Məhkəmə qərarları › İş №3(062)-153/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-153/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-153/2025 18.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Barəsində icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi Tugrul Yusufun iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Şəxs MMC barəsində xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs MMC 237.500 ABŞ dolları məbləğdə vəsaitini xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş 02 il müddət keçsə də həmin məbləğ vəsaiti hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi Tugrul Yusuf izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında satıcı X1 tar.ür.ith.ihr.ltd.şti bitki mühafizə vasitələrini razşılaşdırılmış müddətdə və qiymətlərlə alıcı Şəxs MMC-yə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri 725.000 ABŞ dolları həcmində müəyyən edilmişdir. Qeyd olunan məbləğ isə avans qaydasında əvvəldən ödənilməlidir. Köçürülmüş pulların müqabilində isə mallar satıcı tərəfindən alıcıya göndərilmişdir. Bu məqsədlə 237.500 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2023-cü il tarixdə, 288.800 ABŞ dolları pul vəsaiti isə xx.xx.2023-cü ildə xaricə köçürülmüşdür. Köçürülmüş pulların müqabilində isə invoys dəyəri 251.090 ABŞ dolları olan mallar **********0976 sorğu nömrəli yük gömrük bəyannaməsinə əsasən xx.xx.2023cü ildə, invoys dəyəri 34.850 ABŞ dolları olan mallar **********7917 sorğu nömrəli yük gömrük bəyannaməsinə əsasən xx.xx.2023-cü il tarixdə, invoys dəyəri 109.752 ABŞ dolları olan mallar **********6796 sorğu nömrəli yük gömrük bəyannaməsinə əsasən xx.xx.2023-cü ildə və invoys dəyəri 251.090 ABŞ dolları olan mallar **********8254 sorğu nömrəli yük gömrük bəyannaməsinə əsasən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına göndərilmişdir. Göründüyü kimi mallar ölkə ərazisinə müqavilənin şərtinə uyğun olaraq idxal edilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib edilən zaman Cəmiyyətin nümayəndəsinin iştirakı təmin edilməmişdir ki, bütün bunları qeyd etsinlər. Odur ki, başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankına işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İş materiallarında olan və məhkəmə iclasına tədqiq edilmiş: Satıcı «X1 tar.ür.ith.ihr.ltd.şti» ilə alıcı Şəxs MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində dəqiq adları, qiymətləri, ümumi siyahısı, çeşidi, təsviri, spesifikasiyaları, miqdarı və digər göstəriciləri göstərilən bitki mühafizə vasitələrini razılaşdırılmış müddətdə, spesifikasiya və qiymətlə tam yararlı halda alıcıya satmağı, alıcı isə həmin malların dəyərini müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin cəmi dəyəri 725.000 ABŞ dolları məbləği təşkil edir. Müqavilə qüvvəyə mindikdən sonra avqust ayının 30-dək məbləğ bölünməklə avans qaydasında əvvəlcədən ödənilir. Daha sonra satıcı malların alıcıya çatdırılmasını təmin edir. Gömrük orqanı tərəfindən verilmiş **********0976 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli, **********7917 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli, **********6796 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli və **********8254 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli yük gömrük bəyannamələrindən məlum olur ki, satıcı «X1 tar.ür.ith.ihr.ltd.şti» tərəfindən alıcı Şəxs MMC-nin ünvanına invoys dəyərləri 251.090 ABŞ dolları, 34850 ABŞ dolları, 109752 ABŞ dolları və 251090 ABŞ dolları olan bitki mühafizə vasitələri göndərilmişdir. Pul göndərilməsi barədə qəbzdən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə «X1 tar.ür.ith.ihr.ltd.şti» şirkətinə məxsus banka hesabına 237.500 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarından görünür ki, satıcı «X1 tar.ür.ith.ihr.ltd.şti» ilə alıcı Şəxs MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə satıcı bitki mühafizə vasitələrini razılaşdırılmış müddətdə tam yararlı halda alıcıya satmağı, alıcı isə həmin mallarırın dəyərini müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin cəmi dəyəri 725.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Alıcı müqavilə qüvvəyə mindikdən sonra avqust ayının 30-dək müqavilə əsasında müəyyən edilmiş məbləği bölməklə avans qaydasında əvvəlcədən ödəməyi, daha sonra satıcı malların alıcıya çatdırılmasını təmin etməli idi. Müqavilənin şərtlərinə uyğun olaraq alıcı tərəfindən pulun bir hissəsi olaraq xx.xx.2023-cü il tarixdə 237.500 ABŞ dolları məbləğində pul vəsaiti «X1 tar.ür.ith.ihr.ltd.şti» şirkətinin bank hesabına göndərilmişdir. Hansı ki, alıcı tərəfindən müxtəlif tarixlərdə başqa pul vəsaitləri də satıcının bank hesabına köçürülmüşdür. Bundan sonra isə satıcı bitki mühafizə vasitələrini alıcıya göndərmişdir. İşin qeyd olunan halları xx.xx.2023-cü il tarixli, **********7917 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli, **********6796 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli və **********8254 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli yük gömrük bəyannamələri təsdiq edilir. Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Təsadüfi deyildir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X bəndində təsbit edilmişdir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın bu tələbinin yerinə yetirilməsi, öz növbəsində, dövlət orqanlarının hərəkətlərinin proqnozlaşdırıla bilən olmasına və onlara məhdudiyyətsiz mülahizə üçün imkan yaratmamasına zəmanət verməklə hər kəsin hüquq və azadlıqlarının mühüm təminatı kimi çıxış edir. Azərbaycan Respublikası Mərkəzi X2 2016-cı il 28 noyabr tarixli Qərarı ilə ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-ci bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd olunmuşdur ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədiyi təqdirində ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyət yaradır. Hazırki iş üzrə Şəxs MMC-nin hərəkətlərində hər hansı inzibati xəta yoxdur. Çünki barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Cəmiyyət müqavilə şərtlərinə müvafiq olaraq əvvəlcədən satıcının bank hesabına pul vəsaitlərini hissə-hissə köçürmüş və satıcı tərəfindən bitki mühafizə vasitələri alıcıya göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, azad sahibkarlıq fəaliyyətinin təminatı olaraq Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs ona məxsus daşınar və daşınmaz əmlakı, o cümlədən milli valyutanı, xarici valyuta sərvətlərini və s. sahibkarlıq fəaliyyəti və qanunvericiliklə qadağan edilməyən digər iqtisadi fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilər. (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair 2020-ci il 28 fevral tarixli Qərar). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC-nin etdiyi sahibkarlıq sahəsi üzrə hərəkətlər alqı-satqı müqaviləsinin şərtlərinə uyğun həyata keçirilmiş, Cəmiyyətin əsas məqsədi də işlər görülməsindən və ya xidmətlər göstərilməsindən, mənfəət götürülməsindən ibarət olmuşdur. Satıcı «X1 tar.ür.ith.ihr.ltd.şti» müqavilə tərəfi kimi bitki mühafizə vasitələrini alıcı Şəxs MMC-nin ünvanına göndərmiş, bu barədə alıcı tərəfindən gömrük bəyannamələri təqdim edilmişdir. Bir sözlə ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri olan X3 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə Qaydalarının tələbləri barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC tərəfindən pozulmamış, atılmış addımlar qanunamüvafiq edilmişdir. Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Məhkəmə diqqətə çatdırır ki, hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut İnzibati Xətalar Məcəlləsinin 75-82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları göstərilən Məcəllənin 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. Lakin hazırki inzibati iş üzrə barəsində inzibati icraat aparılan hüquqi şəxsin təqdim edilmiş sənədlər ilə inzibati xəta törətməsi sübuta yetirilə bilmir. Bu aspektdən Şəxs MMCnin təqsirli olması nəticəsinə gəlinməsi qanunamüvafiq olmaz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə hesab edir ki, mövcud durumda Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə inzibati icraat başlaya bilməz. Çünki həmin normanın tələbləri MMC tərəfindən pozulmamışdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, materialda olan sənədlərə əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar