Məhkəmə qərarları › İş №3(062)-296/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-296/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-296/2025 01.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Tovuz rayon prokurorunun köməkçisi X4, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X7 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərardan barəsində qərar qəbul edilmiş şəxs X13 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X13 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, anası X2 mülkiyyətində ünvan 1 ünvanında yerləşən, təyinat növü yaşayış məntəqəsi torpağı olan torpaq sahəsi vardır. Həmin torpaq sahəsində ümumi sahəsi 1181,3 kv.metr olan tikili mövcuddur. Həmin torpaq sahəsində abadlaşdırma işləri apararkən çıxarılması məcburi olan bir neçə ağacın kəsilməsi zərurəti yarandığından anası 2 saylı Regional Ekologiya və Təbbi Sərvətlər idarəsinə müraciət etmiş, idarənin əməkdaşları tərəfindən əraziyə baxış keçirilmiş, lakin ağacların kəsilməsi təmin edilməmişdir. Bu səbəbdən anası şəhid ailəsi olaraq Tovuz Rayon İcra Hakimiyyətində olmuş, Niftalı adlı əməkdaşın göstərişi ilə Tovuz Mənzil Kommunal X3 müdirinin iştirakı ilə həmin birliyin işçisi X11 tərəfindən qeyd olunan ağaclar kəsilmişdir. O, sadəcə olaraq mülkiyyətçinin oğlu olaraq orada olmuşdur. Tovuz rayon prokuroru tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmiş, qərar və toplanmış material baxılması üçün aidiyyəti üzrə göndərilmişdir. Qərarda onun izahatı təhrif olunmuş, qeyd edilmişdir ki, guya ağaclar onun tərəfindən kəsilmiş, halbuki ağacı kəsən şəxs fəhlə olmuşdur. xx.xx.2025-ci il tarixdə ona məlum olmuşdur ki, onun iştirakı olmadan xx.xx.2025-ci il tarixdə barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar çıxarılmış, o Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 manat miqdarında cərimə edilmişdir. Hesab edir ki, qərar qanunsuz və əsassızdır. Belə ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məktubundan da göründüyü kimi idarənin əməkdaşları kəsilmiş ağacların oduncaq hissəsinə baxış keçirmiş və baxış zamanı ağacların quru olduğunu müəyyən etmişlər. Buna baxmayaraq, barəsində yaş ağacların kəsilməsi ilə bağlı protokol tərtib edilərək qərar qəbul edilmişdir. Halbuki, ağacların quru və ya yaş olması ilə bağlı ekspertiza keçirməmişlər, özlərinin mülahizəsi ilə bu qənaətə gəlmişlər. Belə olan halda inzibati xətanın tərkibi yaranmır. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X13 şikayətin məzmununa uyğun çıxış edərək, qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 izahatında göstərdi ki, X2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin həyətində yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan torpaq sahəsində tikinti, abadlaşdırma işləri apararkən 2025-ci ilin fevral ayının əvvəlində 3 ədəd Şərq Çinarı və 1 ədəd Sərv cinsindən olmaqla, ümumilikdə 4 ədəd ağacı kökündən çıxarmaqla məhv etmiş, bundan başqa qeyd olunan ərazidə 2 ədəd Sərv cinsindən olan ağacın gövdəsinin qabıq hissəsini inkişafdan qalmayacaq dərəcədə zədələmiş, həmçinin 2 ədəd Şərq Çinarı ağacının budaqlarını müvafi icazə sənədi olmadan özbaşına kəsərək, inkişafdan qalmayacaq dərəcədə zədələmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunan ağaclar kökdən çıxarıldığı üçün kötüklərini müəyyən etmək mümkün olmamış və bu səbəbdən müvafiq ekspertizanın keçirilməsi mümkün olmamışdır. Odur ki, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında Tovuz rayon Prokurorluğunun etibarnamə üzrə nümayəndəsi İİ dərəcəli hüquqşünas X9 şikayətin əsassız olduğunu bildirərək rədd edilməsini təklif etdi. Belə ki, “www.earth.google.com” web saytına baxış keçirilmiş, ünvan 1 ünvanında yerləşən X2 xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsi müəyyən edilmiş, qeyriyaşayış sahəsinin həyətində olan ağaclara nəzər saldıqda bütün ağacların yaşıl olması müəyyən edilmiş və həmin sahədə quru ağaclar müəyyən edilməmişdir. Odur ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 2018-ci ildən onun adına rəsmiləşdirilib və hazırda onun mülkiyyətindədir. Onun yaşı çox olduğundan həmin ərazidə tikinti-bərpa işlərinin görülməsinə nəzarəti oğlu X10 tapşırmışdır. Həmin ərazidə qurumuş ağaclar var və orada yaşayan insanlar üçün təhlükə yaradırdı. Ona görə də 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və Tovuz Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətdən sonra Tovuz İHB-nin müavini Niftalı Qasımov MKTİB-nin müdiri X14 və bir nəfər işçini ağacların kəsilməsi üçün həmin əraziyə göndərmiş və qeyd olunan qurumuş ağaclar kəsilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərdi ki, o, rəsmi olaraq Tovuz MKİB-də fəhlə işləyir. 2025-ci ilin fevral ayının əvvəllərində Tovuz MKİB-nin müdiri X14 onun mobil telefonuna zəng edərək Tovuz Rayon İcra Başçısının müavini Niftalı Qasımovun tapşırığı ilə Tovuz şəhəri M.Əzizbəyov küçəsində yerləşən köhnə “Şəfəq” kinoteatrının qarşısındakı qurumuş ağacların kəsilməli olduğunu bildirmişdir. O, həmin gün Zöhrab Əhmədov ilə birlikdə həmin yerə gəlmiş, özünü mülkiyyət sahibi kimi təqdim edən X1 olan ağacları ona göstərmişdir. Həmin ağaclar quru olmuşdur. O, özü ilə apardığı yanacaqla işləyən mişarı (matapila) işə salıb ağacları kəsmək istəmiş, lakin matapila işə düşməmişdir. Belə olduqda o, Rəhmana ağacları kəsmək üçün mişar və köməkçi gətirməsini demişdir. Bundan sonra Rəhman gedib bir nəfər fəhlə gətirmişdir. Rəhman yanacaqla işləyən mişarı (matapila) həmin üç ədəd qurumuş köküstündə olan olan ağacları özü ilə gətirdiyi fəhləyə kəsdirmişdir. O, kəsilmiş ağacların avtomobilə yüklənilməsinə köməklik etmiş və daha sonra öz işinin arxasınca getmişdir. O, ağacların hara aparıldığını bilməmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarının fikirlərini dinləyib və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərara əsasən, X13 Azərbaycan Resöublikası İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə-fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, qeyd olunan ərazidə abadlaşdırma işləri apararkən X7 göstərişi əsasında 2025-ci ilin fevral ayının əvvəlində 3 ədəd Şərq Çinarı və 1 ədəd Sərv cinsindən olmaqla, ümumilikdə 4 ədəd ağac kökündən çıxarılmaqla məhv edilmişdir. Bu ağacların X7 göstərişi əsasında qanunsuz olaraq kəsilməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən X13 ağacların kökünün quru olmasını bildirsə də, o bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Ağacların kökündən çox, gövdəsi daha çox yer tutmasına baxmayaraq, ağacın kökünün gizlədilərək, gövdəsinin ərazidə saxlanılması onu deməyə əsas verir ki, şəxs özünü müdafiə etmək məqsədə ilə köklərin gizlədilməsinə nail olmuş və bununla da müvaviq ekspertizanın keçirilməsini mümkünsüz etmişdir. Yaşıllıqların istifadəsi, mühafizəsi, bərpası sahəsində yaranan münasibətlər əsasən “Yaşıllıqların mühafizəsi haqqında” Qanun, habelə Azərbaycan Respublikasının Meşə Məcəlləsinin (bundan sonra – Meşə Məcəlləsi) müvafiq maddələri ilə tənzimlənir. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, yaşıllıqlar şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. Meşə Məcəlləsinin 7-ci maddəsi ilə meşə fonduna daxil olmayan yaşıllıqların aşağıdakı növləri fərqləndirilmişdir: - xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar; - xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar; - kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər); - ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar); - məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar); - xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariyamühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar). Hazırki işdə kəsilmiş ağaclar qeyri-yaşayış sahəsində olan ağaclardır ki, bununla bağlı məhkəmə onu qeyd edir ki, yaşayış məntəqələrinin torpaqlarındakı digər yaşıllıqların, habelə xüsusi mülkiyyətdə olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki yaşıllıqların kəsilməsi (götürülməsi) məsələsinə gəlincə isə qeyd olunmalıdır ki, Meşə Məcəlləsinin 12-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşən yaşıllıqlar, qanunvericiliklə digər hallar müəyyən edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir. Göstərilən yaşıllıqlar üzərində sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan Respublikası meşə qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir. Respublika ərazisindəki yaşıllıqların (meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi mexanizmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən, yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Qaydanın 2.2-ci bəndində yaşıllıqların götürülməsinin yol verildiyi hallar müəyyən edilmişdir. Həmin Qaydanın 2.4-cü bəndinə görə, fiziki və hüquqi şəxslər bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur (“Yaşıllıqların götürülməsi Qaydası”nın 2.7-ci bəndi). Qaydanın 3.1 və 3.2-ci bəndlərinə görə isə bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir. Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin (kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir. O da göstərilməlidir ki, çoxmənzilli binaların inşası ilə əlaqədar yaşıllıqların götürülməsi məsələsi ilə bağlı normalar şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 57-ci maddəsi ilə tikinti obyektinə dair tələblər müəyyən edilmişdir. Bu tələblərdən biri yaşıllıqların qorunması ilə bağlı olub, tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatların tam və dürüst əks etdirilməsini, yaşıllıqların salınmasının mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmasını nəzərdə tutur.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair 29 noyabr 2022-ci il tarixli Qərarı) Eyni zamanda məhkəmə onu da qeyd edir ki, kəsilmiş ağaclardan 3-ü Şərq çinarıdır ki, həmin ağac növü Qırmızı kitaba düşmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Qırmızı Kitabı” haqqında Əsasnamə”yə görə, ərazilərində Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş bitki növləri olan torpaq istifadəçiləri, mülkiyyətçiləri (mülkiyyət formasından asılı olmayaraq) həmin növlərin mühafizə rejiminə əməl etməli və onların təbii törəyib artmasını təmin edən şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş və xüsusi mühafizə olunan heyvan və bitki növlərinin siyahısında olanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bildiyindən və belə bir qərar olmadan X13 işdə adı çəkilən ağacların kəsilməsinə tapşırıq verdiyindən haqlı olaraq o qanunla nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. Buna görə də X7 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2 və 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1 və 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X13 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar