Məhkəmə qərarları › İş №3(062)-226/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-226/2024

19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-226/2024 19.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Tovuz Rayon Prokurorluğunun nümayəndəsi X2 və Barəsində inzibati icraat aparılan Şəxs QSC-nin nümayəndəsi (vəkil) X1 iştirakı ilə, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Tovuz rayon prokuroru baş ədliyyə müşaviri X16 tərəfindən Şəxs QSC-nin barəsində xx.xx.2024-cü il tarixli qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və qərar tənbeh tədbirin tətbiq olunması məsələsinə baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Qərarda qeyd olunmuşdur ki, hüquqi şəxs Şəxs QSC (VÖEN **********) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X5, X17, X18, X19, X6 və X20 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz Rayon Prokurorluğunun nümayəndəsi X10 izahatında göstərdi ki, elektron prokurorluq informasiya sistemindən xx.xx.2024-cü il tarixdə əldə edilmiş məlumatlarla müəyyən olunmuşdur ki, Şəxs QSC-nin vergi ödəyicisi eyniləşdirmə nömrəsi **********-dir. Cəmiyyət digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri həyata keçirir. Cəmiyyətin təmsilçisi X8r. X23, X11 və X24 ilə Şəxs QSC arasında heç vaxt əmək müqaviləsi bağlanmamışdır. Lakin, X12, X25 və X26 ilə Şəxs QSC arasında xx.xx.2022-ci il tarixdə əmək müqavilələri bağlanmış, həmin müqavilələrə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Şəxs QSC-nin əlaqə məlumatları olan hüquqi şəxsin qeydiyyatda olduğu ünvana və direktor X7 qeydiyyatda olduğu ünvana dəfələrlə direktorun və ya etibarnamə üzrə nümayəndənin izahatının alınması ilə bağlı teleqram vurulmasına baxmayaraq, heç kəs izahat vermək üçün rayon prokurorluğuna gəlməmişdir. Sonuncu teleqram üzrə Hüseynova soyadlı şəxs xx.xx.2024-cü il tarixdə teleqramı aldığını xəbərnamə ilə təsdiq etmişdir. Eyni qayda da Cəmiyyətin elektron poçt ünvanlarına izahatın alınması ilə bağlı köməklik göstərilməsi ilə əlaqədar məktublar göndərilsə də, məktublara heç bir halda cavab verilməmişdir. Cəmiyyətin elektron poçt ünvanı olan mailto:muhasib@enerjiconstruction.az-danElektron ünvan xx.xx.2024-cü il tarixdə daxil olmuş 008/24 nömrəli məktubda göstərilmişdir ki, Cəmiyyətin Tovuz rayonu, Qovlar şəhəri layihələri yekunlaşmışdır, hal-hazırda Yuxarı Öysüzlü kəndi layihələrində tamamlanma işləri yerinə yetirilir. Məktubda qeyd edilmiş X11, X26, X25, X24, X12 və X23 Şəxs QSC-də çalışmamışlar və həmin hüquqi şəxs ilə heç bir əlaqələri yoxdur. Hansı ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətindən xx.xx.2024-cü il tarixdə daxil olmuş 3-17-5/2-12257/2024 nömrəli məktubla müəyyən edilmişdir ki, X26, X12 və X25 ilə Şəxs QSC arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqavilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndində (tərəflərdən birinin təşəbbüsü ilə) xitam edilmişdir. X23, X11 və X24 ilə Şəxs QSC arasında heç vaxt əmək müqaviləsi bağlanmamışdır. Halbuki, adları çəkilən şəxslər müəyyən müddətdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Belə ki, Adil Hüseynov və Elman Aydınov izahat alınan tarixdə də mühafizəçi vəzifəsində işlədiklərini bildirmiş, Eldəniz Hüseynov isə xx.xx.2024-cü ildə Şəxs QSC-dən işdən ayrıldığını bildirmişdir. Göründüyü kimi üquqi şəxsin inzibati məsuliyyətə cəlb edilmə üçün materiallar məhkəməyə təqdim edilmişdir. Qeyd olunanlara əsasən Şəxs QSC barəsində müvafiq inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs QSC-nin nümayəndəsi (vəkil) X9 izahatında göstərdi ki, təmsil etdiyi hüquqi şəxs barəsində inzibati xəta haqqında icraatın başlaması əsassız olmuşdur. Belə ki, prokurorluğa şikayət etmiş və qərarda adları çəkilən şəxslər daimi olaraq Cəmiyyətin işçisi olmamışlar ki, onlarla Cəmiyyət arasında əmək müqaviləsi bağlanılsın. Həmin şəxslər müxtəlif işləri görməklə məşğul olmuşlar. Bu münasibətlərə isə əmək müqaviləsinin bağlanılması istisnadır. Çünki həmin şəxslərin göstərdiyi xidmətlər podrat, tapşırıq, və.s digər mülki hüquqi müqavilələrdən qaynaqlanmışdır. Prokurorluq orqanı nəzərə almamışdır ki, Əmək Məcəlləsinin 6-cı maddəsinə görə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. Bunu müraciət edən şəxslərin özləri də təsdiq edəcəklər. Digər tərəfdən prokurorluq orqanının inzibati icraat başlaması “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2- 3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına da zidd olmuşdur. Həmin qərar üzrə hazırki işin halları təhlil edilən zaman müəyyən olar ki, təmsil etdiyi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Qərarda qeyd olunan işin halları ilə hazırki işin halları eynidir. Bundan başqa müraciət edən şəxslərin prokurorluq orqanına verdiyi izahatlar təhrif edilmişdir. Belə ki, onların şahid kimi məhkəmə iclasında verdiyi izahatlar daha inandırıcı və işin hallarına uyğundur. Buna baxmayaraq prokurorluq orqanı izahatları inzibati xəta haqqında icraatın başlaması yönündə qeyd etmişdir. Hesab edir ki, inzibati icraatın başlaması üçün əsaslar olmamışdır. Odur ki, iş üzrə icraata inzibati xəta tərkibi olmamağı əsası ilə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən zaman X23 göstərdi ki, Şəxs QSC tərəfindən Tovuz rayonu ərazisində və Qovlar şəhərində aparılan elektrik yarımstansiyalarının tikintisində baş usta kimi çalışmışdır. Günəmuzd işləmişdir. Zəhmət haqqı gördüyü işə uyğun olaraq günlük 30 manat olmaqla ödənilmiş və ay ərzində 2-3 dəfəyə verilirmiş. Pul şirkət tərəfindən ona məxsus bank kartına köçürülürmüş. Son vaxtlar günəmuzd olaraq ödənilməli olan zəhmət haqları bir aydan çox gecikdirildiyi üçün X11 müvafiq orqana şikayət etmişdir. Tovuz rayon Prokurorluğunda da bu formada izahat versə də, onun izahatı təhrif edilmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən zaman X26 göstərdi ki, Şəxs QSCnin tikinti işləri apardığı ərazi onun yaşadığı evin yaxınlığı olduğu üçün qardaşı və özü onların nümayəndəsinə yaxınlaşmışdır ki, gündəlik iş olsa onlar işləsinlər. Fəhlə kimi arada gündəlik işləsin və ona uyğun zəhmət haqqı alsınlar. Habelə, onun evi yaxın olduğu üçün təklif etmişlər ki, gecələr materiallara gözətçilik etsin və qarşılğında günə 15 manat verəcəklər. Bu təklif ona uyğun olduğundan razılaşmışdır. Son vaxtlar bir miqdar alacağı olsa da, hamısını ona ödəmişlər. İşlədiyinin əvəzi olaraq pulu Namiq ona ödəyirmiş. Prokurorluqda da bu formada izahat vermişdir. Əlavə olaraq onu da göstərdi ki, latın əlifbasında oxuya bilmir. Məhkəmə iclasında şahid qismində izahat verən zaman X12 göstərdi ki, Şəxs QSC tərəfindən Tovuz rayonu ərazisində və Qovlar şəhərində aparılan elektrik yarımstansiyalarının tikintisində fəhlə kimi işləmişdir. Günəmuzd olaraq çalışmış və günlüyü 20 manat olmuşdur. Gördüyü işin əvəzi kimi zəhmət haqqını ay ərzində 2-3 dəfəyə alırmış. Şirkətin ona hər hansı verəcəyi yoxdur. Bütün zəhmət haqqının əvəzini almışdır. Tovuz rayon Prokurorluğunda da bu formada izahat vermişdir. Məhkəmə iclasında şahid qismində izahat verən zaman X24 göstərdi ki, Şəxs QSC tərəfindən Tovuz rayonu ərazisində və Qovlar şəhərində aparılan elektrik yarımstansiyalarının tikintisində fəhlə kimi günü 20 manata işləmişdir. Daimi olaraq işləməmiş, lakin iş olandan-olana getmişdir. Pulu əlbəəl almışdır. Onunla rəsmi əmək müqaviləsi bağlanmamışdır. Zəhmət haqqını ay ərzində 2-3 dəfəyə almışdır. Son bir ay ödəmələrdə gecikmə olduğu üçün şikayət etmişlər. Bütün zəhmət haqqı ödənilmişdir. Tovuz rayon Prokurorluğunda da bu formada izahat vermişdir. Məhkəmə iclasında şahid qismində izahat verən zaman X11 göstərdi ki, Şəxs QSC tərəfindən Tovuz rayonu ərazisində və Qovlar şəhərində aparılan elektrik yarımstansiyalarının tikintisi zamanı özü mürcaiət edərək fəhlə kimi işləmək istəyini bildirmişdir. Onun təklifini nəzərə almış və fəhlə kimi işləməsinə icazə vermişlər. Günə 20 manata fəhlə kimi işləmişdir. Yəni günəmuzd olaraq. Ümumi 5-6 ay işləmişdir. İş daimi olmamış, yalnız arada işə çağırılmış və gördüyü işə görə zəhmət haqqı almışdır. Cəmi hissə-hissə 740 manat almışdır. Pulu Namiq ona ödəmişdir. Pulunu tam ödəmədikləri üçün şikayət etmişdir. Hazırda ona ödəniləcək bütün pul vəsaiti verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş qərarı iş materialları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, Şəxs QSC qeyd olunan maddə üzrə inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində göstərilmişdir ki, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 22.2-ci maddəsində təsbit edilmişdir ki, hüquqi şəxslər barəsində xəbərdarlıq, inzibati cərimə və inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növləri tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında qərar və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs QSC-nin direktoru X21 Cəmiyyətin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər - X11, X26, X25, X24, X12 və X13 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini həyata keçirmişdir. İşin qeyd olunan halları prokurorluqda araşdırma aparılan zaman alınmış izahatlar ilə təsdiqin tapmışdır. Belə ki, araşdırma zamanı izahatı alınan X11 göstərmişdir ki, Tovuz rayonu, Qovlar şəhərində və Yuxarı Öysüzlü kəndi ərazisində tikintisi aparılan elektrik yarımstansiyasında əmək müqaviləsi olmadan təqribən iki ilə yaxın fəhlə vəzifəsində işləmişdir. Əmək haqqı verilmədiyi üçün 08 fevral 2024-cü il tarixdən işə getməkdən imtina etmişdir. 14 fevral 2024-cü il tarixdə elektrik yarımstansiyasında briqada rəhbəri vəzifəsində işləyən X23 tərəfindən əmək haqqı tam ödənilmişdir. Araşdırma zamanı izahatı alınan X26 göstərmişdir ki, Tovuz rayonu, Qovlar şəhərində tikintisi aparılan elektrik yarımstansiyasında gündüz növbəsində əmək müqaviləsi olmadan mühafizəçi vəzifəsində işləyir. Əmək haqqı ödənilmədiyi üçün hüquqi şəxsin ona 1460 manat borcu vardır. Araşdırma zamanı izahatı alınan X25 göstərmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Tovuz rayonu, Qovlar şəhərində tikintisi aparılan elektrik yarımstansiyasında gecə növbəsində mühafizəçi vəzifəsində işləyir. QSC-nin onunla əmək müqaviləsi bağlamasından heç bir məlumatı yoxdur. Əmək haqqı ödənilmədiyi üçün hüquqi şəxsin ona 1150 manat borcu vardır. Araşdırma zamanı izahatı alınan X12 göstərmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Tovuz rayonu, Qovlar şəhəri və Yuxarı Öysüzlü kəndi əraizisində tikintisi aparılan elektrik yarımstansiyalarında əmək müqaviləsi olmadan fəhlə vəzifəsində işləmişdir. 03 fevral 2024-cü il tarixdə işdən ayrılmışdır. Hüquqi şəxsin ona 440 manat əmək haqqı borcu qalmışdır. Həmin QSC-də briqada rəhbəri vəzifəsində işləyən X23 tərəfindən 15 fevral 2024-cü il tarixdə saat 22 radələrində arvadı Dürdanə Hüseynovun istifadəsində olan 5243-7544-4385-8624 nömrəli "xxxx" ASC-yə məxsus debit karta 440 manat məbləğində əmək haqqı köçürülmüşdür. Araşdırma zamanı izahatı alınan X23 göstərmişdir ki, Şəxs QSC tərəfindən Tovuz rayonu, Qovlar şəhəri və Yuxarı Öysüzlü kəndi ərazisində tikintisi aparılan elektrik yarımstansiyalarında briqada rəhbəri vəzifəsində işləyir. Onunla QSC arasında əmək müqaviləsinin bağlanmasından məlumatı yoxdur. Tovuz rayonu ərazisində tikintisi aparılan elektrik yarımstansiyalarında onunla birlikdə Ramil Aydınov, Elman Aydınov, Adil Hüseynov, Elşən Babayev, Eldəniz Hüseynov işləmişdir. 14 fevral 2024-cü il tarixdə Ramil Aydınovun əmək haqqı ödənişini Qovlar şəhərində olan elektrik yarımstansiyasında nağd qaydada əlbəəl vermişdir. 15 fevral 2024-cü il tarixdə Eldəniz Hüseynovun 440 manat əmək haqqı ödənişini sonuncunun arvadı Dürdanə Hüseynovanın istifadəsində olan 5243- 7544-4385-8624 "xxxx" ASC-yə məxsus debit kartına köçürmə yolu ilə etmişdir. Araşdırma zamanı izahatı alınan X24 eyni məzmunlu izahat verərək X3, X14, X15 və X4 və X13 izahatlarında göstərdiyi xüsusatları təsdiq etmişdir. Əmək Məcəlləsinin 12-ci maddəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır (Əmək Məcəlləsinin 44-cü maddəsi). Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin maddənin 2-ci bəndinə görə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Məhkəmə hesab edir ki, Şəxs QSC inzibati qaydada məsuliyyətə cəlb edilməlidir. Yuxarıda qeyd olunduğu kimi X11, X26, X25, X24, X12 və X13 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi təsdiqin tapmışdır. Hansı ki, bu hal əmək qanunvericiliyinin pozulması olmuşdur. Məhkəmə iclasında dindirilən şahidlərin izahatlarına isə məhkəmə tənqidi yanaşmış və sübut kimi qəbul etməmişdir. Belə ki, şahidlərin izahatları isə həqiqətin aşkar edilməsinə deyil də, əldə etmək istədiyi nəticəyə çatan şəxslərin artıq onun üçün əhəmiyyətini itirmiş bir məsələ üzrə verdiyi izahatdır. Çünki onların prokurorluğa müraciəti əmək haqqının verilməməsi ilə bağlı olmuş, hazırda da şirkət tərəfindən əmək haqları onlara ödənilmişdir. Yəni onlar üçün məsələ həllin tapmışdır. Məhz buna görə ziddiyyətli izahatlar verməklə çaşqınlıq yaratmağa istiqamətlənmişlər. Bir sözlə şahidlərin izahatları mötəbər sübut kimi standartlardan kənardır. İnzibati Xətalar Məcəlləsinin 84.1 və 84.2-ci maddələrinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cəmiyyətin nümayəndəsinin adları çəkilən şəxslərin günəmuzd işləməsi bu səbəbdən əmək müqaviləsinin bağlanılmasına zərurətin olmaması dəlili ilə bağlı məhkəmə göstərir ki, bu dəlil əsassızdır. Əmək Məcəlləsinin 157.1-ci maddəsinə görə işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Vaxtamuzd işçi eyni zamanda müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas dərəcələri üzrə əmək vəzifələrini yerinə yetirdikdə, habelə müəyyən edilmiş normalardan artıq dəzgaha, maşına, aparata xidmət etdikdə, onun əməyi daha yüksək haqq verilən ixtisas (peşə) dərəcələri, tarif (vəzifə) maaşları üzrə ödənilir və əmək haqqına əlavə müəyyən edilir. İşəmuzd işçilərin əməyi görülən işin işəmuzd qiymətləri üzrə ödənilir. Təsərrüfat subyektinin hər hansı sahəsində işçilərə verilmiş ixtisas (peşə) dərəcələrdən aşağı tarif müəyyən edilmiş işlərin istehsalat xarakterinə görə işəmuzd işçilərə tapşırılarsa, həmin işləri yerinə yetirən işçilərə dərəcələr arasındakı fərq ödənilir. Əgər işçi hasilat normasını yerinə yetirərsə, lakin onun ixtisas dərəcəsi ilə yerinə yetirilən işin dərəcəsi arasında ən azı 2 dərəcə fərq olarsa, ona həmin dərəcələr arasındakı fərq ödənilir (Əmək Məcəlləsinin 160.1 və 160.2-ci maddələri). Göründüyü kimi vaxtamuzd və işəmuzd ödəmə işçilərin əməyinin ödənilməsi sistemlərindən biridir. Hansı ki, əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Burada söhbət isə işçi anlayışından gedir. Hansı ki, işçinin anlayışını verən Əmək Məcəlləsinin 3-cü maddəsinə görə işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Yəni belə bir nəticə hasil olur ki, əməyin ödənilmə sisteminin hansı olmasından asılı olmayaraq buna dair razılaşma işəgötürən ilə işçi arasında bağlanan əmək müqaviləsi üzrə tənzimlənir. Mövcud iş üzrə də belə bir əmək müqaviləsi yoxdur. Cəmiyyətin nümayəndəsinin inzibati icraatın başlanmasının «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına zidd olması dəlili ilə bağlı məhkəmə göstərir ki, bu dəlil də iş üzrə icraata xitam vermək üçün əsas deyildir. Həmin Qərarda qeyd olunmuşdur ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Hazırki iş üzrə isə müəyyən olunur ki, Şəxs QSC digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri həyata keçirir. Adları çəkilən işçilər isə məhz tikinti işlərinin görülməsi üzrə əməyə cəlb edilmişdir. Onların gördükləri iş Cəmiyyətin əsas fəaliyyət sahəsinə aid olmuşdur. Burada hər hansı mülki hüquq münasibətlərindən söhbət gedə bilməz. Odur ki, Şəxs QSC barəsində inzibati icraatın başlaması əsaslı olmuşdur. Əmək qanunvericiliyinin pozulmasından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. (İnzibati Xətalar Məcəlləsinin 31.1 və 31.3-cü maddələri). Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18.5, 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs QSC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar