Məhkəmə qərarları › İş №3(062)-246/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-246/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-246/2025 18.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, Tovuz rayonu Alakol kəndində qeydiyyatda olan, Şəxs, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzbati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-3251/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs dəymiş maddi zərərə görə 5861 manat pulun, 59 manat qiymətləndirmə ödənişinin və 79 manat 20 qəpik dövlət rüsumunun alınaraq X1 verilməsi qət edilməsinə baxmayaraq Şəxs icra sənədi üzrə borcunu icra məmurunun müəyyən etdiyi müddətdə yerinə yetirməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-3251/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs dəymiş maddi zərərə görə 5861 manat pulun, 59 manat qiymətləndirmə ödənişinin və 79 manat 20 qəpik dövlət rüsumunun alınaraq X1 verilməsi qət edilmişdir. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs borcunu tam ödəmədiyi üçün onun barəsində protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, borcu barədə təzəcə xəbərdar edilmişdir. Onun borcu ödəməkdən yayınmaq fikri yoxdur. Tələbkar ilə razılaşmış və 2025-ci ilin apreıl ayında borcunu tamamilə ödəyəcək. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, borcluya icra barədə xəbərdarlıq yazılsa da, həmin xəbərdarlıq barədə 18 mart 2025-ci il tarixdə borclunun izahatı alınmış, o həmin vaxt xəbərdar edilmişdir. Bundan başqa tələbkar ilə razılaşma əldə edərək 2025-ci ilin aprel ayında borcunu bağlamaq istəyi, Şəxs qərarın icrasından qərəzli şəkildə boyun qaçırmadığını göstərir. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar