Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-297/2024 22.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə "xxxx" MMC barəsində xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunmuşdur ki, "xxxx" MMC 67850 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 14100 ABİ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da xx.xx.2024-cü il tarixdə hüquqi şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankına işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, o, "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. Protokolla bağlı bildirdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankı xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolu "xxxx" MMC-nin nümayəndəsi olmadan tərtib etmişdir. Belə ki, "xxxx" MMC ilə X1 Sarl şirkəti arasında bağlanmış DR-AGK nömrəli xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərinə əsasən alınacaq mallar üçün nəzərdə tutulmuş 176000 ABİ dolları vəsaitin bir hissəsi, yəni 67850 ABŞ dolları “X5 Azərbaycan” QSC-də olan hesabından avans olaraq ödənilmişdir. Buna görə qarşı tərəfdən 53750 ABŞ dolları dəyərində mal alınmışdır. "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına xx.xx.2023-cü il tarixdə 25086,48 ABŞ dolları geri qaytarılmışdır. Qaytarma sənədində pulun təyinatını yalnız geri qaytarma kimi göstərilmişdir. “X5 Azərbaycan” QSC müqavilənin tarix və nömrəsinin qeyd edilmədiyini əsas gətirərək avansı bağlamamışdır. Bu əsassız halı aradan qaldırmaq üçün cəmiyyət X1 Sarl şirkətindən məktub almışdır. xx.xx.2024-cü il tarixli Axx/xx/2024 nömrəli məktubda 25086,48 ABŞ dolları vəsaitin xx.xx.2022-ci il tarixli DK-ACK nömrəli müqaviləyə əsasən geri qaytarıldığı göstərilmişdir. Göstərilənləri nəzərə alaraq, avans kimi görünən 14100 ABŞ dolları geri qaytarılmış 25086,42 ABŞ dolları vəsaitin hesabına bağlanmalıdır. Odur ki, "xxxx" MMC-nin barəsində tərtib olunmuş inzibati protokola baxılmasına xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati material onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə diqqətə çatdırır ki, protokol tərtib olunan zaman İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilməmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları diqqətə çatdırmağı zəruri hesab edir. İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materialları ilə müəyyən edilir ki, inzibati xəta törətmiş şəxsə protokolun surətinin təqdim edilməsi, protokol tərtib edilən zaman inzibati xəta törətmiş şəxsin iştirakının təmin edilməsi məqsədi ilə rəsmi xəbərdar edilməsinə dair sənəd (məktubların reyestri, xəbərnamə və s.) iş materiallarında mövcud deyildir. İşin bu halı isə hüquqi şəxsin inzibati xəta haqqında protokolun tərtib edilməsindən məlumatlı olmamasını və buna görə də protokolun onun iştirakı olmadan tərtib edilməsini deməyə əsas verir. Halbuki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən izahat vermək, işin materialları ilə tanış olmaq, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və digər hüquqları vardır. Lakin protokol tərtib etmiş orqan tərəfindən bu kimi tələblər gözlənilməmiş, inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş və nəticədə inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan tərtib edilməsi onun müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələlərini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş protokol geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 106 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankına geri qaytarılsın Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-297/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-297/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver