Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-158/2025 24.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tovuz RPŞ-nin DYPB-nin YPX inspektoru X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə toplanılmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xəta haqda protokol ona görə tərtib edilmişdir ki, o nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında göstərdi ki, o narkotik vasitədən və yaxud digər güclü təsir edən vasitələrdən istifadə etməmişdir.Yol patrul xidmətinin əməkdaşı X2 onun barəsində qərəzli olduğuna görə həmin protokol tərtib etmişdir. Əvvəllər də o o həmin inspektor tərəfindən bir neçə dəfə saxlanılmışdır. Sonuncu dəfə isə Cavid onu saxlayaraq onun narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə etməsini bildirmiş və avtomobilinin duracağa aparılaraq ona Gəncə şəhərinə getməli olduğunu təklif etmişdir. O isə onun hər hansı içki, narkotik vasitə qəbul etmədiyini bildirsə də, onun dediklərinə məhəl qoyulmamışdır. Ona narkotestr təqdim edilmədən o bir başa Gəncə şəhərinə aparılmış, Gəncə şəhərində isə aparılmış müayinənin nəticəsi ilə razı olmadığını bildirsə də ona əhəmiyyət verilməmişdir. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Tovuz RPŞ-nin DYPB-nin YPX inspektoru X2 izahatında göstərdi ki, Şəxs idarə etdiyi avtomobilin xarici işıq cihazları nasaz olduğundan saxlanılmış və avtomobil duracağa yerləşdirilmişdir. Duracaqda Abbasəli şübhəli olduğu üçün, gözləri qızardığından onun narkotestr vastiəsilə yoxlanılmasını təklif etmiş, o isə onun həkimə aparılaraq həkim müayinəsindən keçiriməsini xahiş etmişdir. Onlar da onu Gəncə Şəhər Narkoloji Dispanserə aparmışlar. Müəyyən edilmişdir ki, Abbasəli narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Şəxs narkotestrdən keçməkdən imtina edərkən akt tərtib edilməmişdir. Buna baxmayaraq avtomobilin duracağa yerləşdirilməsi ilə bağlı akt tərtib edilmiş, amma iş materiallarına əlavə edilməmişdir. Əvvəllər də Abassəli saxlanılmış, narkotestr vasitəsilə yoxlanılmış, hər hansı sərxoşluq müəyyən edilməmişdir.Bir dəfə də təhlükəsizlik kəmərini taxmadan avtomobili idarə etdiyinə görə saxlanılmış, ancaq bu barədə hər hansı protokol tərtib edilməmişdir. Odur ki, iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında icraa aparılna şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, Şəxs əməlində inzibati xəta tərtkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş hər hansı hüquqi qüvvəsi yoxdur. Belə ki, göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barədə İXM-nin 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, İXM-nin 333-1.1-ci maddəsi şəxsin nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutur. Həmin maddənin Qeyd hissəsinə görə isə xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi Şəxs sidiyindən götürülmüş nümunələr nəticəsində onun sərxoş olması qənaətinə gəlinmişdir. Məhkəmə müayinənin nəticələrini əks etdirən sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını sübut növü kimi qəbul etmir. Belə ki, İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, əvvəla sərxoşluq vəziyyətinin tibbi müayinəsi qanuna zidd yollarla həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının 2.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Hazırki işdə isə polis əməkdaşı texniki vasitə hesab edilən narkotesterdən istifadə etməyərək şəxsi narkotik qəbulunda şübhə altına alaraq Tovuz rayonundan Gəncə şəhərinə aparmış və həmin şəhərdə yerləşən tibb müəssisəsində sidikdən test götürmək yolu ilə analiz aparılmışdır. Halbu ki, həmin Qaydaların 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Bu halda polis əməkdaşları tərəfindən xüsusi texniki vasitə tətbiq edilməli olduğu halda, tətbiq edilməmişdir. Məhkəmə iclasında inziabti xəta haqqında protokol tərtib etmiş YPX əməkdaşı narkotesterin tətbiqindən imtina etdiyini göstərsə də, bu işin halları ilə öz təsdiqini tapmır. Belə ki, YPX əməkdaşı özü izahatında göstərir ki, əvvəllər də həmin şəxs də şübhələr olmuş, narkotester və alkotester tətbiqi nəticəsində şübhələr öz təsdiqini tapmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsə indi də xüsusi texniki vasitə təklif edilsə idi, onun bundan imtina etməsi üçün hər hansı əsaslar yox idi.Aydınolan odur ki, şəxsə narkotester təklif edilməmişdir. Əgər təklif edilib, şəxs narkosterdən imtina etsə idi o zaman xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunardı. Məhkəmə qeyd edir ki, şəxsin tibbi müayinəyə aparılması qanunsuz olmuşdur. Belə ki, şəxsin tibbi müayinədən keçməsi o haldas qanuni olardı ki, polis əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının 2.5ci bəndinə uyğun qaydada hərəkət etsinlər. Belə ki, həmin Qaydaların 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polisəməkdaşları tərəfindən protokol tərtib edilir. Göründüyü kimi o halda şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilir ki, şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunsun. Deməli bu halda inzibati xəta haqqında protokolun da hər hansı hüquqi qüvvəsi mövcud deyildir. Məhkəmə qeyd edir ki, o halda tibbi müayinənin nəticələri sübuti əhəmiyyətə malik olar ki, şəxs sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etsin və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olsun. Belə ki, yuxarıda adsı çəkilən Qaydaların 2.7-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Göründüyü kimi şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən sərxoş vəziyyətdə olubolmamasının müəyyən edilməsindən imtina etməmişdir. Çünki imtina etsə idi İXM-nin 96.3-cü maddəsinə əsasən protokol tərtib edilərdi. Belə ki, İXM-nin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Məhkəmə iclasında inzibati xəta haqqqında protokol tərtib etmiş belə bir protokolun tərtib edilməsini bildirmişdir. Yalnız avtomobilin duracağa yerləşdirilməsi ilə bağlı akt tərtib edildiyini, həmin aktın da işə əlavə edilmədiyini qeyd etmişdir. İXM-nin 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Bundan başqa məhkəmə digər əsasla da müayinənin nəticələrini qəbul edilən hesab etmir. Belə ki, İXM-nin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Bu işdə isə tibbi müayinə aparılarkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. Beləliklə Şəxs İXM-nin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol hər hansı hüquqi qüvvəsi olmayan sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən tərtib edildiyindən həmin protokol da şəxsin İXM-nin 333-1.1-ci maddəsinə münasibətdə hüquqi qüvvəsi olmayan sənəd hesab edilməlidir. YPX əməkdaşı tərəfindən məhkəməyə təqdim edilən video görüntü ilə bağlı məhkəmə onu qeyd edir ki, əvvəla şəxsin sərxoşluğu nəticəsinə gəlinməsini sübut edən vasitə xüsusi texniki vasitənin göstəriciləri və müyinə aktıdır. Bu görüntü şəxsin sərxoş olması anlamına gəlmək üçün əsas deyildir. Görüntüyə baxış keçirilərkən şəxsdə sərxoşluq halları müşahidə edilməməklə, o müayinənin nəticələrinə öz etirazını bildirir. Tibbi müayinə zamanı çəkilişin YPX əməkdaşı tərəfindən aparılmasından görünür ki, çəkiliş öncədən aparılmamışdır. Bundan başqa da məhkəmə onu da qeyd edir ki, yuxarıdas adı çəkilən Qaydaların 3cü hissəsində qeyd edilmişdir ki, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkimnarkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Tibbi müayinə protokolundan isə müayinə keçirən tibb işçisinin hansı həkim olduğu müəyyən edilmir. YPX əməkdaşı tərəfindən çəkilmiş video görüntülərdə müayinənin nəticəsi Baş həkim kimi təqdim edilən şəxsə göstərilsə də, müayinə aparan şəxsin vəzifəsi prtokolda öz əksini tapmamışdır. Bunda başqa məhkəmə YPX əməkdaşının məhkəmədə verdiyi, “Abbasəlinin gözləri qızardığından onda şübhə yaranmış və bu səbəbdən də onun müayinə edilməli zərurəti yaranmasına” dair izahatına münasibətdə onu qeyd edir ki, yuxarıda adı çəkilən Qaydaların 2-ci hissəsində göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. Göründüyü kimi bu halların hər hansı biri olmadığı halda, sürücünün gözlərinin qızarmasını əsas gətirərək YPX əməkdaşının sürücünü Tovuz rayonundan 80 kilometr uzaqlıqda yerləşən tibbi məntəqəsinə aparıb, analiz məqsədilə dolayısı ilə iradəsinə zidd olaraq təbii ehtiyacının ödənməsinə vadar edilməsi İXM-nin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi prinsipinə ziddir. İXM-nin 5-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş hər hansı hüquqi qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). Qeyd olunmalıdır ki, hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut İnzibati Xətalar Məcəlləsinin 75- 82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları göstərilən Məcəllənin 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə toplanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-158/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-158/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver