Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-272/2024 16.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X2 iştirakları ilə xx.xx.1998-ci ildə Tatarıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, uşaq baxçasında aşbaz işləyən, öz deməsinə görə əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, Tovuz rayonu Dondar Quşçu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1764/2023 saylı icra sənədi üzrə X2 uşaqlarla ünsiyyətinə maneə yaratmışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 bildirdi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1764/2023 saylı icra sənədinə əsasən Şəxs yanında olan xx.xx.2019-cu ildə anadan olmuş X6 və xx.xx.2021-ci ildə anadan olmuş X4 adlı uşaqlarla X2 ünsiyyətinə Şəxs tərəfindən törədilən maneənin aradan qaldırılması qət edilmişdir. İcra sənədi üzrə qanuna müvafiq olaraq icraata başlanılmış və zəruri icra tədbirləri həyata keçirilmişdir. Şəxs icra sənədini icra etsə də son zamanlar icra sənədinin icrasından boyun qaçırır. Belə ki, o uşaqların babası ilə görüşüb ünsiyyətdə olmalarına maneə yaradır. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1764/2023 saylı icra sənədi üzrə o, uşaqlarını babası ilə ünsiyyətdə olmalarına şərait yaratmış, hər həftənin şənbə və bazar günləri babasının evinə getmələrinə icazə vermişdir. Lakin son zamanlar o, uşaqlarını geri götürərkən uşaqların üstünün çirkli və natəmiz olduğunu görmüşdür. Bundan sonra uşaqlar xəstələnmiş və o, müalicə üçün həkimlərə getmişdir. Bu səbəbdən son zamanlar o, uşaqları babasına verməmiş və ünsiyyətdə olmalarına maneə yaratmışdır. Uşaqların atası şəhid olandan sonra onlar travma alıblar. Uşaqlar körpədir. İstəyirəm ki, bir az böyüsünlər. 12 yaşları olduqdan sonra babası ilə görüşmələri daha uyğundur. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X5 bildirdi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(062)-1764/2023 saylı icra sənədinə əsasən Şəxs yanında olan xx.xx.2019-cu ildə anadan olmuş X6 və xx.xx.2021-ci ildə anadan olmuş X4 adlı uşaqlarla onun ünsiyyətinə Şəxs tərəfindən törədilən maneənin aradan qaldırılması qət edilmişdir. O, hər həftə sonu nəvələrini evinə gətirmiş, uşaqlarla ünsiyyətdə olmalarına maneə yaradılmamışdır. Lakin son zamanlar Şəxs uşaqların onun evinə aparılmasına icazə verməmişdir. Səbəb isə uşaqlara baxılmaması, uşaqların geri verilərkən paltarlarının çirkli olması və natəmiz olmaları olmuşdur. Halbuki o, uşaqlara özü tərəfindən əlavə paltarlar almışdır. Bundan sonra o, icra sənədinin icra olunması üçün icra məmuruna müraciət etmiş, Şəxs onun nəvələri ilə ünsiyyətdə olmalarına maneə yaradıldığını bildirmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində qanuna müvafiq olaraq tədbir görülməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1764/2023 saylı icra sənədinə əsasən Şəxs yanında olan xx.xx.2019-cu ildə anadan olmuş X6 və xx.xx.2021-ci ildə anadan olmuş X4 adlı uşaqlarla X2 ünsiyyətinə Şəxs tərəfindən törədilən maneənin aradan qaldırılması qət edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və tələbkarı dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Şəxs məhkəmə iclasında verdiyi izahatından müəyyən edilir ki, o icra sənədinin icrasına hər hansı səsbə olmadan maneə yaradır. Bunu uşaqların baxımsız vəziyyətdə ona qaytrarılması ilə əlaqələndirir. Bundan başqa da o izahatında göstərmişdir ki, uşaqlar körpədir. İstəyir ki, bir az böyüsünlər. 12 yaşları olduqdan sonra babası ilə görüşmələri daha uyğundur. Məhkəmə qeyd edir ki, Şəxs göstərdiyi hallar üzürlü hesab edilə bilməz. Belə ki, icra sənədinin uşaqların 12 yaşlarına çatanadək icra edilməməsi uşaqlarla baba arasında bağların qırılmasına səbəb ola bilər. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Qeyd olunmalıdır ki, sözügedən icra sənədi üzrə tələb borclu tərəfindən yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə məhkəmə hesab edir ki, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növlərindən olan inzibati cərimənin təyin edilməsi inzibati xəta törətmiş şəxsin şəxsiyyətinə və işin digər hallarına uyğun olar. Həmin tənbeh növü Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi həmin İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı, onun barəsində inzibati cərimə tənbeh növü seçilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-272/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-272/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver