Məhkəmə qərarları › İş №3(062)-170/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-170/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-170/2024 01.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.2001-ci ildə Tovuz rayonu Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, öz deməsinə görə əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, Tovuz rayonu Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə bir qrup şəxs halında Tovuz rayon Kirən kəndində asfalt yolun kənarında yerləşən dərədə aşmış vəziyyətdə Tovuz rayon EŞ-nin balansında olan 35 kv-lıq Əhmədabad hava xəttinin Qandallar budaqlamasının 14 saylı anker dayağının 280 kq çəkidə, 98 manat dəyərində olan metal hissəsini kəsib aparmaqla oğurlamışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 protokola uyğun çıxış edərək, Şəxs barəsində inzibati tənbeh tətbiq edilib qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə bir qrup şəxs halında Tovuz rayon Kirən kəndində asfalt yolun kənarında yerləşən dərədə aşmış vəziyyətdə elektrik dirəyinin bir hissəsini kəsərək oğurlamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarında olan və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, aşağıda göstərilən qaydada müəyyən edilmişdir ki, Şəxs törətməsi ehtimal edilən inzibati xətada cinayətin əlamətləri vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: X5 Təchizatı və Satışı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 35 kv-lıq Əhmədabad hava xəttinin Qandallar budaqlamasının 14 saylı anker dayağının ümumilikdə dəyəri 9410,50 manat təşkil edir. Tovuz rayon “Nəsimi” firmasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1 kq metal dəmirin satış qiyməti 0,35 qəpik, 280 kq metal dəmirin bugünə olan bazar qiyməti ümumilikdə 98 manat təşkil edir. Tovuz RPŞ-nin TB-nin baş təhqiqatçısı X3 xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Tovuz RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə təhqiqat aparılan zaman zərərçəkmiş dövlət orqanını maraqları nəzərə alınmamış, təhqiqat zamanı zərərçəkmiş dövlət orqanı işə cəlb edilməmişdir. Həmin dövlət orqanı tərəfindən təhqiqat orqanına dəymiş ziyanın 9410,50 manat təşkil etməsinə dair sənəd təqdim edilsə də, təhqiqatçı hər hansı araşdırma aparmadan bazardan aldığı bir arayış əsasında dəymiş ziyanı müəyyən etmiş və nəticədə cinayət işinin başlanmasının rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə barəsində iş üzrə inzibati icraat aparılan şəxsin əməlinə cinayət hüquqi qiymət vermək niyyətindən uzaq olaraq onu qeyd edir ki, təhqiqatçı vurulmuş məbləğin az olması qənaətinə gəlməklə şəxsin əməlində cinayət tərkibinin olmaması nəticəsinə gəlmişdir. Halbuki, dövlət və ictimai əhəmiyyət daşıyan 35 kv-lıq Əhmədabad hava xəttinin Qandallar budaqlamasının 14 saylı anker dayağının qiymətinin 98 manat olması ağlabatan deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Qeyd edilən Məcəllənin 19.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan, zərər çəkmiş şəxs (xüsusi ittihamçı), mülki iddiaçı , mülki cavabdeh və ya onların qanuni nümayəndələrinin, habelə barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin cinayət, prosesi gedişində özlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada dəvət etdiyi nümayəndənin hüquqi yardımından istifadə etmək hüququnu gözləməlidir. Qeyd edilən Məcəllənin 46.3-cü maddəsinəəsasən cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. Həmin Məcəllənin 86.2.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək təhqiqatçının vəzifəsidir. İşin hallarından göründüyü kimi təhqiqat zamanı cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görülməmiş, zərərçəkmiş şəxsin iştirakı təmin edilməmiş, onun oğurlanmış əmlakın dəyəri ilə bağlı təqdim etdiyi sübutlar CPM-nin tələblərinə uyğun şəkildə qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində cinayət əlamətləri aşkar edildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs əməlinə düzgün hüquqi qiymət verilməsi üçün iş materialları Tovuz RPŞ-nin Təhqiqat bölməsinə göndərilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Şəxs əməlində cinayət əlamətləri aşkar edildiyindən iş materialları araşdırılması üçün Tovuz RPŞ-nin Təhqiqat bölməsinə göndərilsin. Qərarın icrasına nəzarət üçün qərarın sürəti Tovuz rayon prokuroruna göndərilsin. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar