Məhkəmə qərarları › İş №3(062)-156/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-156/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-156/2024 26.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Protokol tərtib etmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs X1 etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə xx.xx.1967-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, öz deməsinə görə əvvəllər məhkum olunmamış və İİ qrup əlil olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokola əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-259/2023 saylı icra sənədi üzrə olan borcunu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8 protokolu müdafiə edərək göstərdi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-259/2023 saylı icra vərəqəsinə əsasən X2 və Şəxs 14000 manat borc məbləğini təşkil edən pul və 39780 manat dəyərində 612 qram çəkidə 583 əyarlı qızılların dəyəri olan pul vəsaiti, dövlət rüsumu hesabına ödənilmiş 251,34 manat pul müştərək qaydada tutularaq X6 verilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclulara tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Hazırda borclu Şəxs icra sənədi üzrə olan borcundan heç bir ödəniş etməmişdir. Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-259/2023 saylı icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmədiyinə görə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(062)-1069/2023 nömrəli qərarına əsasən İXMin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Buna baxmayaraq Şəxs cərimə olunduğu tarixdən bugünədək borcunu ödəməmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-259/2023 nömrəli qərarının qüvvəyə mindiyi gündən Şəxs eyni icra sənədinə münasibətdə İXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətdiyinə görə sonuncu barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, heç bir yerdə işləmir. Maddi vəziyyəti çox aşağıdır. Ondan qətnamə əsasında tutulmalı olan pul məbləğini birdəfəyə ödəməyə imkanı çatmır. Lakin bununla yanaşı pul məbləğini ödəməkdən boyun qaçırmır. Belə ki, o, İİ qrup əlil olmaqla 327 manat müavinət alır və borcun həmin pula yönəldilməsinə etiraz etmir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında X1 etibarnamə üzrə nümayəndəsi X7 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ümumiyyətlə icra sənədi üzrə heç bir ödəniş etmir. Qərəzli olaraq borcunu ödəmir. Hazırda onun ciddi maddi sıxıntılar var. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-259/2023 saylı icra vərəqəsinə əsasən X2 və Şəxs 14000 manat borc məbləğini təşkil edən pul və 39780 manat dəyərində 612 qram çəkidə 583 əyarlı qızılların dəyəri olan pul vəsaiti, dövlət rüsumu hesabına ödənilmiş 251,34 manat pul müştərək qaydada tutularaq X6 verilməsi qət edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-259/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası barədə” xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-259/2023 saylı icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarında olan elektron icra sistemindən əldə olunan çıxarışdan görünür ki, Şəxs İİ qrup əlil olmaqla 327 manat müavinət alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Hazırki iş üzrə isə məhkəmə göstərir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs qətnamənin icrasından qərəzli şəkildə yayınması halı yoxdur. Belə ki, hazırda o, İİ qrup əlil olmaqla 327 manat müavinət alır və borcun həmin pula yönəldilməsinə heç bir etiraz etmir. Bu zaman çərçivəsində isə borclunun qətnamənin icrasından qərəzli olaraq yayınması nəticəsinə gəlinməsi qanunamüvafiq olmaz. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnzibati məsuliyyətin əsaslarından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Adıçəkilən Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən 8-ci maddəsində qeyd olunmuşdur ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə diqqətə çatdırır ki, hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut İnzibati Xətalar Məcəlləsinin 75-82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları göstərilən Məcəllənin 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). Beləliklə, məhkəmə hesab edir ki, materialda olan sənədlərə əsasən Şəxs qətnamə üzrə borcunu qərəzli olaraq ödəməkdən yayınmasını müəyyən etmək mümkün deyildir. Əksinə onun aylıq hissə-hissə ödəniş etmək niyyətinin olması qərəzlilik faktını təkzib edir. Odur ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar