Məhkəmə qərarları › İş №3(062)-240/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-240/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-240/2024 29.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar qəbul edilmiş şəxs X11 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X11 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərar ilə 700 manat məbləğdə cərimə edilmişdir. Qərarın çıxarılmasına əsas X10 və qeyrilərinin əmək haqqı almaması və son haqq-hesablarının ödənilməməsi ilə bağlı şikayətləri olmuşdur. Hansı ki, hüquqi şəxsin direktoru olsa da, şikayət edən şəxsləri işə o qəbul etməmişdir. Yəni onların işə qəbul və işdən çıxarılma əmrlərini başqa şəxs vermişdir. Müəssisənin təsisçilərindən biri olsa da, işəgötürən başqa şəxsdir. Bundan başqa həmin şəxslərin şikayət etdikləri dövrdə əmək məzuniyyətində olmuşdur. Onun işçiləri işdən çıxarma kimi səlahiyyətinin olmadığı üçün bu barədə müvafiq əmrləri imza etməmişdir. Qərar qəbul edən orqan araşdırmamışdır ki, həmin şəxslər ilə onun arasında əmək münasibətləri olmamışdır. Bundan başqa qərarın müəyyən etdi hissəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi olduğu kimi köçürülmüş, konkret əməl göstərilməmişdir. Odur ki, hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X12 şikayətin dəlillərini qəbul etmədi və izahatında göstərdi ki, barəsində qərar qəbul edilmiş şəxs haqqında müxtəlif işçilərdən şikayətlər edilmişdir ki, əmək haqqıları verilməmiş, habelə, işdən çıxarılan zaman son haqq-hesab ödənilməmişdir. Bu səbəbdən «X25» MMC-nin direktoru X11 haqqında inzibati araşdırılma başlanmışdır. Özünə məlumat verilsə də, iştirak etməmişdir. İşçilərin etdiyi şikayətlər təsdiqin tapdığı üçün mübahisələndirilən qərar qəbul edilmişdir. Əlavə olaraq göstərdi ki, direktor kimi X11 elektron portalda qeyd edildiyindən həmin şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Bu zaman onun məzuniyyətdə olmasının və ya işçilər ilə əmək müqaviləsini onun bağlamamasının hər hansı əhəmiyyəti yoxdur. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsi və qəbul edilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X11 lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, habelə, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərardan görünür ki, «X25» MMC-nin direktoru X1 Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğdə cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsini dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanmalıdır. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş hər hansı hüquqi qüvvəsi yoxdur. İş materialları ilə müəyyən edilir ki, mübahisələndirilən qərarın qəbul edilməsinə əsaslar ondan ibarət olmuşdur ki, «X25» MMC-nin işçiləri olmuş X10, X4, X14, X5, X6 və X8 ərizə ilə Əmək Müfəttişliyinə müraciət edərək əmək haqqlarını ala bilməmələrini göstərərək bu barədə onlara köməklik edilməsini xahiş etmişlər. Araşdırma zamanı aşkar edilmişdir ki, «X25» MMC-nin sərəncamverici direktoru X9r. Müraciətlər təsdiqini tapdığı üçün direktor vəzifəli şəxs kimi mübahisələndirilən qərar ilə cərimə edilmişdir. Qanunvericinin Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə verdiyi anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Bununla da qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun təyin etdiyi müəssisə rəhbərlərini işəgötürən olaraq qəbul edir. Hazırki iş üzrə şikayət vermiş şəxs özünün işəgötürən olmamasını, habelə, həmin işçilərin işdən çıxarılan zaman əmək məzuniyyətində olmasını əsas gətirərək qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, bu dəlillər qəbuledilən deyildir. İlk növbədə ona görə ki, X11 «X25» MMC-nin sərəncamverici direktoru kimi göstərilir. Yəni direktor olaraq onun tərəfindən işçilərinin hüquqlarının müdafiəsinin həyata keçirilməsi qanunla üzərinə düşən vəzifədir. Digər tərəfdən direktorun əmək məzuniyyətində olması işçilərin hüquqlarının pozulması ilə nəticələnməməlidir. Hansı ki, X11 vəzifəli şəxs hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə müvafiq olaraq, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Nəzərə almaq lazımdır ki, hüquqi şəxsin bir işçisinin, vəzifəli şəxsinin hüquqazidd əməllərinin qarşısı digər vəzifəli şəxsləri tərəfindən alına bilər. Belə ki, hüquqi şəxsin məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən inzibati xətanın törədilməsi zamanı həmin Məcəllənin 18.2.1-18.2.4-cü maddələrində qeyd edilən şəxslərin buna yol verməsi, qarşısını almaması, təqsirkarın fəaliyyətinə lazımi nəzarəti aparmaması nəticəsində yaranır. Şikayətin qəbul edilmiş qərarın qeyri-müəyyən olması dəlili ilə bağlı məhkəmə göstərir ki, bu dəlil də qəbuledilən deyildir. Çünki, İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi əmək qanunvericiliyinin pozulması hallarına şamildir. Şəxsə tətbiq edilən normada isə yəni həmin Məcəllənin 192.4-cü maddəsi işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslərin məsuliyyətini nəzərdə tutur. Mövcud işdə isə işçilərin əmək haqqlarının ödənilməməsi halı mövcuddur ki, bu da yuxarıda göstərilən normanın təsir dairəsinə düşür və xətanın subyekti kimi vəzifəli şəxsdən bəhs edilir. Əmək Məcəlləsinin 9-cu maddəsinin «d» bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq işçilərin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 154-cü maddəsinə görə əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Məhkəmə sadalanan hüquq normalarını işin halları əsasında hüquqi qiymətləndirərək hesab edir ki, qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur. Şikayətin dəlilləri heç bir sübuta söykənməyən əsassız mülahizələrdir. İnzibati orqanın gördüyü tədbirlər qanun daxilində edilən və hüquqi əsaslara söykənən qanundan doğan tələblərdir. Hansı ki, «X25» MMC-nin sərəncamverici direktoru kimi X11 tərəfindən bu nöqsanlar həqiqətən edilmişdir. Məhkəmə hesab edir ki, Namiq Ələsgərovun inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə o, qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirlidir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X7 verdiyi şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X11 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlansın Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar