Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-223/2025 14.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Tovuz rayonu Azaflı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (FİNxxxxxxx) barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN №2089962 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-920/2023 nömrəli icra vərəqəsinə görə cavabdeh Şəxs Yaşar və Rinat adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X1 ödənilməsi qət edilmiş, lakin Şəxs icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Şəxs tərəfindən demək olar ki, hər ay tam olmasa da qismən ödəniş edilir. Hətta keçən 160 manat məbləğdə ödəniş edilmişdir. Tələbkarın davamlı şikayət etməsi və ödənişi tələb etməsi səbəbindən hazırki inzibati xəta haqqında protokolu tərtib edərək məhkəməyə təqdim etmişdir. Şəxs rəsmi iş yeri olmamaqla adına hər hansı daşınmaz əmlak və ya avtomobil aşkar edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, icra vərəqəsinin icrasından boyun qaçırmır. Maddi imkanı olmadı üçün aylıq göstərilən məbləği tam ödəyə bilmir. Lakin hər ay imkanı çatan qədər ödəniş edir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-920/2023 nömrəli icra vərəqəsinə görə cavabdeh Şəxs Yaşar və Rinat adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X1 ödənilməsi qət edilmiş “İcraata başlama haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-920/2023 nömrəli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və qərar tələbin könüllü icrası haqqında bildirişlə Şəxs göndərilmişdir. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədini müəyyən edilmiş vaxt ərzində icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, iş materiallarından və məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs iş yerinin olmaması, adına qətnamənin icrasını təmin edə biləcək hər hansı əmlakın olmaması və həmin məbləğdən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini tam olmasa da, tələbkara maddi imkanının yol verdiyi məbləğdə ödəniş etməsi faktı öz təsdiqini tapmışdır. Məhkəmə iclasında icra məmuru özü də təsdiq etmişdir ki, Şəxs rəsmi iş yeri olmamaqla adına hər hansı daşınmaz əmlak və ya avtomobil aşkar edilməmiş, o, qısa müddət ərzində artıq tələbkara ödənişlər etməyə başlamış, icra məmurunun özü tərəfindən hələ lazımi icra tədbirləri görülmədən tələbkarın şikayət etməsi səbəbindən inzibati xəta haqqında protokol tərtib etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, Şəxs icra vərəqəsi üzrə müəyyən edilmiş məbləği tam ödəyə bilməsə də, məhkəmə qətnaməsinin icraya yönəlməsindən keçən qısa müddət ərzində məhkəmə qətnaməsinin icrası istiqamətində maddi imkanının yol verdiyi dərəcədə addım atmış borcun qalan hissəsini də hissə-hissə ödəyəcəyini bildirmişdir ki, belə olan halda şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi üçün Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, ona dövlət tərəfindən ödənilən müavinət məbləğinə tutulmaların yönəldilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Həmin Qanunun 63.1.3-cü maddəsinə əsasən tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Hazırki halda işin hallarından görünür ki, icra məmuru icra vərəqəsi üzrə müəyyən edilmiş məbləğin ödənilməsi istiqamətində qanunla nəzərdə tutulmuş məcburi icra tədbirlərini görmədən, həmin məbləğin ödənilməsi üçün səmərəli addımlar atmağa cəhd belə göstərmədən (borclu şəxs iş tapması üçün məşğulluq orqanında qeydiyyata durmaq hüququnun izah edilməsi və s.) zərərçəkmiş şəxsin narazılıqlarının qarşısını almaq üçün inzibati xəta haqqında protokol tərtib etmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, yuxarıda göstərilənlərə əsasən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi andan 10 gün müddətinə işə baxan Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-223/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-223/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver