Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-217/2025 19.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Tovuz RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X1, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 iştirakları ilə Tovuz RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından X6 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Tovuz RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, “X10” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman Tovuz şəhəri M.Musayev küçəsində Tovuz RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X4 ona yaxınlaşaraq, guya avtomobili yolun hərəkət hissəsinin kənarında saxladığını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə inzibati xəta haqda protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2025-ci il tarixli TP ******* №-li qərarla 80 manat cərimə olunmuşdur. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə görə bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən, Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Tovuz RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X1 istifadəsində olan xidməti avtomaşında qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr mövcuddur. Onun inzibati xəta törətməyi avtomaşında olan xüsusi texniki vasitələr ilə qeydiyyata alınmalı idi. O, bununla bağlı Tovuz RPŞ-də olmuş, onun inzibati xəta törətməsi barədə heç bir videogörüntünün mövcud olmadığı bildirilmiş və ona məhkəməyə şikayət etmək hüququnun olması izah edilmişdir. Göründüyü kimi ona yazılmış cərimə qanunsuz və əsassız tərtib edilmişdir. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, onun sərnişin düşürdüyü yer, dayanma-durmanın qadağan edildiyi yer olmayıb. O avtomobilin yanında olarkən YPX əməkdaşları onu çağırmış, polis əməkdaşları tərəfindən ona inzibati xəta haqda protokol tərtib edilmişdi. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Tovuz RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X4 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə xidmət yoldaşı YPX inspektoru X5 ilə birlikdə Tovuz şəhəri M.Musayev küçəsində xidmət apararkən “X10” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında saxladığını görmüşdür. Bu barədə avtomobilin sürücüsü X3 inzibati xəta törətdiyini bildirmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə inzibati protokol tərtib etmiş və həmin protokolun əsasında qərar qəbul edilərək, 80 manat cərimə edilmişdir. Xəta baş verən zaman sürücü avtomobilin yanında olmuşdur. Odur ki, şikayətin rədd edilməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, o X4 ilə birlikdə xx.xx.2025-ci il tarixdə xidmət yoldaşı YPX inspektoru X5 ilə birlikdə Tovuz şəhəri M.Musayev küçəsində xidmət apararkən “X10” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında saxladığını görmüşdür. Bu barədə avtomobilin sürücüsü X3 inzibati xəta törətdiyini bildirmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə inzibati protokol tərtib etmiş və həmin protokolun əsasında qərar qəbul edilərək, 80 manat cərimə edilmişdir. Xəta baş verən zaman sürücü avtomobilin yanında olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati protokol tərtib etmiş şəxsi, barəsində qərar çıxarılmış şəxsi, şahidi dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 80 manat məbləğində cərimə və 2 cərimə balı tətbiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, X6 “X10” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında saxlamış və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. İşin qeyd olunan halı iş materialları və şahidin izahatı ilə təsdiqini tapır. Məhkəmə şikayət vermiş şəxsin şikayət göstərdiyi dəlilləri səmimi qəbul etmir və inzibati məsuliyyəytdən yayınmağa xidmət edən dəlillər kimi qiymətləndirir. Belə ki, şikayət vermiş şikayətində göstərməsə də, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o sərnişin düşürmək üçün həmin ərazidə dayanmışdır. Buna baxmayaraq həmin ərazi dayanma-durmanın qadağan edildiyi yer olmamışdır. Məhkəmə qeyd edir ki, həmin ərazinin dayanma-durmanın qadağan edildiyi ərazi olması inziabti xəta haqqında qərar qəbul etmiş şəxsin və həmin ərazidə xidmət aparan digər şahidin izahatları ilə öz təsdiqini tapmışdır. Həmin şəxslərin izahatları mötəbər sübut kimi qəbul edilir və onların izahatlarını şübhə altına alan hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edilən inzibati xətanın xüsusi texniki vasitənin köməkliyi ilə qeydə alınmalı olmasına dair dəlillərə münasibətdə məhkəmə onu qeyd edir ki, Yol-Patrul xidməti haqqında Təlimatın 4.10-cü maddəsinə əsasən piyada xidmət aparma zamanı yol hərəkətinə nəzarət səkinin kənarı (yolun kənarı), yolun ehtiyat hissəsi ilə hərəkət etməklə həyata keçirilir. Xidmətin aparılma yeri elə seçilməlidir ki, YPX inspektoru mümkün qədər çox sayda yol hərəkəti iştirakçısı üçün aydın görünsün və hüquq pozuntularının qarşısını vaxtında almaq imkanına malik olsun. Qeyd edilən təlimatın 8.2-ci bəndinə görə isə inzibati xəta hadisəsi DYP-nin səlahiyyətli əməkdaşı tərəfindən bilavasitə, o cümlədən xüsusi texniki vasitələrin (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla) köməyi ilə aşkar edildikdə onun törədilməsində təqsirli hesab edilən şəxs barədə protokol və ya qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş əlavələrə uyğun olaraq sürücülük vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd əsasında tərtib edilir (çıxarılır). Göründüyü kimi inzibati xəta hadisəsi istər xüsusi texniki vasitənin köməkliyi ilə, istərsə də DYP-nin səlahiyyətli əməkdaşı tərəfindən bilavasitə aşkar edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində qeyd olunmuşdur ki, Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 327.1-1, 327.1-2, 328.2, 346.2 və 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş xətalar 2 balla, 327.2, 328.3 və 331-ci maddələrində nəzərdə tutulmuş xətalar 3 balla, 327.3 - 327.6, 328.4, 342.7 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar 4 balla qiymətləndirilir.. Məhkəmə tərəfindən iş materiallarında olan sənədlərə sübut kimi qiymət verilərək müəyyən edilmişdir ki, şikayətçi barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən qanun pozuntusuna yol verməmiş, bütün prosedurlar qanunvericiliyin tələbinə uyğun həyata keçirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X2 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə o, qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət təmin edilməməli və Tovuz RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-217/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-217/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver