Məhkəmə qərarları › İş №3(062)-196/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-196/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-196/2025 06.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Tovuz rayonu Əlibəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) nəfər uşaqları olan, orta təhsilli, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Əlibəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokola əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1296/2022 saylı icra sənədi üzrə yaranmış 2854,25 manat borcunu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək göstərdi ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1296/2022 saylı icra sənədinə əsasən, Şəxs cəmi 3651,25 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Həmin icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin tarixli tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Həmin bildiriş borclu tərəfindən rəsmi qaydada əldə edilmişdir. Hazırki vaxta kimi borclu tərəfindən tələbkara olan borcunun müəyyən bir hissəsi ödənilsə də, borcunu tamamilə ödəməmişdir. Nəticədə onun 2854,25 manat borcu yaranmışdır. Borclu qətnamənin icrasından boyun qaçırır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hazırda maddi vəziyyəti çox aşağıdır. Ondan qətnamə əsasında tutulmalı olan pul məbləğini birdəfəyə ödəməyə imkanı çatmır. Lakin bununla yanaşı pul məbləğini ödəməkdən boyun qaçırmır. Hazırki vaxta kimi borcunun böyük bir hissəsini ödəmiş və geri qalan borcunu qısa zamanda tamamilə ödəyəcəkdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar iştirak etməmiş və məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1296/2022 saylı icra sənədinə əsasən, Şəxs cəmi 3651,25 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1296/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası barədə xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Şəxs Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1296/2022 saylı icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün 10 gün müddətində vaxt verilmişdir. Məhkəmə icra məmurunu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun ifadə etdiyi mənadan belə nəticəyə gəlmək olur ki, göstərilən norma üzrə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş üzrə isə məhkəmə göstərir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs qətnamənin icrasından üzrsüz şəkildə yayınması halı yoxdur. Belə ki, hazırda o, borcunun müəyyən bir hissəsini ödəmiş, geri qalan borcunu isə qısa zamanda hissə-hissə ödəyəcəyinə söz vermişdir. Bu zaman çərçivəsində isə borclunun qətnamənin icrasından üzrsüz olaraq yayınması nəticəsinə gəlinməsi qanunamüvafiq olmaz. İnzibati məsuliyyətin əsaslarından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Adıçəkilən Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən 8-ci maddəsində qeyd olunmuşdur ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə diqqətə çatdırır ki, hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut İnzibati Xətalar Məcəlləsinin 75-82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları göstərilən Məcəllənin 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). Beləliklə, məhkəmə hesab edir ki, materialda olan sənədlərə əsasən Şəxs qətnamə üzrə borcunu üzrsüz olaraq ödəməkdən yayınmasını müəyyən etmək mümkün deyildir. Əksinə onun aylıq hissə-hissə ödəniş etmək niyyətinin olması qərəzlilik faktını təkzib edir. Odur ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar