Məhkəmə qərarları › İş №3(062)-24/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-24/2024

10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-24/2024 10.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxxx 1998-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Alakol kəndində qeydiyyatda olan və yaşayan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzbati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 24 iyul 2023cü il tarixli, 2 (062)-1688/2023 saylı icra vərəqəsinə əsasən 1665 manat məbləğində pulun və dövlət rüsumu hesabına ödənilmiş 36 manat 65 qəpik pulun alınaraq X3 verilməsi barədə icra vərəqəsi üzrə yaranmış borcunu ödəməmişdir. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında göstərdi ki, Şəxs Tovuz Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2 (062)-1688/2023 saylı icra vərəqəsinə əsasən 1665 manat məbləğində pulun və dövlət rüsumu hesabına ödənilmiş 36 manat 65 qəpik pulun alınaraq X3 verilməsi barədə icra vərəqəsini icra etməkdən üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Hazırda Şəxs borcu 1301,65 (min üç yüz bir manat altmış beş qəpik) manat təşkil edir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzbati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, borcu var. Fəhlə işləyir. Borcundan davamlı olaraq ödəmələr edir. Ümumilikdə 400 manat pul ödəmişdir. Maddi imkanı olduqca borcundan daha çox ödəmələr edəcək. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Şəxs borcundan hissə-hissə olmaqla 400 manat ödəniş etmişdir. Yaxın müddət ərzində yenə də ödəmə etmək istəyir. Əvvəllər Şəxs pulu ödəməmək üçün ona şər atmışdır. Lakin hazırda pulu ödəmək fikri var. Ona görə də məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzbati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərarından çıxarışa əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, inzibati materiala əlavə olunmuş sənədlərlə də müəyyən olunur ki, Şəxs borcundan inzbati qaydada həbs olunduğu tarixdən yəni 17 oktyabr 2023-cü il tarixdən sonrakı müddət ərzində 140 manat, 160 manat və 100 manat olmaqla ümumilikdə 400 manat ödəmə etmişdir. Ödənişlər etməyə başlaması Şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmadığının göstəricisidir. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri, bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar