyinə nəzarət sektorunun baş məsləhətçisi X3 və inzibati işlər və təsərrüfat sektorunun məsləhətçisi X4 İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X6 iştirakları ilə Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərardan barəsində qərar qəbul edilmiş şəxs X9 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X9 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın dəyişdirilməsi və ona təyin edilmiş 2000 manat cərimə inzibati tənbeh tədbirinin 1500 manat cərimə inzibati tənbeh tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərara əsasən, o, Azərbaycan Respublikası İXM-nin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Belə ki, rəhbərlik etdiyi “Aura” market mağazasında 11 nəfər işçi və fəhlə işlə təmin edilmişdir. Mağazada mütəmadi olaraq sayım işləri aparılır, istifadə müddəti keçmiş və istifadə müddəti bitməyə yaxınlaşan mallar yığılaraq firmaya geri qaytarılır. Bəzi işçilərin diqqətsizliyi səbəbindən bir neçə mal aşkar edilməmiş və vitrində qalmışdır. Bu səbəbdən mağazada yoxlama aparılarkən həmin nöqsanlar aşkar edilmiş və o, inzibati cərimə edilmişdir. Yoxlama zamanı 13 adda istifadə müddəti başa çatmış mallar aşkar edilmiş, həmin malların 8 ədədinin istifadə müddəti yoxlama aparılan yanvar ayının ikinci yarısına təsadüf edir. O, törətdiyi inzibati xətanı etiraf edir, lakin barəsində yuxarı həddə, yəni 2000 manat məbləğində inzibati qaydada cərimə edilməsindən narazıdır. Belə ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rəhbərlik etdiyi mağazada 11 nəfərdən çox işçi işlədir. Belə olan halda ona tətbiq edilmiş cəriməni ödəməsində sıxıntılar yaranır. Həmçinin, onun barəsində yüngülləşdirici halların olması və ağırlaşdırıcı halların olmamasına baxmayaraq, yuxarı həddə cərimə edilmişdir. Halbuki, onun aşağı həddə cərimə edilməsi daha ədalətli olardı. Odur ki, Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın dəyişdirilməsi və ona təyin edilmiş 2000 manat cərimə inzibati tənbeh tədbirinin 1500 manat cərimə inzibati tənbeh tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X9 şikayətin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin qida təhlükəsizliyinə nəzarət sektorunun baş məsləhətçisi X7 və inzibati işlər və təsərrüfat sektorunun məsləhətçisi X8 şikayətə etiraz etmədiklərini və qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin xx.xx.2024-cü il tarixli “yoxlama nəticələri üzrə” qərarından görünür ki, yoxlama aparılan “Aura” ərzaq satış mağazasında satışı həyata keçirilən bəzi qida məhsullarının temperatur rejiminə əməl olunmadan saxlanıldığı, həmçinin 13 adda məhsulun yararlılıq müddətinin bitdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarına əsasən, X9 Azərbaycan Respublikası İXM-nin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Fiziki şəxsin uçotu haqqında şəhadətnamədən görünür ki, X6 adına ********** nömrəli VÖEN vardır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında qərar qəbul edilmiş idarənin nümayəndələrini və barəsində qərar çıxarılmış şəxsi dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilərək yeni qərar qəbul edilməlidir. İş materialları ilə müəyyən edilir ki, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas ondan ibarət olmuşdur ki, X9 tərəfindən rəhbərlik edilən “Aura” ərzaq mağazasında satışı həyata keçirilən bəzi qida məhsullarının temperatur rejiminə əməl olunmadan saxlanıldığı, həmçinin 13 adda məhsulun yararlılıq müddətinin bitdiyi aşkar edilmişdir. Bununla da Ağasi Qasımov tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.2ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, yoxlama aparılan “Aura” ərzaq satış mağazasında satışı həyata keçirilən bəzi qida məhsullarının temperatur rejiminə əməl olunmadan saxlanıldığı, həmçinin 13 adda məhsulun yararlılıq müddətinin bitdiyi aşkar edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarına əsasən, X9 Azərbaycan Respublikası İXM-nin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbirinin yuxarı həddində, yəni 2000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərar qəbul edən vəzifəli şəxs sahibkar X6 məsuliyyətini ağırlaşdıran halların olmamasını, əksinə yüngülləşdirən halın olmasını nəzərə almayaraq inzibati cərimənin yuxarı həddində tənbeh tədbiri tətbiq etmişdir. Bu hal isə ədalət prinsipinə ziddir. Əksinə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbirinin aşağı həddində cərimə tətbiq edilməsi daha məqsədə müvafiq olardı. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 134.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilərək yeni qərar qəbul edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X9 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar dəyişdirilsin və X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar