Məhkəmə qərarları › İş №3(062)-314/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-314/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-314/2025 06.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştiraklarıı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən Şəxs MMC tərəfindən 18 aprel 2025-ci il tarixdə açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi aşkar edilmiş, bununla da Şəxs MMC tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 izahat verərək bildirdi ki, qeyd olunan inzibati xəta hadisəsi baş verməmişdir. Belə ki, həmin obyektin üzərində heç bir reklam xarakteri daşıyan lövhə yerləşdirilməmişdir. Yalnız obyektin üzərində hüquqi şəxsin adı göstərilmişdir. Hesab edir ki, obyektin üzərində hüquqi şəxsin adının qeyd olunması reklam hesab olunmur. Odur ki, tərtib edilmiş protokolun icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs MMC Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən obyektdə 18 aprel 2025-ci il tarixdə açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmişdir. Bununla da Şəxs MMC tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Həmçinin onu da qeyd etdi ki, ölçüsü 1 kvadratmetrdən çox olan obyektlərin adlarının açıq məkanda yerləşdirilməsi də reklam hesab olunur. Odur ki, onun barəsində inzibati qaydada tənbeh tədbiri görülməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli yazılı göstərişdən görünür ki, Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən Şəxs adlı obyektdə açıq məkanda yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və müvafiq icazənin alınması üçün 5 gün müddətində İdarəyə müraciət etməsi tələb edilmişdir. Məhkəmə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tərtib edilmiş protokolu iş materialları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, Şəxs MMC qeyd olunan maddə üzrə inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən Şəxs MMC tərəfindən 18 aprel 2025-ci il tarixdə açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi aşkar edilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydalarının 2.1-ci bəndində qeyd olunmuşdur ki, açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parklarına, sənaye məhəllələrinə və aqroparklara münasibətdə isə hər birinin ümumi ölçüsü 20 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Göründüyü kimi obyektin adı birdən çox olduqda və ya ölçüsü bir kvadratmetrdən artıq olduqda reklam hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. (İnzibati Xətalar Məcəlləsinin 31.1 və 31.3-cü maddələri). Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18.5, 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar