Məhkəmə qərarları › İş №3(062)-166/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-166/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-166/2025 25.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Protokol tərtib etmiş Tovuz rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə xırda xuliqanlıq etmişdir. Bununla da həmin şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X2 protokola uyğun izahat verərək göstərdi ki, tərtib etdiyi inzibati xəta haqqında protokol cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara uyğun olmuşdur. Həmin qərar əsasında şəxsin xırda xuliqanlıq etməsi nəticəsinə gəlmişdir. Həmin qərara əsasən Şəxs ucadan nalayiq ifadələr işlətmiş və ətrafdakıları təhqir etmişdir. Məhz bu əsasla protokol tərtib etmişdir. Porotokol tərtib edən zaman hər hansı fiziki şəxsi zərərçəkmiş kimi tanımamışdır. Odur ki, qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol ilə bağlı göstərdi ki, həmin protokolda qeyd olunanlar yalandır. Belə ki, xx.xx.2025-ci ildə Tovuz şəhəri, Aşıq Şəmşir küçəsində yerləşən qeyri-yaşayış sahəsini notarial alqı-satqı üzrə Məhərrəm adlı şəxsdən almışdır. Yəni əmlak onun mülkiyyətindədir. Hadisə baş verən günü yəni xx.xx.2025-ci ildə saat 10 radələrində Aşağı Quşçu kəndi ərazisində olmuş və bu zaman zəng gəlmişdir ki, yeni aldığın qeyri-yaşayış sahəsini uçururlar. Dərhal istifadəsində olan Niva markalı avtomobilə əyləşərək həmin yerə gəlmişdir. Hadisə yerinə çatan zaman aldığı qeyri-yaşayış sahəsinin fəhlələr tərəfindən dağıdıldığının şahidi olmuşdur. Həmin vaxt rayon icra hakimiyyyəti başçısının müavini Niftalı müəllim və şəhər icra nümayəndəsi Yaşar müəllim orada olmuşdur. Onlara heç bir söz demədən içəri keçmiş və fəryad edən formada fəhlələrə demişdir ki, “Allahınız yoxdurmu, niyə mənim əmlakımı dağıdırsız”. Daha sonra ora anası və arvadı gəlmişdir ki, qeyri-yaşayış sahəsini dağıtmağa qoymasınlar. Onları orada qoyub birbaşa rayon prokurorunun yanına getmişdir ki, olanları bildirsin. Heç kimi təhqir etməmiş və nalayiq ifadə işlətməmişdir. Əksinə icra hakimiyyətinin nümayəndələri onun mülkiyyətində olan əmlakı dağıtdırmaqla qanun pozuntusu etmişlər. Əgər kimisə təhqir etmişsə, o zərərçəkmiş kimi tanınmalı və hazırda məhkəmə iclasında iştirak etməli idi. Onun üzünə çıxmağa və onunla üzləşməyə utandıqları üçün həm istintaq orqanında, həm də məhkəmədə onunla qabaqlaşmamışlar. Bunu istintaq orqanından da tələb etmişdir ki, onları üzləşdirsin. Lakin təhqiqatçı bildirmişdir ki, onlar səninlə üzləşmək istəmir. Təkrar qeyd edir ki, heç kimi təhqir etməmişdir. Hələ nəzərə alınsa ki, qarşı tərəf vəzifəli şəxsdir və hakimiyyət nümayəndəsidir, heç vaxt onlara qarşı nalayiq ifadələr işlətməz. Varsa bu barədə sübut təqdim etsinlər. Əksinə kömək üçün özü dərhal prokurorun qəbuluna getmişdir. Qeyd olunanlara əsasən ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X3 xəsarət alması ilə bağlı daxil olmuş məlumat əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan həmin şəxslərin barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Tovuz RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Təsadüfi deyildir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X bəndində təsbit edilmişdir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın bu tələbinin yerinə yetirilməsi, öz növbəsində, dövlət orqanlarının hərəkətlərinin proqnozlaşdırıla bilən olmasına və onlara məhdudiyyətsiz mülahizə üçün imkan yaratmamasına zəmanət verməklə hər kəsin hüquq və azadlıqlarının mühüm təminatı kimi çıxış edir. Tərtib edilmiş protokolun mahiyyəti ondan ibarətdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən xırda xuliqanlıq edilmişdir. Azərbaycan Respublikası İXMnin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İş materialları ilə müəyyən edilir ki, şəxsin inzibati xəta törətməsi mötəbər sübutlarla təsdiq edilmir. Protokolda yalnız şəxsin xırda xuliqanlıq etməsi qeyd olunmuşdur. Polis əməkdaşı bunu belə izah etmişdir ki, protokol tərtib edən zaman cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı əsas tutmuşdur. Hansı ki, həmin qərar əsas tutulacağı halda hazırki inzibati xəta üzrə zərəçəkmiş şəxslər tanınmalı onlardan izahat alınmalı, lazımi gəldikdə şahidlər dindirilməli idi. Lakin polis əməkdaşı bu addımların atılması üçün təşəbbüs göstərməmiş və yalnız cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı özü üçün əsas tutmuşdur. Nəzərə almaq lazımdır ki, qanunla nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Zərər isə zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır. Belə hasil olur ki, əgər cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında şəxsə inzibati xəta haqqında protokol tərtib edilirsə, həmin qərar üzrə izahatı alınan və özlərinin təhqir edilməsini iddia edən şəxslər başlanmış inzibati icraat üzrə zərərçəkmiş şəxs qismində tanınmalı idi. Çünki barəsində icraat aparılan şəxsin əməli nə qədər ki, özü tərəfindən etiraf edilmir, inzibati xətanın baş verməsi zərərəçəkmiş şəxsin izahatları, habelə, şahidlərin izahatları ilə təsdiq edilməli idi. Hazırda isə bu cür subutlar iş materiallarında mövcud deyildir. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə diqqətə çatdırır ki, hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut İnzibati Xətalar Məcəlləsinin 75-82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları göstərilən Məcəllənin 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. Lakin hazırki inzibati iş üzrə barəsində inzibati icraat aparılan fiziki şəxsin təqdim edilmiş sənədlər ilə inzibati xəta törətməsi sübuta yetirilə bilmir. Bu aspektdən həmin şəxsin təqsirli olması nəticəsinə gəlinməsi qanunamüvafiq olmaz. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Digər tərəfdən məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, protokol tərtib edilən zaman istinad edilən cinayət işinin başlanmasının rədd edilməsi qərarı hazırda məhkəmə üçün hər hansı preyudisial əhəmiyyət kəsb etmir. Məhkəmə bununla bağlı gəldiyi nəticəni işıqlandırmaq üçün aşağıdakıları göstərir. “Azərbaycan Respublikası İXM-in 128-ci maddəsinin şərh edilməsinə dair” 02 noyabr 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Prosessual qərarların preyudisial əhəmiyyətindən bəhs edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Göründüyü kimi cinayət işinin başlanmasının rədd edilməsi qərarı hazırki iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün preyudisial əhəmiyyət daşımadığından qərarda göstərilənlər məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar