Məhkəmə qərarları › İş №3(062)-232/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-232/2024

02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-232/2024 02.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə xx.xx.1978-ci il tarixdə Tovuz rayonu Qalaboyun kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, öz deməsinə görə əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, Tovuz rayonu Qalaboyun kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində sürücülük hüququ əsasında “Mercedes C” minik markalı, ** DB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Tovuz rayonu Sofular kəndi ərazisində idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində sürücülük hüququ əsasında “Mercedes C” minik markalı, ** DB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Tovuz rayonu Sofular kəndi ərazisində idarə edərkən qarşısına iribuynuzlu heyvan çıxmış, o, heyvanı vurmamaq üçün sükanı sağa tərəf çəkmiş, avtomobilin sağ tərəfi daşlığa düşdüyündən sürüşərək qarşı hərəkət zolağına çıxaraq hərəkətdə olan “Niva” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “Niva” markalı avtomobilin sürücüsü X2 xəsarət almışdır. Hazırda əməlindən peşmandır. Qeyd olunanlara əsasən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 göstərdi ki, o, xx.xx.2024cü il tarixdə, saat 14 radələrində sürücülük hüququ əsasında “Niva” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Tovuz rayonu Sofular kəndi ərazisində idarə edərkən anidən qarşısına “Mercedes C” minik markalı, ** DB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi çıxmış, ara məsafəsi az qaldığından o, hadisənin qarşısını ala bilməmiş və avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı o, xəsarət almışdır. Odur ki, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-in 327.2 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan: Cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə inzibati tənbeh görülməsi üçün qərarın surətinin Tovuz RPŞ-nin X6 bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 113 nömrəli rəyindən görünür ki, X1 bədən səthində aşağıdakı xəsarətlər vardır. Sağ əl nahiyəsinin həmin əldə hərəkət məhdudluğu ilə müşayiət edilən qançır-şişkinliyi küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materialları ilə müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində sürücülük hüququ əsasında “Mercedes C” minik markalı, ** DB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Tovuz rayonu Sofular kəndi ərazisində idarə edərkən qarşısına iribuynuzlu heyvan çıxmış, o, heyvanı vurmamaq üçün sükanı sağa tərəf çəkmiş, avtomobilin sağ tərəfi daşlığa düşdüyündən sürüşərək qarşı hərəkət zolağına çıxaraq hərəkətdə olan “Niva” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “Niva” markalı avtomobilin sürücüsü X2 xəsarət almışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar