Məhkəmə qərarları › İş №3(062)-233/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-233/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-233/2024 22.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsinin nümayəndəsi X3 iştirakı ilə X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: X5 barəsində Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün xx.xx.2024-cü il tarixdə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən “040 Avto Elektrik” adlı obyektin sahibkarı X5 tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi aşkar edilmiş, X5 tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati protokol tərtib edilmiş şəxs X4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Nemət Qəfərov məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, X1 rayonu Aşağı Quşçu kəndində 15 mart 2024-cü il tarixdə açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmişdir. Bununla da X5 tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Odur ki, onun barəsində inzibati qaydada tənbeh tədbiri görülməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsi tərəfindən X4 ünvanlanmış xx.xx.2024-cü il tarixli yazılı göstərişdən görünür ki, ondan Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən “040 Avto Elektrik” adlı obyektin üzərində yayımladığı reklamlarla bağlı İdarəyə müraciət etməsi tələb edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşqul olan X5 (VÖEN **********) tərəfindən Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən “040 Avto Elektrik” adlı obyektdə açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi aşkar edilmişdir. Məhkəmə X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tərtib edilmiş protokolu iş materialları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, X5 qeyd olunan maddə üzrə inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan X2 (VÖEN **********) Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən “040 Avto Elektrik” adlı obyektində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi aşkar edilmişdir. Bununla da X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydalarının 2.1-ci bəndində qeyd olunmuşdur ki, açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İXM-nin 31.1 və 31.2-ci maddələri). Məhkəmə iclası zamanı inzibati xəta törətmiş vəzifəli şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18.5, 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: X5 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək vəzifəli şəxs qismində 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar