Məhkəmə qərarları › İş №3(062)-151/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-151/2025

28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-151/2025 28.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi BDYPİ-nin Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında EQ25597187 nömrəli xx.xx.2025-ci il tarixli qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili işlər Nazirliyi BDYPİ-nin Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş EQ25597187 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və cərimənin silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri ərazində hərəkətdə olarkən avtomobilinin qarşısında hərəkətdə olan avtomobil dayandığından o, hərəkətini davam etdirə bilməmişdir. Eyni zamanda yolun sağ hissəsində parklanma yeri olmuş və park halında avtomobillər dayanmışdır. O isə birinci hərəkət zolağında hərəkətdə olmuşdur. Buna görə də barəsində İXM-nin 346.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi, barəsində yazılmış 80 manat cərimə məbləği və cərimə balının silinməsi barədə qərarın ləğv edilməli olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmağına baxmayaraq Azərbaycan Respublikası Daxili işlər Nazirliyi BDYPİ-nin nümayəndəsi və X3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə həmin orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş EQ25597187 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə **-DD-*** dövlət qeydiyyat nişanlı Chevrolet malibu markalı avtomobilin sürücüsü X3 barəsində 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cı maddəsinə əsasən, Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə araşdırma zamanı işin tədqiq olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, inzibati orqan tərəfindən **-DD-*** dövlət qeydiyyat nişanlı Chevrolet Malibu markalı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, **-DD-*** dövlət qeydiyyat nişanlı Chevrolet Malibu markalı avtomobildən öndə və arxada avtomobillər olmaqla yolda onun hərəkətini çətinləşdirən ümumi hərəkət sıxlığı mövcuddur. Bundan başqa, **-DD-*** dövlət qeydiyyat nişanlı Chevrolet Malibu markalı avtomobilin önündə bir nəfər şəxs dayanmaqla onun hərəkətinə mane olur. Belə olan təqdirdə **-DD-*** dövlət qeydiyyat nişanlı Chevrolet Malibu markalı avtomobilin sürücüsü X2 yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə təqsirli hesab etmək olmaz. Odur ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi BDYPİ-nin Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında EQ25597187 nömrəli xx.xx.2025-ci il tarixli qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 122, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili işlər Nazirliyi BDYPİ-nin Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ25597187 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar