Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-261/2025 01.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X2 və inzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli elektron qərardan barəsində qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək İnzibati tənbeh vermə haqqında xx.xx.2025ci il tarixli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun evi ünvan 1 ünvanında yerləşir. Həyətindən çıxış birbaşa həmin küçəyə çıxır. Həyətinin çıxışından yolun mərkəzi xəttinə məsafə 5 metrdən azdır. Onun avtomaşınının uzunluğu da təxminən beş metr təşkil edir. Avtomaşınla həyətindən çıxarkən məcburən az da olsa xətti keçmiş olur. Həmin hissədə isə evinə giriş-çıxış üçün müvafiq xətləmə aparılmamışdır. Yəni yol xətlənərkən onun evinə giriş-çıxış nəzərə alınmamışdır. Eyni zamanda qərarda göstərilmişdir ki, inzibati xəta Tovuz şəhəri S.Vurğun küçəsində qeydə alınmışdır. İnzibati xəta evinin qarşısında, yəni ünvan 1 ünvanında qeydə alınmışdır. Hesab edir ki, barəsində qanunsuz protokol tərtib edilmişdir. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu və qərarı müdafiə edərək göstərdi ki, barəsində qərar qəbul edilmiş şəxs manevr etmə qaydalarını pozaraq inzibati xəta törətmişdir. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh verilməsi haqqında xx.xx.2025-ci il tarixli EQ EQ27116480 nömrəli elektron qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində qərar çıxarılmış şəxsi dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİİ bəndinin birinci hissəsində göstərilmişdir ki, 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. İş materialları ilə müəyyən edilir ki, X3 tərəfindən “Kia Optima” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Tovuz şəhəri S.Vurğun küçəsində 1.1 üfüqi nişanlama xəttinin tələbi pozularaq inzibati xəta törədilmişdir. İşin bu halı kamera görüntüləri ilə də öz təsdiqini tapır. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində qeyd olunmuşdur ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, İlqar Cəfərovun inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə o, qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirlidir. Onun qərarın ləğvi üçün göstərdiyi xüsusatlar barəsində tənbeh tədbiri tətbiq edilməsini aradan qaldıran hallara aid deyildir. Odur ki, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməməli və İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. X1 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərar dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-261/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-261/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver