Məhkəmə qərarları › İş №3(062)-180/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-180/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-180/2025 10.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi ilə Şəmkir RPŞ-nin DYPB-nin YPX inspektoru polis serjantı X2 xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarından barəsində tənbeh tətbiq edilmiş şəxs X4 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir RPŞ-nin DYPB-nin YPX inspektoru polis serjantı X2 xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və təyin edilmiş cərimənin silinməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəmkir RPŞ-nin DYPB-nin YPX inspektoru polis serjantı X2 xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, qərar qanunsuz və əsassızdır. Belə ki, o, idarə etdiyi “VAZ- 21061” minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman “dur” yol nişanının tələblərinə uyğun olaraq nəqliyyat vasitəsini dayandırmışdır. Həmin vaxt əsas yolda yol patrul xidməti əməkdaşlarının nəqliyyat vasitəsi olmuşdur. O, həmin nəqliyyat vasitəsinin hərəkətini davam etdirərək keçməsini gözləmişdir ki, sonra o, hərəkətinə davam etsin. O, bir qədər gözləsə də yol patrul xidməti əməkdaşları idarə etdikləri nəqliyyat vasitəsini hərəkət etdirməyərək tam dayanmış vəziyyətdə olmuşlar. O, bir qədər də gözləyib onlara işıq siqnalları ilə işarə versə də onlar yenə də hərəkət etməmişlər. Bu səbəbdən o, hərəkətə başlayıb yoluna davam etmişdir. Bir qədər sonra həmin yol patrul xidməti əməkdaşları onun idarə etdiyi nəqliyyat vasitəsini saxlatdıraraq onun barəsində qeyd etdiyi qanunsuz və əsassız qərarı qərarı qəbul etmişlər. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əvvəlki məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilərək qərarın ləğv edilməsi və təyin edilmiş cərimənin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçiyə və qərarından şikayət verilmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəmkir RPŞ-nin DYPB-nin YPX inspektoru polis serjantı X2 xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. “Asan Pay” ödəniş sisteminə baxış zamanı müəyyən edilmişdir ki, X3 adına tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol üzrə tərtib edilmiş cərimə ödənilmişdir. Göründüyü kimi X4 adına yazılmış cəriməni ödəyərək mübahisələndirdiyi qərarla razılaşmışdır. Məhkəmə tərəfindən iş materiallarında olan sənədlərə sübut kimi qiymət verilərək müəyyən edilmişdir ki, şikayətçi barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən qanun pozuntusuna yol verilməmiş, bütün prosedurlar qanunvericiliyin tələbinə uyğun həyata keçirilmişdir. Məhkəmə iclasında tam aydın oldu ki, şikayətçi X1 RPŞ-nin DYPB-nin YPX inspektoru polis serjantı X2 xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi üçün mötəbər və kifayət qədər əsaslar təqdim edə bilmədiyinə görə həmin qərar qanuni hesab edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində qeyd olunmuşdur ki, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X3 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə o, qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməməli və Şəmkir RPŞ-nin DYPB-nin YPX inspektoru polis serjantı X2 xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir RPŞ-nin DYPB-nin YPX inspektoru polis serjantı X2 xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar