Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-288/2023 03.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1992-ci ildə Tovuz rayonu Böyük Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Böyük Qışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(062)-1370/2020 saylı icra sənədi üzrə yaranmış 1780 manat məbləğdə borcu ödəməkdən boyun qaçırır. Bununla da Şəxstərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 bildirdi ki, protokol tərtib olunan vaxt Şəxs borcu 1780 manat məbləğdə olmuşdur. Hazırda borcunu ayda 150 manat olmaqla tələbkara ödəcəyinə dair söz vermişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsbildirdi ki, icra sənədi üzrə bügünki tarixə 1780 manat borcu yığılmışdır. Əvvəllər tır sürücüsü işləyirdi, xeyli müddətdir ki işləmir, ona görə də borcundan ödəniş edə bilmirdi. Hazırda tələbkara 300 manat ödəniş etmişdir. Həmçinin hər ay 150 manat məbləğində ödəniş edəcəkdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qətnamənin icrası kimi borclu olduğu puldan hazırda ona 300 manat ödəniş etmişdir. Geri qalan məbləği isə ödəyəcəyi barədə onunla razılaşmışdır. Onun həbs və ya cərimə olunmasını istəmir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(062)-1370/2020 saylı icra sənədindən görünür ki, borclu Şəxs 1780 manat məbləğdə qızıl-zinət əşyalarının, olmadıqda isə onların dəyərinin alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bayramov X4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və icra məmurunu dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Hazırki iş üzrə isə məhkəmə göstərir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs qətnamə üzrə 300 manat ödəniş etmişdir. Həmçinin zərərçəkmiş ondan şikayətçi deyildir. Öz aralarında razılaşaraq borcun hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. İnzibati məsuliyyətin əsaslarından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Adıçəkilən Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən 8-ci maddəsində qeyd olunmuşdur ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). Beləliklə, məhkəmə hesab edir ki, materialda olan sənədlərə əsasən Şəxs qətnamə üzrə borcunu qərəzli olaraq ödəməkdən yayınmasını müəyyən etmək mümkün deyildir. Əksinə onun icra sənədi üzrə icra etdiyi ödənişlərin olması qərəzlilik faktını təkzib edir. Həmçinin zərərçəkmişin ondan şikayət və tələbi yoxdur. Odur ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-288/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-288/2023
03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver