Məhkəmə qərarları › İş №3(062)-214/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-214/2024

05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-214/2024 05.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EP0088300 saylı qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə X1 tərəfindən verilmiş vəsatətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EP0088300 saylı qərar ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 ABŞ dolları məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra X1 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş inzibati cərimənin şərti tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli, EP0088300 saylı qərarın ləğv edilməsi və onun əsasında yazılmış cərimənin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Eyni zamanda X1 qərardan şikayət vermə müddətinin bərpası barədə ərizə təqdim edərək buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi və mahiyyəti üzrə işə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, barəsində tənbeh vermə haqqında qərar ona yeni məlum olmuşdur. Qərardan məlumatsız olmuşdur. Ona görə də müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxılmasına dair məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq proses iştirakçıları məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, qüvvədə olan inzibati xətalar barədə qanunvericiliyin tələblərini hüquqi qiymətləndirərək hesab edir ki, verilmiş vəsatət təmin edilməməlidir. İlk növbədə məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə 2019cu il 24 dekabr tarixli Qərarı). İnzibati Xətalar Məcəlləsinin 130.1 və 130.2-ci maddələrində qeyd olunmuşdur ki, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə diqqətə çatdırır ki, ötürülmüş prosessual müddətin bərpa edilməməsi o vaxt əsaslı olar ki, həmin tələb qərarın icrasını ləngitmək, nüfuzuna xələl gətirmək, hüquqdan sui-istifadə, məsuliyyətdən yayınma və bu kimi məqsədlər daşımış olsun. Lakin tərəflərin fundamental hüquqlarının pozulması mübahisə doğurduğu hallarda müddət bərpa edilməli, şəxsin hüquq və azadlıqlarının təmin edilməsi üçün məhkəməyə müraciət etmək hüququ məhdudulaşdırılmamalıdır. Eyni zamanda prosessual müddətin bərpasından imtina o zaman əsaslı hesab edilməlidir ki, prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən olması barədə məhkəməyə tutarlı sübut təqdim edilməsin. İşin halları bu aspektlərdən araşdırılan zaman müəyyən edilmişdir ki, barəsində inzibati tənbeh tətbiq edilən şəxs həmin qərarın qəbul edilməsindən məlumatlı olmuş və lakin səhlənkarlıq nümayiş etdirərək qərardan vaxtında şikayət verməmişdir. Məhkəmə diqqətə çatdırır ki, hazırda Elman Yusifovun qərardan şikayət verməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəni verməkdə məqsədi onun inzibati məsuliyyətdən yayınmaq niyyətindən irəli gəlir. Bir növ Elman Yusifovun bu addımı hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Sadalananlara əsasən məhkəmə insan və vətəndaşın hüquqlarını və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olmasını, bu hüquq və azadlıqların gözlənilməsi və qorunmasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi olmasını nəzərə alıb hazırkı halda buraxılmış müddətin bərpası üçün heç bir üzrlü hal görmür. Konstitusiya insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqların gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EP0088300 saylı qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə X1 tərəfindən verilmiş vəsatət təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsində göstərilmişdir ki, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1, 130.3 və 128-130-cu maddələrini maddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EP0088300 saylı qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə X1 tərəfindən verilmiş vəsatət təmin edilməsin. Şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar