Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-313/2023 11.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi Protokol tərtib etmiş Tovuz RPŞ-si İTB-nin sahə rəisi, polis leytenantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Tovuz rayonu Dondar Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Tovuz Su-Kanal İdarəsində nəzarətçi işləyən, öz deməsinə görə əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, Tovuz rayonu Dondar Quşçu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz RPŞ-si İTBnin sahə rəisi, polis leytenantı X2 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol ona görə tərtib edimişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində ünvan 1 ünvanında kirayədə yaşadıqları evdə Şəxs arvadı Zərərçəkmiş şəxs ailə münaqişəsi zəminində mübahisə zamanı qəsdən döyərək dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Tovuz RPŞ-si İTB-nin sahə rəisi, polis leytenantı X2 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, qeyd olunmuş inzibati xətanın Şəxs tərəfindən törədildiyi sübuta yetirilmişdir, onun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş döymə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Əvvəllər da aralarında münaqişə olsa da onlar son zamanlar barışaraq birlikdə yaşamışlar. Arzunun bədəni üzərindəki xəsarətə gəldikdə isə onu deyə bilər ki, o Arzunu döyməmişdir. Arzu ilə sevişərkən ehtirasın şiddətindən onun bədəninin boğaz nahiyəsinə diş izləri salmışdır. Arzu da onun bel nahiyəsinə cırmaq izləri salmışdır. Arzu ekspertizadan keçsə də, o utandığından ekspertizadan keçməmişdir. Buna baxmayaraq ona polis şöbəsində ekspertizadan keçmək təklif edilmişdir. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Elmar dəfələrlə onu döymüş, ona şiddət göstərmişdir. Buna baxmayaraq o cəmisi 3 dəfə polis şöbəsinə şikayət etmişdir. Hər işlərinə də hazırda işə baxan hakim baxmışdır. Hətta onlar arasındakı nikah da pozulmuşdur. Elmar barədə bir dəfə də İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərətib edilmiş, məhkəmədə o onu bağışladığına görə iş üzrə icraata xitam verilmişdir. Ondan sonra Elmar bazarda onun qarşısını kəsərək ictimai yerdə döyməyə başlamışdır. Məhkəmənin qərarı ilə o bu əməlinə görə cərimə edilmişdir. O hər dəfə onu döyəndə deyir ki, məhkəmə onu onsuz da cərimə edəcək. Kimsədən çəkinmir. Sonuncu dəfə də Elmar ona ailəsinin yaşadığı evə getməsini təklif edəndə, o bununla razılaşmamışdır. Bunun üstündə onlar arasında mübahisə düşmüş və Elmar onu döyməyə başlamışdır. Odur ki, Elmarın mütəmadi olaraq ona qarşı sərt davrandığını nəzərə alaraq barəsində həbs növündə tənbeh verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Tovuz RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və X6 X7 rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 48 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni səthində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin ön səthinin sol yarısının sıyrıqları küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətə aid edildiyindən dərəcəsi təyin edilmir. İş materiallarında olan 02 sentyabr 2022-ci il tarixli 3(062)-720/2022 saylı qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, habelə zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, ekspertin rəyi, polis şöbəsində izahat vermiş şahidlərin izahatları ilə tam sübuta yetirilir. Belə ki, Şəxs izahatında göstərdiyi xüsusatlar iş materiallarındakı ekspertiza rəyini və onun özünün atasının verdiyi izahatı şübhə altına ala bilməz. Belə ki, Arzunun bədəni üzərində xəsarətlərin mövcud olması və onun Elmar tərəfindən yetirilməsi işin mübahisəsiz halıdır. Yəni, Elmarın özünün dediyinə görə xəsarət onun tərəfindən yetirilsə də, həmin xəsarət onların intim münasibətlərinin şiddətindən yaranmışdır. Yəni, ehtiras hissi altında o Arzunun sinəsini dişləmişdir. Məhkəmə onun bu izahatını inandırıcı hesab etmir. Çünki tərəflər arasında uzun müddətdir ki, mübahisə gedir və bu mübahisənin tərəflərinin belə tezliklə çılğın bir münasibətdə olması ağlabatan deyildir. Eyni zamanda belə bir intim münasibət olsa da, Arzunun həmin münasibəti dəyərləndirmək əvəzinə polis şöbəsinə şikayət etməsi də inandırıcı deyildir. Məhkəmə iclasında izahatı elan edilərək tədqiq edilmiş barəsində iş üzrə aparılan şəxsin atası X5 da izahatında göstərmişdir ki, Arzu onun gəlinidir. 26 yanvar 2023-cü ildə Arzu uşaqlarını döydüyünə görə Elmarla aralarında mübahisə düşmüşdür. Elmar Arzunu danlamışdır. Arzu da polisə məlumat verərək Elmarın onu döyməsi barədə məlumat vermişdir. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarından görünür ki, Elmar əvvəllər də eyni xətanı törətmişdir. Bu da onu deməyə əsas verir ki, o ona verimiş yüngül tənbehdən nəticə çıxarmamışdır .Ona görə də yenidən cərimə növündə tənbeh verilməsini məhkəmə işin hallarına uyğun hesab etməyərək, həbs növündə tənbeh verilməsini zəruri hesab edir. Çünki İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 11 aprel 2023-cü il tarixdən, saat 10:00-dan hesablansın. Qərаrın icrаsı Tovuz rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-313/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-313/2023
11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver