Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-146/2025 19.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Tovuz rayonu Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2103/2024 saylı icra sənədi üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 protokolu müdafiə edərək göstərdi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)- 2103/2024 saylı icra sənədi əsasında X5 ilə Şəxs birgə nikahlarından doğulmuş 2 uşağı ilə X2 ünsiyyət hüququ verilməsi qət edilmişdir. Həmin icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş və həmin tarixli tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Dekabr ayına kimi 2 dəfə görüş olub, lakin dekabrdan sonra uşaq atası ilə görüşməkdən imtina edib. Biz yenidən psixoloun iştirakı ilə görüş təşkil etdik, həmin görüşdə uşaq whatsapp mobil tətbiq vasitəsi ilə bildirdi ki, o atası ilə görüşmək istəmir. Daha sonra düşünərək ki, uşaq Tovuz Rayon İcra və Probasiya Şöbəsinin inzibati binasından çəkinir, yenidən psixoloqun iştirakı ilə növbəti görüşü Tovuz rayonunda yerləşən “Lapetit” şirniyyat evində təyin etdik. Lakin bu dəfə Şəxs özü gəlsədə, uşaq gəlməmişdir. Hər həftə sonu Şəxs ilə profilaktik söhbətlər aparıldığına baxmayaraq, yenədə nəticə deyişmir və borclu icra sənədinin icrasından boyun qaçırır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, tələbkarın uşaqlarla görüşməsinə etiraz etmir və qətnamənin tələblərini icra edir. X5 ilə əvvəllər aralarında mübahisə olan zaman o, Şəxs və övladını döyüb, bu hadisə isə uşağın şüurunda qalıb. Sonuncu görüşündən sonra uşaq Şəxs bildirib ki, atası başqa qadınla yaşayır, bir daha onların evinə getmək istəmir. Həmçinin uşaq qeyd edir ki, atası Şəxs və onu vaxtı ilə döyüb və söyərək evdən qovub, bu səbəbdən onun evinə getmək istəmir. Qeyd etdiklərini nəzərə alaraq, barəsində başlanmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, dekabr ayına kimi övladı ilə görüşləri zamanı övladı ona qarşı xoş münasibət göstərib. Lakin sonradan uşaq Şəxs psixoloji basqısı altında qalaraq atasına qarşı münasibətini dəyişib. Atasının başqa qadınla evlənməyinidə məhz anası uşağa deyib. Oğlu Məhəmmədin anası ilə telefonla danışdığı zaman eşidib ki, anası oğlunu öyrədir: “Analığının hazırladığı yeməkləri yemə, onunla oynama, analığın evdə olanda gülmə”. Qeyd etdiklərimi nəzərə alaraq, qanunamüvafiq qərar qəbul etməyinizi xahiş edirəm. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2103/2024 saylı icra sənədindən görünür ki, X5 ilə Şəxs birgə nikahlarından anadan olmuş 2 uşaq ilə X2 ünsiyyət hüququ verilməsi qət edilmiş, həmin qətnamə xx.xx.2024-cü il tarixdə icraya yönəldilmişdir. Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz Şəhər A.S.Puşkin adına tam orta məktəbin psixoloqu X4 psixoloji rəyindən görünür ki, valideynləri bir-birinə qərəzli münasibətinə görə uşaq anası tərəfindən atasına qarşı psixoloji təzyiq və təsir altındadır. Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz Şəhər Adil Qasımov adına tam orta məktəbin psixoloqu X6 psixoloji rəyindən görünür ki, valideynləri bir-birinə qərəzli münasibətinə görə uşaq anası tərəfindən atasına qarşı psixoloji təsir altındadır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və icra məmurunu dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilmişdir ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun ifadə etdiyi mənadan belə nəticəyə gəlmək olur ki, göstərilən norma üzrə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş üzrə isə məhkəmə göstərir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs qətnamənin icrasından qərəzli şəkildə yayınması halı yoxdur. Belə olan halda borclunun qətnamənin icrasından qərəzli olaraq yayınması nəticəsinə gəlinməsi qanunamüvafiq olmaz. Çünki uşaqla ünsiyyət hüququ ilə bağlı borclu tərəf icra sənədinin icrasına maneə yaratmaq niyyətinin olmamasını bildirmişdir. Tələbkar da bununla razı olmuşdur. İnzibati məsuliyyətin əsaslarından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Adıçəkilən Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən 8-ci maddəsində qeyd olunmuşdur ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə diqqətə çatdırır ki, hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut İnzibati Xətalar Məcəlləsinin 75-82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları göstərilən Məcəllənin 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). Beləliklə, məhkəmə hesab edir ki, materialda olan sənədlərə əsasən Şəxs qətnamənin icrasından qərəzli olaraq yayınmasını müəyyən etmək mümkün deyildir. Odur ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-146/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-146/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver