Məhkəmə qərarları › İş №3(062)-17/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-17/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-17/2023 06.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi, “X2 Sanayi və Ticarət Anonim Şirkəti” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən “X2 Sanayi və Ticarət Anonim Şirkəti” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2022-ci il tarixli, EP ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, “X2 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikası Filialı tərəfindən “asfaltyayan və vıbrasıyalı yolbasan maşınlar” yükü X1 xx.xx.2021-ci il tarixdə **********3527 və xx.xx.2021-ci il tarixdə **********277 sorğu nömrəli gömrük bəyannaməsi ilə qeydiyyata alınaraq müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirilmişdir. Lakin müvəqqəti ixracın müddətinin bitməsinə baxmayaraq “X2 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialı qeyd olunan yükü müvafiq gömrük proseduru altında rəsmiləşdirilməsi üçün müraciət etməmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi müəyyən edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, “X2 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikası İXM-in 499.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 22.2-ci maddəsində təsbit edilmişdir ki, hüquqi şəxslər barəsində xəbərdarlıq, inzibati cərimə və inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növləri tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinə əsasən, üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İnzibati Xətalar Məcəlləsinin 31.1 və 31.3-cü maddələri). Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək hesab edir ki, hüquqi şəxs olan “X2 Sanayi və Ticarət Anonim Şirkəti” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olmuş 70000 ABŞ dolları dəyərində malların iyirmi faizi məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: “X2 Sanayi və Ticarət Anonim Şirkəti” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin iyirmi faizi məbləğində, yəni 14000 ABŞ dolları məbləğində (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar