Məhkəmə qərarları › İş №3(062)-191/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-191/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-191/2024 11.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1980-ci il tarixdə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-də debitor mühəndis vəzifəsində işləyən, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Tovuz Rayon Polis Şöbəsinin inzibati binasında uca səslə danışaraq polis əməkdaşının ünvanına nalayiq ifadələr işlətmiş, polisin iş rejimini pozmuş və orada olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X3 protokola uyğun izahat verərək göstərdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Tovuz Rayon Polis Şöbəsinin inzibati binasında uca səslə danışaraq nəlayiq ifadələr işlətməklə polisin iş rejimini pozmuş və orada olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qanunsuz hərəkətlərinə davam etmişdir. Ona görə də bu barədə müvafiq protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanunamüvafiq hesab edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı etiraf etməyərək bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində müraciət etdiyi ərizəyə baxılması və nəticəsi barədə Tovuz RPŞ-yə getmişdir. Orada ona qarşı dələduzluq edən Yusif adlı şəxsdən 18780 manat pulun hansı səbəbə alınmadığını müstəntiq Amil Qurbanovdan soruşmuşdur. Həmin vaxtı o, əsəbi olduğu üçün yüksək səslə danışmışdır. Lakin heç bir inzibati xəta törətməmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində icraatında olan cinayət işi ilə bağlı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs qismində tanıdığı Şəxs ifadələri arasında olan ziddiyəti aradan qaldırmaq üçün üzləşdirmə aparmaq məqsədilə Şəxs şöbəyə dəvət etmişdir. Bu zaman Şəxs onun otağına daxil olaraq uca səslə ünvanına nalayiq ifadələr işlədərək, ona qarşı dələduzluq edən şəxsdən pulunun alınmasını tələb etmişdir. Həmin vaxt oraya digər polis əməkdaşları gəlmiş, sonuncunu nizamintizama dəvət etmiş, lakin o, qanunsuz hərəkətlərinə davam edərək iş rejimini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Tovuz RPŞ-nin inzibati binasında xidmətdə olarkən adını sonradan bildiyi Şəxs adlı şəxs polis müstəntiqi Amil Qurbanovun otağında ona qarşı uca səslə nalayiq ifadələr işlətdiyinin şahidi olmuşdur. Bu zaman ora gələn polis əməkdaşları Şəxs nizam-intizama dəvət etsə də sonuncu qanunsuz hərəkətlərinə davam edərək polisin iş rejimini pozmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, habelə şahidləri dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, Şəxs inzibati xətaları törətməsini məhkəmə iclasında etirsf etməsə də, o polis şöbəsində törədilmiş xətanı etiraf etmiş, əsəbi olduğundan polis şöbəsində nalayiq ifadələr işlətdiyini bildirmişdir.Belə ki, o izahatında göstərmişdir ki, o özünə gələdikdən sonra bilmişdir ki, o səhv hərəkətlər edir. O etdiyi biabırçı hərəkətlərdən peşman olduğunu göstərmişdir. Göründüyü kimi Şəxs şikayəti əsasında araşdırılma aparılmış, şəxs istintaqa cəlb edilərək tutulmuş, bir sıra istintaq hərəkətləri aparılaraq Şəxs zərərçəkmiş olduğu işlə bağlı təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətlə məhkəməyə müraciət edilmişdir. Məhkəmə qeyd edir ki, işin hallarından da göründüyü kimi məhz Şəxs hüquqlarının daha keyfiyyətli təmini üçün Şəxs polisə dəvət edilmiş, bununla belə o polisin hərəkətlərinə sərt şəkildə etirazını bildirərək hüquqa zidd hərəkətlər etmişdir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs adıçəkilən Məcəllənin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İnzibati Xətalar Məcəlləsinin daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrinin tərkibi vardır və o, həmin maddələrdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı, onun barəsində inzibati cərimə tənbeh növü seçilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar