Məhkəmə qərarları › İş №3(062)-187/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-187/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-187/2023 16.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis leytenantı X2 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis leytenantı X2 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis leytenantı X4 tərəfindən ona Tovuz rayonu Düz Qırıqlı kəndində xx.xx.2023-cü il tarixdə saat 18:00-da həmin tarixli İXP ******* nömrəli protokolla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd olunaraq 60 manat məbləğində cərimə yazılmışdır. İşin faktik halları belə olmuşdur ki, yaşadığı kəndin ərazisində özünə məxsus “Chevrolet Cruze” minik markalı ** SY *** dövlət qeydiyyat nişanlı maşınla hərəkətdə olarkən bir hissəsi yolun sağ kənarında hərəkətsiz olan “Mitsubishi” markalı avtomobilin solundan keçərkən hərəkətsiz olan avtomobil işıqlarını yandırmadan, heç bir işarə etmədən, birdən-birə hərəkətə keçərək sola dönmə əməliyyatı etmişdir. Hərəkətsiz olduğuna görə həmin avtomobilin yanından keçən anda o birdən birə sola dönmə əməliyyatı etmiş, bunun nəticəsində onun avtomobili digər avtomobilin qapısının orta hissəsindən dəyərək əzilmişdir. Hadisənin baş verməsinin əsas səbəbi ** AA *** qeydiyyat nişanlı “Mitsubishi” markalı avtomobilin sahibinin ehtiyatsızlığı və təqsiri ucbatından olsa da hazırda ona 60 manat cərimə yazılmışdır. Bundan başqa onun maşınına vurulmuş ziyan da mövcuddur. Həmin günü polis əməkdaşları hadisə yerinə gələrək avtomobillərin şəkilini çəkmiş və hadisə yerinə baxış keçirmişlər. xx.xx.2023-cü il tarixində polis əməkdaşları onun günahının olmadığına görə onu sığortaya yönəltmək haqqında məlumat vermiş, daha sonra xx.xx.2023-cü il tarixində isə onu Tovuz RPŞ-nə çağıraraq qanunsuz və əsassız yazılmış protokolu ona təqdim edərək qarşı tərəfini yəni əsl hadisənin səbəbkarı və günahkarını sığortaya yönəltmək haqqında məlumat vermişlər. Hazırda dəymiş həmin ziyanın ödənilməsinə maddi imkanı çatmır. Heç bir günahı olmadan əsassız yerə yollarda qalmışdır. Bundan başqa hadisə baş verən zaman həmin ərazidə X5 və Nağıyev Ələsgər mətləb oğlu adında şəxslər də olmuşdur. Bütün bu halları onlard a təsdiq edə bilərlər. Hesab edir ki həm maşınının vurulması, həm də yersiz yerə pul ödəməyi qanunsuzluqdur. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən barəsində qərar qəbul edilmiş şəxs X3 şikayətin dəlillərini müdafiə edərək məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, onun hadisənin qarşısını almaq imkanı olmamışdır. Belə ki, özünə məxsus olan “Chevrolet Cruze” minik markalı ** SY *** dövlət qeydiyyat nişanlı maşınla hərəkətdə olarkən yolun sağında hərəkətsiz olan “Mitsubishi L200” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Həmin vaxt onun sürət həddi 40-50 km/saat arası olmuşdur. Həmin avtomobilin hətta bir hissəsi yolun üzərinə düşmüşdür. Avtomobil hərəkətsiz olduğu üçün yanından yəni sol tərəfindən ötmə edərək öz yoluna davam etməyi planlaşdırmışdır. Lakin avtomobilə çatmağa 2-3 metr qalmış qeyd olunan avtomobilin sürücüsü onun qabağından sola dönmə əməliyyatı etmək istəmiş, nəticədə isə mövcud hadisə baş vermişdir. Onun hər hansı təqsiri yoxdur. Lakin buna baxmayaraq ona cərimə yazılmışdır. Odur ki, qərarın ləğv olunmaqla iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis leytenantı X4 izahatında göstərmişdir ki, yol nəqliyyat hadisəsinin baş verdiyi ərazi Tovuz rayonu, Düz Qırıqlı kəndi ərazisindən keçən yoldur. Həmin avtomobil yolunun hadisənin baş verdiyi hissəsində hər hansı ötmə əməliyyatını qadağan edən yol nişanı və ya nişanlanma xətti yoxdur. Bir sözlə sürücü X1 ötmə əməliyyatı etməsində hər hansı qanunsuzluq olmamışdır. Sadəcə olaraq baş vermiş yol nəqliyyat hadisəsində “Chevrolet Cruze” minik markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü təqsirli zənn etdikləri üçün müvafiq qərarla ona cərimə yazılmışdır. Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında şahid qismində ifadə verən X5 izahatında göstərmişdir ki, hadisə baş verən zaman yolun kənarında olmuş və hadisənin canlı şahidi olmuşdur. Belə ki, “Mitsubishi L200” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ hissəsində hərəkətsiz dayanmışdır. Bu zaman həmin avtomobilin yarı hissəsi hətta yola düşmüşdür. “Chevrolet Cruze” minik markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “Mitsubishi L200” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətsiz olduğundan onun işıq siqnalından istifadə etməklə sol tərəfindən ötmə əməliyyatı edən zaman sonuncu avtomobilin sürücüsü hər hansı xəbərdaredici işıq yandırmadan sola dönmə manevri etmişdir. Bu zaman yol nəqliyyat hadisəsi baş vermişdir. Hansı ki, “Chevrolet Cruze” minik markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin artıq “Mitsubishi L200” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə çatmasına maksimum 2 metr qalmışdır. Hadisənin qarşısının alınması mümkün olmamışdır. Əlavə olaraq qeyd etdi ki, yolun həmin hissəsində hər hansı yol nişanı və ya nişanlanma xətti yoxdur. Barəsində qərar qəbul edilmiş və qərarından şikayət verilmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh verilməsi haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmişdir ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş hər hansı hüquqi qüvvəsi yoxdur. İş materialları araşdırılan zaman müəyyən edilir ki, Elvin Hüseynova cərimə yazılmasına əsas İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi olmuşdur. Məhkəmə həmin normanın nəzərdən keçirilməsini zəruri hesab edir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində qeyd olunmuşdur ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Qərardan şikayət vermiş şəxsin inzibati qaydada cərimə edilməsi üçün həqiqətən də qeyd olunan inzibati xətanı törətməsi öz təsdiqin tapmalıdır. Bir sözlə qərarı qəbul etmiş orqan sübuta yetirməlidir ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən inzibati xəta törədilmişdir. İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2 və 99.3-cü maddələrində qeyd olunmuşdur ki, Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Şikayət vermiş şəxsə inzibati tənbeh tətbiq edilən normanın struktur elementi olub, subyektlərin hüquq və vəzifələrini, davranışın mümkün və icbari variantını nəzərdə tutan dispozisiyasına nəzər yetirilən zaman müəyyən edilir ki, yol patrul xidmətinin əməkdaşı ona hadisə üzrə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğu üçün cərimə yazmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun əsas anlayışlardan bəhs edən 1-ci maddəsinin 39-cu hissəsində göstərilmişdir ki, ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir. Həmin Qanunun 1-ci maddəsinin 2-1-ci hissəsində qeyd olunmuşdur ki, yol hərəkətinin təşkilinin texniki vasitələri - yollarda hərəkətin təşkili və tənzimlənməsi, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizliyinin və fasiləsiz hərəkətinin təmin edilməsi, yolların buraxıcılıq qabiliyyətinin artırılması üçün tətbiq edilən qurğular, avadanlıqlar və təsvirlərdir (svetoforlar, yol nişanları, nişanlama xətləri, qoruyucu sədlər, dirəkciklər və s.). İşin faktik hallarından müəyyən edilir ki, avtomobil yolunun yol nəqliyyat hadisəsi baş verən hissəsində yol hərəkətinin təşkili üçün hər hansı yol nişanı və ya nişanlama xətləri yoxdur. “Chevrolet Cruze” minik markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobil yolu ilə hərəkətdən olan yolun sağ hissəsində (yarısı yolun hərəkət hissəsinə düşən) dayanmış “Mitsubishi L200” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobili işıq siqnalından istifadə etməklə sol tərəfindən ötmə əməliyyatı edərək keçən zaman avtomobili ötməsinə 2-3 metr qalmış sonuncu avtomobilin sürücüsü hər hansı işıq siqnalından istifadə etmədən sola dönmə manevri etmişdir. Nəticədə mövcud yol nəqliyyat hadisəsi baş vermişdir. İşin qeyd olunan halları həm yol patrul xidmətinin əməkdaşı, həm qərardan şikayət vermiş şəxs, həm də şahid izahatları ilə təsdiqi tapmışdır. Halbuki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 5-ci hissəsində qeyd olunmuşdur ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır (“Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin İ bəndi). Məhkəmə diqqətə çatdırır ki, baş vermiş yol nəqliyyat hadisəsində “Chevrolet Cruze” minik markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hər hansı ötmə qaydalarını pozması iş materialları ilə təsdiqin tapmır. Belə olan halda şəxsin həqiqətən də inzibati xəta törətmiş olması yetərli sübutlarla təsdiq olunmamış hesab edilir. Həmçinin həmin şəxsin özünün təqsirli olmamasını sübuta yetirməsinə zərurət yoxdur. Bu təqsirsizlik prezumpsiyası prinsipindən irəli gəlir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, yol patrul xidmətinin əməkdaşı tərəfindən Elvin Hüseynov barəsində qərar qəbul edilən gəlinmiş nəticənin təsdiqi yetərli sübutlarla təsdiq edilməmişdir. Qeyd olunmalıdır ki, hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut İnzibati Xətalar Məcəlləsinin 75- 82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları göstərilən Məcəllənin 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayət təmin edilsin. Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis leytenantı X2 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar