Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-265/2025 10.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Tovuz rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Tovuz rayonu Əlimərdanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və İİ dərəcəli əlil, işləməyən, Tovuz rayonu Əlimərdanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs (xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Tovuz rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X2 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs barəsində əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olmaqda şübhəli olduğu daxil olmuşdur. Həmin tarixdə Şəxs Tovuz Rayon Polis Şöbəsinə gətirilmiş, orada uzun müddətdir narkotik istifadəçisi olduğunu etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. 1126/2025 saylı xx.xx.2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən, Şəxs sidiyində T.H.C. (marixuana) aşkar edilmişdir. Qeyd olunmuş əməlin Şəxs tərəfindən törədildiyi sübuta yetirilmişdir, onun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 206-cı maddəsi ilə inzibati məsuliyyət yaratdığından barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Şəxs məhkəmə iclasında göstərmişdir ki o, ağrılardan əziyyət çəkdiyi üçün narotik vasitədən istifadə edir. Narkotik vasitələrdən istifadə etmədikdə bu ağrılar dözülməz vəziyyətə çatır, əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 206-cı maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Məhkəmə-narkoloji ekspertiza təyin edilməsi haqqında” 01 aprel 2025-ci il tarixli qərara əsasən, Tovuz Rayon Polis Şöbəsinin icraatında olan K-1/883 nömrəli material üzrə məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” xx.xx.2025-ci il tarixli protokola əsasən, Şəxs sidiyində T.H.C. (marixuana) aşkar edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Tovuz RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 28 iyun 2005-ci il tarixli 961 HQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 1 saylı siyahısının 12-ci bəndinin “a” yarımbəndinə əsasən, qurudulmuş marixuananın çəkisi 5 (beş) qramdan yuxarı olduqda cinayət məsuliyyətinə cəlb etmə üçün əsas verir. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində göstərilmişdir ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs təqsirini etiraf edib, səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və barəsində inzibati tənbeh tətbiq edilib cərimə edilməsini qanuna müvafiq hesab edir. İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-265/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-265/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver