Məhkəmə qərarları › İş №3(062)-211/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-211/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-211/2023 13.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 və Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis leytenantı X2 iştirakı ilə, Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis leytenantı X2 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis leytenantı X2 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Qədirli kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində özünə məxsus olan idarə etdiyim “Mercedes Benz V200 CDİ” minik markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz- Ağbaşlar yolunun Yanıqlı kəndi hissəsində hərəkətdə olarkən, yəni üzü Ağbaşlar kəndi istiqamətində yol-hərəkət qaydalarına tam riayət edərək, sürət həddini aşmadan gedən zaman “Ford Transit” markalı avtomobil qəflətən onun hərəkət etdiyi yola çıxmışdır. Dərhal hadisənin qarşısını almaq üçün əyləci basaraq qarşıdakı avtomobilin hansı hərəkət etməsini gözləmiş, bu vaxt qarşıdan hərəkət edən avtomobilin sürücüsü hələ də üstünə gəlməkdə davam etdiyini, qarşı hərəkət zolağının yolun boş olmasını görərək maşını öz hərəkət etdiyi yoldan sol zolağa çəkmişdir. Bu vaxt “Ford Transit” markalı avtomobilin sürücüsü indi də yolda sürüşməsini görərək yenə də o olan tərəfə rolu döndərmişdir. Bu zaman isə hadisənin qarşısını heç cür ala bilməmişdir. Maşınları saxlayaraq yol polisi çağırsalar da DYP-nin əməkdaşı onun təqsirli olmasını bildirmişdir. Orada hadisənin necə olmasını bildirməsinə baxmayaraq tamamilə qanunsuz qərar qəbul edrək onu 60 manat cərimə etmişdir. Bu barədə hadisəni görən və maşında sərnişin kimi əyləşən şəxslər də bildirə bilər. Əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. Üzərinə gələn nəqliyyat vasitəsindən qaçmaq üçün zolağı dəyişmək məcburiyyətində qalmışdır. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis leytenantı X4 şikayətin dəlillərini qəbul etmədi və izahatında göstərdi ki, şikayətin dəlilləri əsassızdır. Çünki barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs əks istiqamətli zolağa çıxmaqla yolnəqliyyat hadisəsi törətmişdir. Hansı ki, bu tərtib edilmiş sxem ilə də təsdiqin tapmışdır. Həmin sxem şikayət vermiş şəxsin özü tərəfindən də imza edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X3 nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxdığı üçün İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işdə iştirak edən şəxsləri dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33cü bəndində göstərilmişdir ki, yol hərəkəti iştirakçısı — hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınmazı üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir. Həmin Qanunun 36-cı maddəsinin İ bəndində göstərilmişdir ki, yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər İş materialları ilə müəyyən edilir ki, X3 tərəfindən “Mercedes Benz V200 CDİ” minik markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobil Tovuz-Ağbaşlar yolunun Yanıqlı kəndi hissəsində Qovlar şəhəri istiqamətində idarə olunan zaman əks istiqamətli zolağa çıxılmaqla yol-nəqliyyat hadisəsi törədilmişdir. İşin qeyd olunan halı inzibati qərarı qəbul etmiş orqan tərəfindən təqdim olunan hadisə yerinin sxemi və inzibati araşdırma zamanı alınmış izahatlarla təsdiqin tapır. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində qeyd olunmuşdur ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Məhkəmə tərəfindən iş materiallarında olan sənədlərə sübut kimi qiymət verilərək müəyyən edilmişdir ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən şikayətçi barəsində protokol tərtib edilərkən və inzibati xəta haqqında qərar qəbul edilərkən qanun pozuntusuna yol verməmiş, bütün prosedurlar qanunvericiliyin tələbinə uyğun həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, Eldəniz Əliyevin inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə o, qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməməli və Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis leytenantı X2 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul oluna bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis leytenantı X2 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar