Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-15/2025 15.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən çıxarılan inzibati tənbeh vermə haqqında MN1786114 nömrəli xx.xx.2024-cü il tarixli qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN1786114 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və cərimənin silinməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən mənim barəmdə tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında qərara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1000 manat miqdarında cərimə edilməyi qərara alınmışdır. Barəsində tərtib edilmiş inzibati cərimə işin halları və onun maddi vəziyyətinə uyğun deyildir. Çünki o, ilk dəfədir ki, qeyd olunan inzibati xətanı törətmiş və əsas gəlir mənbəyi ovçuluq deyildir. istifadə etdiyi ov silahının sənədləri qaydasındadır və onun ovçuluq bileti vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmağına baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi və X2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə həmin orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş MN1786114 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə qadağan edilmiş yerdə və qadağan edilmiş müddətdə 01 ədəd su fərəsini ovlamış və barəsində həmin tarixdə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla bağlı onun fiziki şəxs qismində 1000 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə araşdırma zamanı işin tədqiq olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış və sübuta yetirilmiş, barəsində inzibati xəta haqında icraat aparılan şəxs tərəfindən inzibati xətanın onun tərəfindən törədilməsi mübahisələndirilməmişdir. Nəticə işin faktiki hallarına uyğundur və həmin əmələ görə inzibati məsuliyyət müəyyən edən qanunun norması, yəni İXM-nin 272.3-cü maddəsi düzgün tətbiq edilmişdir. İXM-nin 272.3-cü maddəsinin sanksiyasında inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilməsi, yaxud altı aydan iki ilədək müddətə ov hüququnun məhdudlaşdırılması nəzərədə tutulmuşdur. Səlahiyyətli orqan özünün diskression səlahiyyətindən istifadə etməklə işin hallarında uyğun olaraq daha yüngül inzibati tənbeh növünü tətbiq etmiş və tətbiq edilmiş tənbeh İXM-nin tələblərinə uyğundur. Belə olan halda məhkəmənin tətbiq edilmiş cərimə inzibati tənbeh növünü daha ciddi tənbeh növü ilə - ov hüququnun məhdudlaşdırılması ilə əvəz etməsi yolverilməzdir. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) apardığı araşdırma zamanı İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halı müəyyən edilməmişdir. Odur ki, qərarın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 122, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-15/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-15/2025
15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver